Laçın “koridoru” - Ermənistanın vaz keçə bilmədiyi ərazi

Laçın “koridoru” -  Ermənistanın vaz keçə bilmədiyi ərazi backend

Laçın “koridor”u (dəhlizi) Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir.

Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir( Qızılboğaz dağı, 3594 metr, Böyük İşıqlı dağı, 3550 metr) əhatə edir. Bu yüksəkliklərdən hətta adi gözlə Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür. Onuda nəzərə alsaq ki, bu yüksəkliklərdən birindən digərinə asan keçilən dağ keçidləri (cığırlar, yollar) var o zaman bu ərazilərdə hərbi manevrlərin və ya hərbi yerdəyişmələrin asan həyata keçiriləbiləcəyini nəzərə alaraq, uğurlu döyüş əməliyyatlarına zəmanət vermək olar.



Göründüyü kimi bu yüksəkliklər Laçını Qarabağa çox möhkəm bağlarla bağlanmışdır. Laçın dəhlizi Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Bu dəhlizə nəzarət kimin əlindədirsə, Qarabağ və Zəngəzur ərazilərinə də diktə edən tərəf odur. Faktiki olaraq, Laçın ərazisi olmadan Ermənistana Qarabağı işğal altında saxlaya bilməsi hərbi cəhətdən sadəcə mümkün deyildir. Məhz bu səbəbdən Ermənistan Laçın “koridor”unu özü üçün vazkeçilməz hesab edir.



Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda Ermənistan, 5 rayonun Azərbaycana qaytarılması müqabilində, Laçın dəhlizinə Qarabağın statusuna bərabər status verilməsini və Ermənistanın nəzarətində qalmasını istəyir. Bu isə faktiki olaraq Qarabağın Ermənistana birləşdirilməsi deməkdir. Bu danışıqlarda Azərbaycan tərəfi öz ərazi bütövlüyünün bərpa edilməsinə iddialı olduğundan, Ermənistanın bu mövqeyi ilə razılaşmır, ona görə də, danışıqlar illərdir uzanır.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın “koridor”unun əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını Laçın dəhlizindən götürdüyünü, desək, heç də yanılmarıq. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür. Bir çox nağıl və əfsanələrin epizoduna çevrilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən çox güman ki Alagöllərin qrunt sularından alır.



Laçın dəhlizini Ermənistan üçün önəmli edən daha bir fakt İrəvan Xankəndi şose yoludur. İrəvan – Gorus – Laçın – Xankəndi şose yolu, Ermənistanı Qarabağa birləşdirən yeganə ən qısa yoldur ki, ilin bütün fəsillərində fasiləsiz olaraq fəaliyyət göstərə bilir. Bu yol birinci Qarabağ müharibəsində Ermənistanla Qarabağ arasında “qida borusu” rolunu oynamışdır. Həm müharibə dövrü, həm də indi Ermənistan Qarabağın bütün hərbi təhçizatını bu yol vasitəsi ilə həyata keçirir. Məhz bu baxımdan Laçın ərazisinin Azərbaycana qaytarılması, Ermənistanın Qarabağ üzərindəki nəzarətini heçə endirir. Məhz buna görə də Ermənistan Laçın “dəhlizi”ndən vaz keçmək niyyətində olmaması, yəni işğal etdiyi əraziləri azad etmək istəməməsi ucbaatından, Ermənistan Azərbaycan Dağlıq Qarabağ sülh danışıqları dalana dirənib.

Laçın “dəhlizi” həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir. Laçın ərazisində hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət abidəsi. O çümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri, kurqanlar, at – qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.



Laçın “dəhlizi” ərazisi eyni zamanda Azərbaycana İşıqlı dağı silsiləsi vasitəsi ilə Zəngəzur qəzasının böyük bir hissəsinə nəzarət etmək şəraiti yaradır. Belə ki, Laçın – Gorus – Sisian – Şahbuz şose yolu ilə Laçını Naxçıvan MR sərhədlərindən cəmi 100 kilometrdən bir az çox məsafə ayırır. Şahbuzun Ərikli yüksəkliyindən, Qarabağın Kirs, Kiçik İşıqlı və Qabaqtəpə yüksəkliklərini müşahidə etmək olur. Əgər Azərbaycan öz qədim torpaqlarını yəni, Zəngəzur ərazisini gələcəkdə hərbi yolla azad etmək şəraiti yaranarsa, Laçın Sisian Şahbuz yolunu bağlamaqla, İran sərhədlərinə söykənən Gorus, Sisian, Qafan, Mehri ərazilərini asanlıqla Ermənistandan ayırmaq olar. Bununla da Naxçıvanın blokadası aradan qaldırılar, Bakı – Mincivan - Naxçıvan dəmiryolu fəaliyyətini bərpa edər.

