Dekabrın 13-də ermənilərin snayper atəşi nəticəsində Şəhid olan ordumuzun giziri Salahov Füzuli Süleyman oğlu dekabrın 15-də yaşadığı Şabran rayon Qəndob kəndində böyük izdihamla dəfn edildi.
Şəhidimizin atası Süleyman Salahov Moderator.az-a açıqlamasında Füzuli ilə fəxr etdiyini bildirib:“Füzuli evin ortancıl övladı idi, ailədə üç qardaş və üç bacıdırlar. 1978-ci ildə anadan olub və 23 il idi ki, hərbçi formasını geyərək vətənə xidmət edirdi. 2008-ci ildə ailə həyatı qurdu. Nihad və Nicat adında iki oğlu var. Füzuli xidmətə Ağdamın Quzanlı kəndində başladı və beş il orda xidmət etdi. Xidməti müddətində prezident İlham Əliyev tərəfindən medalla təltif edilib. İlk medalını ölkə başçısından aldı. Beş ildə üç dəfə medalla təltif edilib. Sonra Müdafiə Nazirliyinə müraciət etdi ki, “Beş ildir cəbhə bölgəsində xidmət edirəm və mümkünsə məni arxa cəbhəyə yollayın”. Sənədlərinə baxdıqdan sonra onu Qusarda yerləşən hərbi hissəyə yolladılar. Qusarda hərbi hissənin silah anbarının rəisi təyin etdilər. Qusar şəhərinin mərkəzində hərbçilər üçün tikilən evdə ona mənzil bağışladılar. Füzuli mənzildən imtina edib bildirdi ki, burda məndən çox xidmət edən zabit yoldaşlarım var, mənzili onlara verin.
2017-ci ilin iyun ayında nazirliyə müraciət edib bildirdi ki, könüllü olaraq cəbhə bölgəsində xidmət etmək istəyir.
Nazirliyin əmri ilə onu Şəmkirə yolladılar. Şəmkirdən isə Füzuli rayon Horadiz qəsəbəsinə və ordan da Şükürbəyli kəndinə yollandı. Oktyabrın 1-də Füzuli orda xidmətə başladı. Ailəsini də ora aparıb ev kirayələdi. Ona komandiri demişdi ki, dekabrın 14-dək cəbhədə olacaqsan. Dekabrın 14-dən sonra onu başqa vəzifəyə təyin edəcəkdilər. Hadisə dekabrın 13-də ərzaq apararkən baş verib. Avtomobildə sürücü olub və bir də Füzuli. Axşam saat 19:00 radələrində erməni snayperi üç atəş açıb. Güllələrdən ikisi maşına, biri isə Füzulinin baş nahiyyəsinə dəyib. Elə Füzuli xidməti maşında Şəhid olub. Dekabrın 15-də Füzuli böyük izdihamla dəfn edildi.
Mən bir ata kimi sarsıntı keçirsəm də, digər tərəfdən qürur hissi duyuram ki, mənim oğlum vətən yolunda Şəhid olub. Füzuli torpaq uğrunda Şəhid olub. Özüm 44 il coğrafiya müəllimi işləmişəm. Hal-hazırda təqaüddəyəm. Dünən icra hakimiyyətində olduq və məzar daşının hazırlanması ilə bağlı fikirlərimizi öyrəndilər. Azərbaycanın hər bir bölgəsindən bizi ziyarətə gəlirlər. Hamıya minnətdarlıq edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!”.