Lələtəpə istiqamətində yeni savaş başlaya bilər? - İKİ RƏY

Lələtəpə istiqamətində yeni savaş başlaya bilər? - İKİ RƏY backend

Rey Kərimoğlu: “Erməni generalın hücumla bağlı söylədikləri ağ yalandır”; Tərlan Eyvazov:

“Ermənistan tərəfinin bu bəyanatı təsadüfi deyil”

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general Movses Akobyan 2016-cı ildə baş tutan aprel döyüşlərində işğal etdikləri ərazilərin bir qismini itirdiklərini etiraf edib. «Report»un məlumatına görə, erməni hərbçi bunu “Joxovurd” qəzetinə müsahibəsində deyib.

Movses Akobyan hazırda həmin torpaqların yenidən işğal edilməsinin məqsədəuyğun olmadığını bildirib: “Bu gün əsgərlərin həyatı və vəziyyətin gərginləşməsi bahasına ”kiçik" tapşırıqları yerinə yetirmək məqsədəuyğun deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam edən döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad edilib.



Erməni generalın bu fikirlərinə isə güvənin olmadığı bildirilir. Belə ki, “Yeni Müsavat”a danışan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirdi ki, generalın sözlərinə inanmaq lazım deyil: “1994-cü ildə Lələtəpə istiqamətində çox ağır döyüşlər gedib. Həmin zaman erməni tərəfi də böyük itkilər verib, biz tərəfdən də şəhid düşənlər az olmayıb. 1994-cü il döyüşlərində çox cəhdlər etsək də biz həmin yüksəkliyi ala bilmədik. Ancaq şükürlər olsun ki, 2016-cı ilin aprel ayında ordumuz 1990-cı illərdə verdiyi itkinin heç onda birini vermədən yüksəkliyi düşməndən azad etdi. Bu hal da ermənilər üçün həm çox böyük psixoloji, həm də strateji zərbə oldu. Erməni generalın fikirlərinə gəlincə isə deyim ki, ermənilərin necə ləyaqətsiz olduğunu hər kəs bilir. Onlar torpağın 1 qarışını belə almağa cəhd edərlər. Bu, ermənilər üçün böyük bir istəkdir. Ona görə də generalın fikirləri boşdur. Hər an təxribat törətməyə hazırdırlar. Ermənilərin tarixən də amalı bu olub. Heç kim qaranti verə bilməz ki, erməni yenidən atəşkəsi pozub, bizim torpaqlarımıza hücum etməyəcək. Bu, hər zaman gözləniləndir. Ermənilər üçün Lələtəpə olduqca əhəmiyyətlidir. Çünki bu təpə hərbi baxımından böyük strateji əhəmiyyətə malikdir. Bunun da hərbiçilər gözəl başa düşürlər. Xüsusilə də ərazi, digər yerləri nəzarətdə saxlamağa, müşahidə aparmağa əlverişlidir”.

Kərimoğluna görə, Lələtəpəni əhəmiyyətsiz sayan varsa, onlar, ərazinin mahiyyətini bilmirlər: “Onlar oradakı əməliyyatdan xəbərsiz adamlardır. Yalnız orada əməliyyat necə olub, nə qədər itki vermişik və digər bu kimi məsələləri bilməyənlər Lələtəpənin əleyhinə fikir söyləyə bilərlər. Onlar anlamırlar ki, vətən, torpaq nədir. Vətən həm də namusdur. 1994-cü ildə orada məğlub olmamızın müxtəlif səbəbləri var. Ancaq 2016-cı ildə yaxşı ki, o təpəni qaytara bildik. 1994-cü ildə ermənilər də oranı əllərində saxlamaq üçün qızğın döyüşlərə girirdilər. İndi bir məsələ də var ki, biz daha çox Lələtəpədən danışsaq da, əslində Talış istiqamətindəki uğurlarımız heç də Cocuq Mərcanlıdakı uğurumuzdan az deyil. Ərazinin nəzarətə götürülməsi, erməniyə vurulan zərbə Talış istiqamətində də böyük uğurdur. Orada da çox ağır döyüşlər getdi və xeyli strateji nöqtələri əldə etmişik. İndi erməni generalının durub belə danışması başdan-ayağa yalandır”.



Hərbi ekspert Tərlan Eyvazov isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, erməni generalın etirafını qəbul edir: “Burası məlumdur ki, erməni sözü heç zaman doğru gəlməz və buna inanmaq olmaz. Ancaq bu da bir faktdır ki, həmin hadisələrdən dərhal sonra Ermənistan tərəfi yenidən bu torpaqları işğal etmək üçün bir neçə gün döyüşdülər. Hətta ehtiyatda olan hərbçiləri, yanğınsöndürənləri, polisləri belə çağırıb döyüşə gətirdilər. Çünki şəxsi heyətləri çatışmırdı. Ancaq ordumuz tutduğu mövqelərdə möhkəmlənməklə bərabər, əks hücumla da ermənilərə böyük zərbə vurdu. İndinin özündə də ermənilər onlara dəyən zərəri etiraf etməyib gizlədirlər. Biz itki versək də ermənilər bizdən ən azı 3 dəfə daha çox itkiyə məruz qaldılar. İtkiyə məruz qalmaları isə bizim o torpaqları aldığımız vaxt olmadı. Məhz ermənilər yenidən əks hücuma keçdikləri vaxt itki veriblər. Bu hadisələrdən, itkilərdən sonra vəziyyətlə barışıb, sakitləşdilər. Rəsmi Moskvanın işə qarışması ilə isə cəbhədə vəziyyət sakitləşdi. Lakin ermənilər hazırda digər mövqelər istiqamətində əvvəlkilərdən daha fərqli möhkəmlənmə işləri aparırlar. Bütün erməni ictimaiyyətini, diasporunu da bu işə cəlb edərək bildirirlər ki, imkanları yetərincə deyil və silah alınması, şəxsi heyətin hazırlanması üçün kömək lazımdır. Təbii ki, Ermənistan tərəfinin verdiyi bu bəyanat da təsadüfi deyil. Onlar vəziyyəti dərk edib, təkrar hücum edərlərsə, daha böyük itkilərə məruz qalacaqlarını anlayırlar. Ona görə general bu cür açıqlama verir və hesab edirəm ki, onun etirafı realdır”.

Ekspert hesab edir ki, ermənilər yenidən Lələtəpə istiqamətində işğalçı hücum təşkil etməyəcəklər:

“Artıq siyasi vəziyyət də onlara bunu etməyə imkan vermir. İstər ATƏT, istər KTMT səviyyəsində verilən bəyanatlar bu münaqişənin yalnız sülh yolu ilə həll olunmasını dəstəkləyir. Çox narahatdırlar ki, fürsət yaranan zaman Azərbaycan ordusu hücuma keçməsin. Ona görə də onlar təkrar hücuma keçib, 2016-cı il proseslərinin təkrarlanmasına yol vermək istəmirlər. Çünki bu, onların xeyrinə deyil”.

“Yeni Müsavat”
Diaspora