Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından xəbər ala bilmir.
Bu barədə Modern.az-a danışan K.Əsgərov deyib ki, 74 gündür ki, atasından xəbər ala bilmir:“Sonuncu dəfə atamdan 2017-ci ilin noyabrın 1-də məktub almışam. Ötən ilin dekabrında Qızıl Xaç Komitəsinin nümayəndələri mənə məlumat verdilər ki, görüş olub, hər şey yaxşıdır. Amma atamın məktub yazmadığını bildirdilər”.
K.Əsgərov atası ilə əlaqə yarada bilmədiyinə görə Qırmızı Xaç Komitəsini ittiham edb:
“Komitə ayda bir dəfə girovlara baş çəkməli, onlardan məktub və ya video gətirməlidirlər. Şahbaz Quliyevdən məktub və video gəlsə də, atamdan xəbər yoxdur”.
O, həmçinin fevral ayında Türkiyəyə səfər edəcəyini açıqlayıb:
“Əhməd Şahidov mənə Türkiyədə atam barədə çıxış edə biləcəyimi dedi. Mən də qəbul etdim. İnşallah fevralda Türkiyə səfərimiz başlayacaq”.
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.
2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.