Ekspertlərdən Xramçixinə cavab: Ordumuz Qarabağa girsə...

Ekspertlərdən Xramçixinə cavab: Ordumuz Qarabağa girsə... backend

Ermənistan mediası adətən politoloqların mövqeyini həmişə siyasiləşdirilmiş formada təqdim etməyə çalışır.

Amma hesab edirəm ki, hər halda, bu dedikləri həqiqətə yaxın deyil. Ekspertlərin nə söyləməsindən asılı olmayaraq, Rusiyanın Qarabağ münaqişəsindəki münasibətini onsuz da çox yaxşı bilirik. Bu münasibət Rusiyanın illər, bəlkə də əsrlərdir formalaşmış siyasətinin nəticəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli rusiyalı hərbi ekspert Aleksandr Xramçixinin Qarabağda müharibə başlayarsa, Rusiyanın Ermənistana dəstək olmayacağını söyləməsinə münasibət bildirərkən deyib. O bildirib ki, torpaqlarımızın işğal edilməsinə yaxından köməklik göstərmiş Rusiya heç vaxt ermənilərdən dəstəyini çəkməz:

“Qarabağ münaqişəsinin həllində və mövcud status-kvonun qorunub saxlanılmasında ən böyük maneə Rusiyadır. Bu gün həm xristian dünyası, həm də Rusiya ermənilərə maddi yardımdan tutmuş mənəvi-siyasi yardıma qədər, hər cür dəstəyi göstərir və buna davam edəcək. Rusiya heç bir zaman Ermənistandan dəstəyini çəkməyəcək”.

Ekspertin sözlərinə görə, Rusiyanın əsas fikri SSRİ sərhədlərini bərpa etməkdir:

“Rusiyanın Jirinovski, Jdanovski kimi bəzi siyasiləri iddia edir ki, Cənubi Qafqaz bütünlüklə Rusiyaya birləşdikdən sonra buradakı milli münaqişələr öz real həllini tapa bilər. Hazırda Rusiyada köhnə SSRİ-ni bərpa etmək barədə xəyali fikirlər dolaşır. Rusiya Prezidenti Vladimir Putini bu məsələdə dəfələrlə tənqid ediblər.

Rusiya siyasilərinin bu cür danışmaqda məqsədi erməni xalqına müəyyən qədər təzyiq göstərməkdir. Çalışırlar ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri daha da sıxlaşdırmasın. Erməniləri həmişə təzyiq altında saxlayırlar ki, həddini aşan hərəkətlərə yol verməsin”.

Digər bir politoloq Elçin Mirzəbəyli isə Aleksandr Xramçixinin, əslində, yeni bir fikir söyləmədiyini, sadəcə, beynəlxalq hüquq normalarına əsaslandığını deyib:

“Ermənistanın işğal etdiyi ərazilər Azərbaycan Respublikasına məxsusdur və bu ərazilər Rusiya da daxil olmaqla, dünyanın bütün dövlətləri tərəfindən Azərbaycanın qanuni əraziləri kimi tanınır, qəbul edilir. Və təbii ki, əgər bu ərazilərdə Azərbaycan işğala son qoymaq üçün hərbi əməliyyatlar keçirərsə, hüquqi baxımdan hər hansı bir dövlət bu ərazilərə müdaxilə edə bilməz. Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın beynəlxalq hüquq anlayışı əksər böyük dövlətlərdə olduğu kimi əsasən öz maraqlarının sərhədləri ilə məhdudlaşır. Əslində mövcud reallıqlara görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi çıxış edə bilməz. Çünki tərəfdir. İşğalçının hərbi-siyasi müttəfiqidir. Azərbaycan torpaqlarının işğalında Ermənistana dəstək verib və bu gün də işğal faktının aradan qalxmasına mane olur”.

Ekspertin sözlərinə görə, əksər Rusiya ekspertləri kimi, Aleksandr Xramçixin də real vəziyyət barədə yox, real olmalı olan vəziyyət barədə danışır. Faktlar isə Rusiyanın postsovet məkanındakı münaqişələrdə iştirakı ilə bağlı fərqli mənzərə yaradır:

“Şimali Osetiya da Gürcüstan ərazisidir və Tiflis bu ərazini nəzarətə götürmək istəyəndə Rusiyanın hərbi müdaxiləsi ilə qarşılaşdı. Doğrudur, Şimali Osetiya və Abxaziyadakı rejimləri idarə etmək və işğalçı obrazını pərdələmək üçün Rusiyanın əlində Ermənistan kimi alət yoxdur. Bu səbəbdən də birbaşa tərəf kimi çıxış etmək məcburiyyətində qalır. Reallıq ondan ibarətdir ki, postsovet məkanındakı bütün münaqişələrin, işğal və ilhaq faktlarının ideoloqu, baş dirijoru və real icraçısı Rusiyadır. Rusiyanın bir sıra ekspertləri isə ənənələrinə uyğun olaraq nəzəri biliklərini sərgiləməklə yalanlarını pərdələməyə cəhd göstərirlər”.

Qeyd edək ki, rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mediasına açıqlamasında Rusiyanın Azərbaycanı tam əldən buraxmaq istəmədini deyib. O bildirib ki, Qarabağda müharibənin başlayacağı halda Rusiya Ermənistan qarşısında öz öhdəliyini yalnız Azərbaycanın Ermənistan Respublikasına hücum edəcəyi zaman yerinə yetirəcək. Əgər Azərbaycan müharibəni Qarabağda başlatmaq qərarına gəlsə, bu, Ermənistanın problemi olacaq.
Diaspora