"Hər il həmin gündə bütün şəhidlər anılsın, məzarları ziyarət olunsun.
“Ordu qəbirstanlığı”nın bir şəhərdə olması insanların ziyarətinə çətinlik yarada bilər""Bölgələrdən olan şəhid əsgər paytaxtda dəfn edilsə, şəhidin valideynləri üçün ziyarət etmək çətin ola bilər”.
Bunu "Sherg.az”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin "Ordu qəbirstanlığı” yaradılması barədə təklifinə münasibət bildirərkən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov deyib.
O diqqətə çatdırıb ki, hər rayonun, hətta kəndlərin Şəhidlər Xiyabanı var:
"Qəbirlərin standart formada olmasının mən də tərəfdarıyam. Amma "Ordu qəbirstanlığı” yaradılması haqqında təklifi daha dəqiq gözdən keçirmək lazımdır. Məsələn, qardaş ölkə Türkiyədə hər bölgənin şəhidini öz rayonunda qəbirstanlıqda dəfn olunur. Ölkəmizdə də belədir. İstənilən səbəbdən vəfat edən əsgərin cənazəsini valideynlərinə təhvil verirlər. Həmin şəxslərin dəfn mərasimi də lazımi şəkildə həyata keçirilir.
Vahid qəbirstanlıq yaradılsa və bu paytaxtda yerləşsə, vətənpərvərlik ruhunu azalda bilər. Çünki hər rayonda Şəhidlər Xiyabanının olması, hüzn günü, yaxud anım günlərində təntənəli şəkildə gənclər, rayon, kənd əhalisi tərəfindən xiyabanın ziyarət olunması ənənəsi formalaşıb.
Biz dəfələrlə təklif etmişik ki, ayrıca şəhidlərin günü olsun, hər il həmin gündə bütün şəhidlər anılsın, məzarları ziyarət olunsun. Bu təklif reallaşarsa, "Ordu qəbirstanlığı”nın bir şəhərdə olması insanların ziyarətinə çətinlik yarada bilər. Ona görə qəbirstanlıq təklifini yenidən düşünmək lazımdır”.
Qeyd edək ki, A.Rəhimzadənin sözlərinə görə, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür. Komitə sədri bunun "Ordu qəbiristanlığı" adlandırıla biləcəyini də deyib.