Aprel şəhidi Fəxrəddin Qurbanlının yaşadığı evi tapmaq elə də çətin olmadı.
Çünki Binəqədi rayonunun 1-ci Mədən ərazisində yaşayan bütün sakinlər bu ünvanı çox yaxşı tanıyırlar. Vətən uğrunda canından keçərək cənazəsinin çıxdığı bu ev indi ölkə sakinləri üçün müqəddəs bir ziyarətgaha çevrilib. Ermənistanla atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altında olan torpaqlarımızın bir qismi məhz Ali Baş Komandanın əmrlərini böyük qəhrəmanlıqla icra edən ordumuzun, xüsusi ilə aprel şəhidlərinin şücaəti sayəsində düşməndən azad olundu. Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (hazırkı Tərtər rayon ərazisi), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib və strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edib. Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də,ordumuzun azad etdiyi ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.Bu böyük qələbənin addım səsi idi və bu yolda şəhid olanlardan biridə Fəxrəddin Qurbanlıdır.Bu günkü günümüzü onun ailəsi ilə birgə keçirmək, onların arzu və istəklərini dinləmək dərdlərinə şərik olmaq məqsədilə ailənin qonağı olduq. Otaqlara bir-bir baş çəkirik.Bura Fəxrəddinin otağıdır.Paltar dolabına səliqə ilə geyimlər, stolun üstün qalaqlanmış kitablar, divardan asılmış tərifnamələr,əlaçı nişanları,diplomlar.. Bu evin hər küncündə, hər bucağında Fəxrəddin var, Fəxrədinin xoşbəxt-xoşbəxt gülümsəyən siması görünür. Fəxrəddinin nənəsi Həvva nənə elə məqsədimizi eşitdiyi andan göz yaşlarını saxlaya bilmədi. Sakitləşdikdən sonra asta-asta söhbətinə başladı:” Biz 1989-cu ildə Ermənistanın Razdan rayonunun Axundov kəndindən erməni quldur dəstələrinin təhdidi ilə üzləşərək perik düşdük. Qaçqın kimi Bakı şəhəri Binəqədi qəsəbəsinə yerləşdik. Övladlarım burda ailə qurdu. Oğlum Seyfəddin də ikinci yurd bildiyimiz Binəqədidə ev-eşik,bir oğul, 1 qız sahibi oldu. Fəxrəddin balam burda doğulub, burda böyüyüb. Və şəhidlik zirvəsinə ucaldığı anda da çiyinlərdə o qapıya dönüb. Nəvəm yanvarda məzuniyyətə gələndə Qarabağ döyüşlərində iştirak edən dayısı onunla görüşməyə gəlmişdi.Fəxrəddin dayısına dediki ki, “dayı, siz o Qarabağı ala bilmədiniz. Ancaq mən o Qarabağı alıb gələcəm”.
Həvva nənə göz yaşlarına hakim ola bilmədiyindən söhbəti şəhidin atası Seyfəddin Qurbanlı davam etdirərək bildirirki, yeganə oğlum Fəxrəddin 1994-cü ildə anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olunduqdan sonra həmişə müvəffəqiyyətləri ilə bizi sevindirib. Əlaçı, nümunəvi və aktiv tələbə olduğu üçün həmdə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən üçüncülüklə məzun olub və elə həmin ilin iyul ayında hərbi xidmətə yollanıb.
Aprelin 2-si isə eşitdim ki, Tərtərdə atışma olub. Nə qədər əlaqə saxladım, heç kimlə danışa bilmədim. Elə telefonla danışanda da mənə dedi ki, “gəlmə yanıma, başqa yerə gedirik, onsuz da məni tapa bilməyəcəksən”. Biz də ayın 6-na qədər gözlədik, dözmədim, həmin gün getdim Tərtərə, oğlumun xidmət etdiyi hərbi hissəyə. Yenə heç kimdən heç bir məlumat ala bilmədim. 7-si isə mənə dedilər ki, uşaqlar itkin düşüblər, nəsə xəbər olsa sizə də deyəcəyik. Seysulanda neytral zonada qalıblarmış. Aprelin 8-də Tərtərdə-neytral zonada qalan şəhidləri orada ölüb-qalmış erməni əsgərlərilə dəyişdikdən sonra, Fəxrəddinin ölüm xəbərini verdilər. Onu snayperlə alnından vurmuşdular. Dövlət nümayəndələrinin və xalqımızın təntənəli müşayəti ilə-heç vaxt heç yerdə şahidi olmadığım bir səviyyədə igidimizi Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında canından artıq sevdiyi torpağa tapşırdıq.
Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. 2016-cı ildə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı mükafatı” təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək. Eyni zamanda 2016-cı ildə Azərbaycan Universiteti tərəfindən “Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Bayaqdan lal səssizliyi ilə söbətləri dinləyən Həzimə xanım hüzünlü səslə, gözlərinin məchul bir nöqtəyə zilləyərək söylədiki, keçən il aprelin 1-də oğlumla sonuncu danışığım oldu. Bu ötən bir ildə çox gözlədim.
”Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!”
Elə bilirəm yenə zəng edəcək, yenə danışacağıq, halımı soruşacaq. Hələ də inana bilmirəmki, ocağımın son ümidi olan övladım bir daha qapını açıb içəri girməyəcək, balaca uşaq kimi “ana” deyib, qollarını geniş açaraq məni qucaqlamayacaq, zarafatı-sevgisi ilə hər kəsin simasına bir təbəssüm çiləməyəcək. Hələdə inanmıram. Deyirsizki, bir az Fəxrəddinlə bağlı xatirələrinizi danışın!Həyatımın 23 illini onunla nəfəs almışam. Xarirələrim qalaq-qalaqdı. Amma indi heç özüm də bilmirəm onun haqqında nə deyim, hardan başlayıb, hardan danışım. Mənə həmişə “ürəyim”, dəyərdi,məni elə əzizləyərdi. Çünki gözlərim zəif görür, səhhətimdə ciddi problemlər var deyə mənimlə xüsusi maraqlanırdı, imkan verməzdi birinci mən onun halını xəbər alım. Yanvarın 10-u məzuniyyətə gəlmişdi, 13-ü ad günü idi. Ad gününü qeyd etdik, 19-u yola saldıq. Elə balamı da son dəfə onda gördüm, son görüşüm oldu. “Ürəyim, gözünün toru çəkilib, təzyiqin necədi? Növbəyə tələsirəm, zəng elədim halını soruşum. Özünüzdən müğayat olun” Buda bizim aprelin 1-dəki son söhbətimiz olub. Səhhətimlə bağlı, həm də evin tək oğlu olduğu üçün onu tez evləndirmək istəyirdik, razılaşmadı. Onu yola gətirmək üçün başqa bəhanədə söylədim. Dedim ki, oğlum hələ magistraturanı da oxu, əsgərliyə gələn il gedərsən. Dedi ki, “sən qoyma, o qoymasın, bu qoymasın. Bəs, bu torpağı kim qorusun, kim geri qaytarsın? Biz də qorumasaq Bakıya qədər gəlib çıxacaqlar. O zaman biz niyə yaşayaq ki?” Hərdən düşünürəmki, oğlumun qorxmaz, igid olduğunu mən bilirdim, ailəmiz , yaxınlarımız bilirdi. İndi bütün Azərbaycan bilirki, Fəxrəddin doğrudanda igiddi. Çünki həmişə hamıdan əvvəl irəli durub, döyüşə atılıb, elə alnından aldığı güllə yarasıda bunu təsdiq edir.Mən balamla uşaq olanda da, tələbə ömrü yaşayanda da, əsgərliyə gedəndə də, şəhid olanda da, indi də fəxr eləmişəm.
“Gedib də gəlməmək, gəlib də görməmək var“.
Fəxrəddin o fəxarət duyğusunu hər zaman bizə yaşadıb. Bilirəm ki indi bütün Azərbaycan onunla fəxr edir. Bu mənim ən böyük təsəllimdi. Yadıma düşmükən deyim, 19 yanvarda məzuniyyətdən hərbi-hissəyə dönən günü sonuncu dəfə sosial şəbəkədə bir status paylaşıb”-deyən Seyfəddin bəy qəhərini çətinliklə udub söhbəti davam etdirir:- “ Və budur kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5ay. Məzuniyyətdə olduğun vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!” Bilirsiz Fəxrəddin kimə həsəd aparırdı?Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova! Seyfəddin kişi Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında qəhrəmanlıqla şəhid olanların xatirəsinin əbədiləşdirilməməsindən narahatdır. Deyir ki, bu elə bir vəsait aparmır, həlli mümkün olmayan proses deyil. Elə Binəqədi rayonunun özündə Mədən-1, Mədən-2 və sair kimi çoxlu sayda adsız küçələr var. Əslində həmin küçələri axtarıb tapmaq vətəndaşlara böyük çətinliklə başa gəlir.
Ancaq şəhid Fəxrəddinin evi dedikdə hamı bu küçəni tanıyır. Yaxşı olardı ki, bu küçələrdən birinə Fəxrəddinin adı verilsin. Ortada təşəbbüs var - Binəqədi qəsəbəsinin I Mədən küçəsinə Fəxrəddin Qurbanlının adının verilməsi istəyi təkcə şəhidin valideynlərinə deyil, küçənin bütün sakinlərinə məxsusdur. Hamılıqla imzalar da atılıb, aidiyyəti qurumlara müraciət olunub. Şəhidin atası bildirirki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarindan keçənlərin xatirəsinin əziz tutulması, onların adlarının əbədiləşdirilməsi yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıya bilər. Onlarla sağollaşıb ayrılanda şəhid atasının sonuncu sözləri qəlbimizi göynətsədə, qürur duyduq;Bir oğlum vardı, Vətənə qurban verdim, biri olsa, onuda qurban verərəm.Təki vətən yaşasın!”
Söhbətləşdi:
Əntiqə Rəşid