“Miladi təqvimi ilə Yeni il münasibətilə Azərbaycan xalqını və APA-nın oxucularını təbrik edirəm.
Deyə bilərik ki, İran İslam Respublikası ilə qonşu və dost ölkə olan Azərbaycan arasında keçən bir il ərzində əlaqələr yüksələn temp üzrə inkişaf edib. İki ölkənin yaxşı əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində önəmli addımlar atılıb. Bir çox sahələrdə ölkələrimiz razılığa gəlib və əməkdaşlıq edir”.Bu sözləri ilin yekunları ilə bağlı APA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, indiyədək prezidentlər Həsən Ruhani və İlham Əliyev arasında 11 görüş baş tutub: “Bu görüşlərin üçü yalnız 2017-ci ildə gerçəkləşib. Azərbaycan və İran yaxşı qonşu olduqlarına və iki ölkənin xalqları arasında dərin əlaqələrə görə çox nümunəvi və davamlı davranış sərgiləyib. İki xalqın və ölkənin bu dostluğu Azərbaycan və İran xalqları arasında dostluğun daha da möhkəmləndirməsi ilə yanaşı, həm də regionda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində təsiredici rol oynayıb. Bu əlaqələr heç şübhəsiz, regionun bütün ölkələri üçün önəmlidir və heç bir üçüncü ölkənin əleyhinə yönəlməyib”.
2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinin mümkün olub-olmaması barədə suala B. Qasimi belə cavab verib: “Niyə də olmasın. Qafqazın bu həssas bölgəsində iqtisadi inkişaf və davamlı sülh, sabitlik və təhlükəsizliyin təmini üçün həmişə ümidvar olmaq lazımdır. İran İslam Respublikası Qafqazdakı iki qonşu ölkə arasında gərginliyin başlandığı ilk günlərdən bundan narahatlıq keçirib. Bu səbəbdən iki qonşu ölkə arasında ən ciddi və ilk vasitəçilərdən olaraq atəşkəs əldə etmək üçün çoxlu səylər göstərmişik və göstəririk. Ümid edirik ki, 2018-ci il iki ölkə arasında ixtilafların həll olunması ili olacaq. İran bölgə xalqlarının hamısı üçün sabitlik və inkişaf arzulayır və fürsət yarandıqca, sabitliyin təmini və gərginliklərin azaldılması üçün bütün vasitələrdən istifadə edir və edəcək”.