Berlin TV-dən Şuşanın işğal günü ədalətli süjet

Berlin TV-dən Şuşanın işğal günü ədalətli süjet backend

Şuşanın işğal günü Almaniyanın Berlin TV-si Azərbaycanın yeni tarixi və Qarabağ problemi ilə bağlı reportaj efirə verib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycana dair mühüm tarixi əhəmiyyətli faktların əks olunması ilə başlayan reportajda 28 may 1918-ci ildə türk və müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu zaman ərazisinin 114 min km2 təşkil etdiyi, Sovet hökuməti elan olunduqdan sonra isə ərazilərinin böyük bir qisminin bolşeviklərin təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumat verilir. Reportajda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə mövqeyi əks olunur.

Azay Quliyev ölkəmizin münaqişənin danışıqlar və sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ancaq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması barədə BMT Təhlülkəsizlik Şurasının 4 qətnaməsinin 20 ildən artıq müddətdə icra olunmadığını bildirib.

Azay Quliyev açıqlamasında münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunu fəaliyyətsizlkdə ittiham edərək onun təcavüzkar ilə təcavüzə məruz qalan ölkə arasında fərq qoymadığını və əldə etdiyi vasitəçilik mandatından lazımınca istifadə etmədiyi üçün sərt tənqid edib. Daha sonra millət vəkili ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibinə yenidən baxılmasını (ABŞ, Rusiya və Fransa), Almaniya və Türkiyənin bu tərkibə daxil edilməsinın vacibliyini qeyd edib və bunun problemin həllinə müsbət təsir edəcəyini deyib.

Azay Quliyev ABŞ və Avropa İttifaqının Ukraynaya göstərdiyi münasibətin və diqqətin Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərməməsindən təəssüfləndiyini və işğalçı Ermənistana qarşı müvafiq sanksiyaların tətbiqin vacibliyini vurğulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova da öz növbəsində Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirmək istiqamətində addımlarının fayda vermədiyi üçün onu müstəqil subyekt kimi tanıtmaq cəhdləri və bunun yolverilməzliyinin Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı, Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla Azərbaycanın 20% ərazisinin işğal altında olması və münaqişə nəticəsinə azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti, bu ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması və bir milyona yaxın azərbaycanlının məcburi köçkün və qaçqına çevrilməsi faktını diqqətə çatdırıb. Bahar Muradova eyni zamanda Ermənistanın bu siyasətinin Azərbaycana qarşı hərbi cinayət olması, ölkəmizin ərazi bütövlüyünü Helsinki Yekun Aktının prinsipləri əsasında daim müdafiə və bərpasını tələb edəcəyi, ATƏT Minsk Qrupunun uğursuz fəaliyyəti və bu fəaliyyətin daha çox bir tərəfin maraqlarına xidmət etməsini, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qətnamə və qərarlarına Ermənistan tərəfindən əməl edilməməsi barədə fikirlərini bölüşüb.

Məcburi köçkün Ərşad Piriyev isə münaqişə nəticəsində şahidi olduğu erməni vəhşiliyi, yurd-yuvalarından necə didərgin salındıqları barədə acı xatirələrini və dövlətin məcburi köçkünlərə göstərdiyi qayğıdan danışıb.






Diaspora