“Ermənistan 24 ildir atəşkəsə riayət etmir” - Polkovnik

“Ermənistan 24 ildir atəşkəsə riayət etmir” - Polkovnik backend

Ermənistanda və işğal altında olan Qarabağda düşmən itkilərinin sayı getdikcə artır.

Rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş və 30 qeyri-döyüş itkisi verib. Həmçinin ötən il ermənilərin 100-dək yaralısı olub.
Azərbaycanın Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov son günlər cəbhədə baş verən hadisələrlə bağlı AzVision.az-a bildirib ki, atəşkəsin elan olunması, müharibənin bitməsi demək deyil. Ekspertin sözlərinə görə, müharibə 25 ildən çoxdur gedir.

“Ermənistan atəşkəs imzalanan 1994-cü ildən indiyə qədər bir gün də olsa atəşkəs şərtlərinə riayət etməyib. Hazırda atəşkəsin pozulma intensivliyi 120-dən çox olur. Bu, o deməkdir ki, müharibə davam edir. Hər gün bu barədə xəbərlərdə bildirilir ki, düşmən cavab atəşi ilə susdurulub. Əgər Azərbaycan üçün atəşkəsi pozmaq lazım idisə, aktiv döyüş əməliyyatlarına keçərdi. Azərbaycan hələki bu addımı atmır”.

Ramaldanov qeyd edib ki, cəbhə bölgəsində Ermənistan tərəfi snayperlərin fəaliyyətini aktivləşdirib: “Hər zaman diversiya qrupları ilə cəhdlərin qarşısı alınıb və düşmənin itkiləri çox olub. İndi belə desək, snayper müharibəsinə keçiblər. Sözsüz ki, bizim də snayperlərimiz az deyil. Bunu Qazaxstanda keçirilən snayperlərin yarışında sərrast atıcılarımız sübut edib. Ermənistan isə həmin yarışı əvvəldən tərk edib. Onları göstəriciləri çox aşağı idi. Bizim snayperlər isə həmin yarışda sonacan yarışıb və aparıcı yer tutublar”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, son günlər Ermənistanın müəyyən rəhbər şəxslərinin efirlərdə sərt çıxışları cəbhə bölgəsində öz əksini tapır: “Bu isə erməni əsgərlərin itkisi ilə nəticələnir. Deməzdim ki, bu hansısa döyüş qabağı vəziyyəti əks etdirir. Adətən döyüş qabağı vəziyyət daha sakit olur. Hazırda Ermənistanda sosial vəziyyət çox acınacaqlıdır. Cəmiyyətin diqqətini yayındırmaq üçün erməni hərbi rəhbərliyi cəbhədə müəyyən gərginlik yaradır. Bununla onlar cəmiyyəti gərginlikdə saxlamaq istəyirlər. Amma erməni əsgərləri öz cinayətkar komandirlərinin əmrlərini nə qədər icra etməyə davam etsələr, itkilər davam edəcək. Erməni anaları bunu nəzərə alıb, öz övladlarını ölümə göndərməsinlər”.
Diaspora