Fred Asifin qardaşı şəhid polkovnikdən nələr danışdı...

Fred Asifin qardaşı şəhid polkovnikdən nələr danışdı... backend

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov bu günlərdə cəbhənin Füzuli istiqamətində şəhid olan polkovnik Rəhim Əliyevin yaxın dostu olub.

Kult.az Ədalət Məhərrəmovun dostu, silahdaşı Rəhim Əliyev haqda müsahibəsini təqdim edir.

- Ədalət bəy, Vətən sağ olsun! Ən yaxın dostu, silahdaşı kimi nə deyə bilərsiniz mərhum polkovnik haqda?

- Rəhim Əliyev… Rəhmətlik ölkədəki ən peşəkar istehkamçılardan biri idi. Ən çətin ixtisaslardandır istehkamçılıq. “Qara sənət”dir. Bilirsiniz də, istehkamçı yalnız bir dəfə səhv edir və ölümünə qol çəkir. Amma Rəhimə yaraşırdı işi. Rəhim mənə hərbi taktika, xəritə, silahla davranış qaydalarını öyrətdi. Rəhim mənim müəllimim idi.

- Necə tanış oldunuz?

- 1992-nin iyulunda Ağdamdakı hərbi hissədə tanış olduq. Qardaşım Asif (Fred Asif- Ö.X) qəbul elədi onu. Hərbi hissə komandirinin müavini vəzifəsində idi rəhmətlik. Elə gələn kimi də Naxçıvanikə getdi... Çingiz Mustafayev düşdü yadıma. O da həmin kənddə yaralanmışdı… Düz yanımızda.

- Könüllü olaraq gəlmişdi Rəhim Əliyev?

- Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirəndən sonra Ukraynaya gedib. Oradakı Hərbi Akademiyada təhsilini davam etdirib. Rəhim hərbiyə o qədər bağlı insan idi ki! Ukraynadan sonra biliklərini təkmilləşdirmək üçün Almaniyaya gedib. Sonra təzədən qayıdıb Ukraynaya. Qarabağ müharibəsi vaxtı könüllü şəkildə Azərbaycana gəlib.

- Hər halda rusların hərbi təlimi ilə, almanlarınkı fərqli olmalıdır.

- O dövrdə mühəndis-istehkamçılar az olduğuna görə Rəhim bütün Ağdam boyu xidmət edirdi. O bölgədəki sərhədlərin hamısına nəzarət edirdi. Minaların təmizlənməsi olsun, ya da təzədən minalanma olsun – bütün işi nəzarətə götürmüşdü. Füzuli, Qubadlı, Kəlbəcərdə də əməliyyatlar aparırdı.

Ağdamın Cəvahir kəndində təlim üçün yer götürmüşdü. Düzdür, elə bir vaxt idi ki, ancaq günaşırı məşğul olurdu: güllənin altında nə etmək olar bundan artıq. Amma şərait əl verdiyi qədər istehkamçıları öyrədirdi. Rəhim özündən sürpriz minalar hazırlayırdı. Ermənilər minaları tanıyırdı axı. Onlarda da rusun silahıdır, bizdə də. Rəhim minaları elə düzəldirdi ki, ermənilər tapa bilmirdilər.

- Rəhim müəllim bu döyüşlərdə yaralanmışdımı?

- Heç vaxt minaya düşməyib. Bir dəfə Qubadlıda yaralandı. Mərmi atmışdılar, sağ ayağı yaralanmışdı. Rəhmətlik deyirdi, ən böyük silah insanın ruhudur. Biz Ağdamda olanda Asif yaralandı. Gətirdik onu Sarıcalıya, ordan gəldik Xındırıstana. 16 nəfər yollandıq Ağdama. Könüllü. Rəhim yığdı hamını, dedi, partizan kimi döyüşmək istəyən gəlsin. Çox adam vardı, amma 16 nəfər seçildi. Saat 4-5 idi. Şəhərin içində heç kim yox idi. Bomboş idi Ağdam. Köhnə avtovağzala girdik ki, ermənilər gəzişir. Təbii ki, biz gizli şəkildə gəzirdik, birtəhər gözlərindən yayınırdıq. Ağdamın girəcəyindəki binadan baxırdıq ki, ermənilər BTR-lərin üstündə oturublar, yeyib-içirlər, qələbəni qeyd edirlər. Ermənilər də deyirəm, əksəriyyəti rus idi. Özü də sıravi əsgərlər deyildi onlar, xüsusi təyinatlılar idi. Rəhim dedi, qayıdaq, döyüşsək, effektiv olmayacaq, hamımızı qıracaqlar. Onların sayı çox idi, girsəydik, hamımız öləcəkdik.

- Bir güllə də atmadız? Eləcə səssiz qayıtdınız?

- Hə. 16 nəfər nə edə bilər o boyda orduya? Hər tərəf meyit idi. Ağdamlıların meyitləri. Amma işimizi də gördük. Hər tərəfi minalayıb çıxdıq. Saatlı bomba da qurmuşduq, tank əleyhinə mina da basdırmışdıq. Rəhim dedi, minalayaq ki, heç olmasa, başqa rayonlara sürətlə keçə bilməsinlər, bir qorxu hiss etsinlər, tələfat olsun. Ağdamdan çıxıb, qayıtdıq Xındırıstana.

- Dövlət səviyyəsində dəstək yox idi?

- Onda dövlət var idi ki?!

- Rəhim müəllimin aprel döyüşlərindəki şücaətlərindən də danışırlar.

- Aprel döyüşlərində Rəhim Füzulidə idi, səngərdə görüşdük. O günlərdə bir saat belə yatmadı. Əsgərlərlə çiyin-çiyinə döyüşürdü... Rəhim akademiya idi.

- Nə əcəb cəbhə bölgəsindən Bakıya gəlmirdi?

- Gəlmişdi də Bakıya. TTM-də dərs deyirdi. Bir az işlədi, sonra dedi, qala bilmirəm burda, rahat olmuram, yata bilmirəm, gedirəm ön cəbhəyə. Və qayıtdı. Xarakter olaraq döyüşçü idi. Hərb onun üçün iş deyildi, həyat tərziydi.

- Sonuncu dəfə nə vaxt görüşdünüz?

- Dekabrın 29-u. Dedi, mənə deyiblər ki, sənədlər hazırdı. Rəis gəlirəm Bakıya. Yanvarın 25-indən burdayam. Dedi, ad gününü də rəis edəcək, qoy gəlim...

- Və gəlmədi...

- Və gəlmədi...







Diaspora