Ermənistan keçən əsrin əvvəllərindən 1918-1920-ci illərdən Laçın “dəhlizi”nə sahib olmaq üçün mübarizə aparırdı. Lakin o zamanlarda bu ərazilərdə çoxlu sayda qırğınlar baş versə də, qanlar tökülsə də bu ərazilər ermənilərə təslim edilmədi. Elə isə belə bir haqlı sual yaranır.

Necə olduki 1992-ci ildə biz Qarabağı Ermənistana təslim etdik?

Laçın təslim edildikdən sonra Qarabağda azərbaycanlıların məğlubiyyətinə dörd amil səbəb oldu:

1. Azərbaycanda baş qaldıran hərc-mərclik və hərbi, siyasi xaosun yaranması;
2. Rusiyanın Ermənistana hərbi, siyasi, iqtisadi və mənəvi dəstəyi.
3. Erməni-rus ordusunun yüksək hərbi-hazırlığa malik olması.
4. Müdafiə naziri Rəhim Qazıyevin xalqına xəyanəti;


Qarabağ üzərində qələbədən sonra ermənilər, işğal etdikləri Azərbaycan ərazilərin əhatə dairəsini daha da genişləndirməyə başladılar. Bunun üçün Ermənistan daha böyük ərailər işğal etmək üçün Qarabağdakı silahlı qüvvələrinin hərbi-təhçizatını hava yolu ilə tam təmin edə bilmirdi. Qarabağdakı silahlı qüvvılırini komplektləşdirmək və silah-sursatla təmin etmək Ermənistana çox lazım idi. Məhz bu səbəbdən də Gorus- Laçın-Şuşa quru yolunun Ermənistanın nəzarətində olmasının xüsusi əhəmiyyəti var idi. Bu problemi həll etmək üçün Ermənistan hökuməti, Qarabağdakı erməni silahlılarını komplektləşdirmək üçün Ermənistanın Müdafiə Nazirliyində müdafiə məsələləri üzrə məsləhətçi işləyən, eyni zamanda Ermənistandakı “Qarabağ” hərbi qərargahın üzvü rus generalı Anatoli Ziineviçi Qarabağa ezam etdilər.

Anatoli Ziineviç – Efiopiya, Somali, Əfaqanıstan və dünyanın bir çox qaynar nöqtələrində zəngin təcrübəyə və güclü hərbi savada malik rus zabitlərindən idi. Onun bu təyinatı Qarabağ ətrafındakı digər Azərbaycan ərazilərinin işğal edilməsində mühüm əhəmiyyəti oldu. Ümumiyyətlə, 1992-ci ildə Ermənistan ordusunda əsgərlərin 60-80%-ni, zabitlərin isə 20-30%-ni ruslar təşkil edirdi.

2010-cu ildə Ermənistan ordusunda rusların sayın iki dəfədən çox artdığı deyilirdi. Qarabağdakı erməni silahlılarının silah sursatla təmin edilməsinin əsas yolu Laçın dəhlizindən keçirdi. Laçın dəhlizinin Rusiya tərəfindən təhlükəsizliyinə zəmanət verilməsi, ermənilər üçün mühüm əhəmiyyət daşıyırdı. Ermənistan üçün həyati əhəmiyyət daşıyan Laçın dəhlizinə nəzarətin Ermənistana verilməsi üçün 1992-ci ildə Rusiyanın Müdafiə naziri Pavel Qraçov Ermənistan səfərindən sonra Azərbaycana gələrək Müdafiə Naziri Rəhim Qazıyevlə görüşdü və üç gün Şəki şəhərində Rəhim bəyin qonağı oldu. Bundan az sonra R.Qaziyev Moskvada Pavel Qraçovun anasının yas mərasimində iştirak etdi. O burada Ermənistanın müdafiə naziri Vazgen Sərkisyanla görüşdü. Pavel Qraçovun vasitəçiliyi ilə keçən bu görüşdə Rəhim Qaziyev Laçın dəhlizindən Ermənistanın sərbəst istifadə etməsi üçün Vazgen Sərkisyana razılıq verdi.

Qraçovla Sərkisyanı möhkəm dostluq əlaqələri birləşdirirdi. Odur ki, Sərkisyanın hər hansı bir arzusu Qraçov tərəfindən qeyd-şərtsiz yerinə yetirilirdi. Məhz Laçın dəhlizinin ermənilərə təslim edilməsi də bu qəbildən olan məsələlərdən biri idi.

