Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyevdən bir aydan çoxdur ki, xəbər yoxdur.
Bunu AzVision.az-a girovun qardaşı İlham Quliyev deyib. Onun sözlərinə görə, Şahbazın ailəsi girovun durumundan narahatdır.“Bir aydan çoxdur qardaşımdan məlumat ala bilmirik. Heç kim bir söz demir. Qızıl Xaç Komitəsinə də müraciət edəndə deyirlər ki, gözləyin, özləri bizə məlumat verəcək. Biz də gözləyirik, amma heç bir məlumat verilmir”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.