Prezident: "Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar"

Prezident: "Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar" backend

"Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar.

Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

"Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir. Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev bildirib ki, bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək.

"Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq", - deyə o əlavə edib.
Diaspora