Ermənistan qarşısında xidmətlərinə görə 1999-cu ildə Ermənistanda keçirilən müharibə veteranları ilə görüşdə Pavel Qraçov İrəvan şəhərinin fəxri vətəndaşı elan edildi.

Vazgen Sərkisyanın vəfatından sonra, yəni 2001-ci ildə Vazgen Sərkisyanın anım günündə Pavel Qraçov çıxış edərək Vazgen Sərkisyan haqqında bu sözləri demişdi: “Vazgen Sərkisyan mənim yaxın dostum və şagirdim olub. Mən xoşbəxtəm ki, ona hərbin sirlərini mən öyrətmişəm”. Bu Rusiyanın forpostu olan Ermənistanın müdafiə nazirinə, rusiyanın yüksək çinli zabiti tərəfindən verilən çox yüksək qiymət idi.

Siyasi cəhətdən Qraçov və Sərkisyan cütlüyünə verdiyi sözə əməl edən Rəhim Qaziyev

“Laçın koridoru” razılaşmasından sonra ona tabe olan hərbi hissələri döyüş bölgəsindən çıxarmaqla Azərbaycan xalqına xəyanət etdi.

Laçının süqutundan sonra ermənilər, Gorus–Laçın–Şuşa yolunu nəzarətə götürən kimi, Qarabağa böyük həcmdə hərbi ləvəzimat, döyüş sürsatı, zirehli texnika ərzaq və canlı qüvvə daşımağa başladılar. Bu yüklərin ən böyük partiyalarından biri 1992-ci ilin iyul ayında aparıldı. Belə ki, bu partiyaya Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasından 100-dən çox tank və zirehli texnika daxil idi.

Qarabağın işğalından ruhlanan Qraçov 1992-ci ilin may ayında Naxçıvan ərazilərinin Ermənistana birləşdirilməsinə hazırlıq görülməsi barədə Ermənistanın Müdafiə Nazirliyinə göstəriş verdi. Bu hazırlıq ərəfəsində Türkiyə 1920-ci il Qars müqaviləsinin şərtlərinin hələ də qüvvədə qaldığını xatırladan bəyanat yaydı. Türkiyənin bəyənatında bildirilirdi ki, əgər Ermənistan ordusu Naxçıvan üzərinə hücuma keçərsə, Türkiyənin Hərbi Qüvvələri xəbərdarlıq etmədən Naxçıvana daxil olacaqdır. Türkiyənin bu bəyənatından qorxuya düşən Qraçov Rusiya Prezidenti Yeltsinin köməkçisi Gennadi Burbulislə İrəvana səfər edərək, “Türkiyə təhlükəsi”nin qarşısını almaq bəhanəsi ilə Ermənistan-Türkiyə sərhədlərini rus əsgərlər və zabitləri ilə möhkəmləndirilməsini həyata keçirməyə başladı.



Qraçovun nəzərləri yenidən Qarabağın işğalının möhkəmləndirilməsinə yönəldi. Bu fəaliyyətə dəstək məqsədi ilə o, Azərbaycanda özünə yeni dayaqlar axtarışında idi.



Bu ərəfədə Qraçovun qarmağına daha bir nəfər, Yevlax yun zavodunun direktoru Surət Hüseyinov keçmişdi. Surət Hüseyinov gənc olmasına baxmayaraq, çox imkanlı şəxs idi. O, dövrdə Surət Hüseynov Azərbaycanın qara bazarının oliqarxlarından biri idi. Onun təcrübəsi olmasa da, ,o Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün bir hərbi briqada yaratmışdı. Surət bəy Qarabağ problemindən yararlanaraq xalq arasında tanınmaq və xalqınn gözündə qəhrəmana çevrilməklə karyerasını inkişaf etdirmək istəyirdi.



Surət Hüseyinov Rusiyanın Gəncədəki 23-cü Diviziyanın komandiri general Aleksandr Şerbakla yaxın dost idilər. Şerbak Surət Hüseynovun həm dostu, həm də yaxın məsləhətçisi idi. Məhz bu münasibət onun böyük hərbi arsenala sahib olmasına səbəb olmuşdu. General A.Şerbakın məsləhəti ilə, Rəhim Qazıyev Surət Hüseynovu ordunun baş komandanı təyin etmişdi.

Bütün bu təhlillər göstərir ki, Laçın dəhlizi Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Bu dəhlizə nəzarət kimin əlindədirsə, Qarabağ və Zəngəzur ərazilərinə də diktə edən tərəf olacaqdır.

Faiq İsmayılov,

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı
Diaspora