“Ermənistan tərəfi cəbhə xəttində atəşkəsi pozaraq diqqəti özünə yönəltmək istəyir. Yəni atəşkəs bu qədər pozulursa, danışıqlara getməyin faydası olmadığını, Azərbaycan tərəfinin guya atəşkəsi pozduğunu vurğulamaq fikrindədirlər”.
Bunu Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a danışarkən deyib. O bildirib ki, cəbhədə vəziyyət mütəmadi olaraq gərginləşir:“Məsələ ondadır ki, son zamanlar cəbhə xəttində gün ərzində 120-125 dəfə atəşkəs pozulur. Yəni bu baxımdan gərginlik azalmır, əksinə getdikcə çoxalır. Buna səbəb birinci növbədə Ermənistan işğalçı qüvvələridir.
Azərbaycan tərəfi əgər atəşkəsi pozmaq istəsə, çoxdan aktiv əməliyyata keçməklə işğal olunmuş torpaqlarımızı azad edər. Bizim atəşkəsi hansısa məqsədlə pozmağımız məntiqə sığmayan bir şeydir. Azərbaycan tərəfi atəşkəsi pozanların susdurulması üçün tədbirlər görür.
Bilirsiniz, bizim təmas xəttində yaşayış məntəqələrimiz çox sıx yerləşir. Qarabağ bölgəsində bəlkə də təmas xəttinin 50 faizindən yuxarı hissəsi yaşayış məntəqələrinin sərhədindədir. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri orada həm təxribatın qarşısını almaq, həm də yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab atəşi ilə qarşı tərəfin hücum ehtimalını azaldır. Azərbaycan atəşkəsi pozmur, sadəcə atəşkəsin pozulmasında iştirak edir”.
Ş.Ramaldanov qeyd edib ki, cəbhədə vəziyyətin gərginləşməsinin digər səbəbi Ermənistan daxilindəki proseslərdir:
“Bilirik ki, indi danışıqlar ərəfəsidir. ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumlar danışıqlar prosesini bərpa etmək istəyirlər. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin silahlandığını bilir. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə torpaqlarımızı azad etmək istiqamətində hər an hazır olduğumuzla bağlı beynəlxalq aləmə, cəmiyyətimizə, Ermənistanın özünə ismarıc verib. Bu baxımdan bəzi beynəlxalq qurumlar məsələnin siyasi, dinc yolla həll edilməsinin tərəfdarıdır. Lakin bu, alınmır. Çünki Ermənistanın havadarları var və müəyyən üçüncü qüvvələr nisbətən kiçik ölkələrdə qaynar ocaqların saxlanmasına, bunu öz xeyirləri üçün istifadə edilməsinə cəhd edirlər.
Əlbəttə, bir tərəfdən atəş olanda qarşı tərəf dayanmayacaq. Digər tərəfdən hazırda Ermənistan daxilində müəyyən proseslər gedir. Ölkənin iqtisadi vəziyyəti pisdir, həmçinin siyasi qarşıdurmalar müşahidə edilir. Hətta Ermənistanın keçmiş prezidenti, keçmiş müdafiə nazirinin ətrafında olan müxalif qüvvələr artıq Qarabağ məsələsinin həll edilməli olduğunu bildirirlər. Bu məsələ uzun müddətdir həll edilməmiş qalsa da, Ermənistan da bir şey əldə edə bilmir. Qarabağın iqtisadiyyatı, yaşayış infrastrukturu dağılmış şəkildədir. Həmin ərazi xarabalığa çevrilib və Ermənistanın bunu bərpa etməyə imkanı yoxdur”.
Müsahibimizin sözlərinə görə, Ermənistan Azərbaycanın güc amilindən öz cəmiyyətini qorxutmaq üçün istifadə edir:
“Buna Azərbaycanın atəşkəsi pozduğunu göstərməklə də nail olmaq istəyirlər. Ermənistanın istər siyasi, istərsə də hərbi rəhbərliyi cəmiyyəti digər sosial problemlərdən yayındırmaq üçün onu qorxutmaq fikrindədirlər.