“Onların Qarabağ məsələsində sözü ilə əməli düz gəlmir...”

“Onların Qarabağ məsələsində sözü ilə əməli düz gəlmir...” backend

Avropa Parlamenti dekabrın 12-də Avropa İttifaqının birgə xarici siyasət və təhlükəsizlik siyasətinə dair illik hesabatı təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, bu hesabatda Avropa İttifaqının Azərbaycanın da daxil olduğu “Şərq tərəfdaşlığı” ölkələrinə dair xarici siyasəti barədə də bəhs edilir. Sənəddə “Şərq trəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub. Bu, təkcə Krım və Şərqi Ukrayna ilə bağlı deyil, Dnestryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya məsələlərinə də aiddir. Hesabatı EURACTİV.com saytına Avropa Siyasət Mərkəzinin analitiki Amanda Pol şərh edib.



“Hesabatda Şərq tərəfdaşlığı dövlətlərinə qətiyyətli dəstək ifadə olunur, orada qeyd edilir ki, Aİ özünün şərq qonşuları ilə münasibətlərə dair yeni yanaşma hazırlamalıdır və ittifaqla daha sıx əlaqələrə malik olmaq istəyən ölkələrə dəstək başlıca prioritet olmalıdır. Hazırda bu belə deyil. Hesabatda ərazi bütövlüyü ilə bağlı formul da həqiqətən möhkəmdir, ilk dəfədir ki, hesabat bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləyir”-Amanda Pol bildirir.

Ekspert Avropa İttifaqının “dondurulmuş” münaqişələrə, xüsusən Dağlıq Qarabağ münaqişəsinə dair rolu barədə danışarkən bildirib ki, Avropa Parlamenti bundan əvvəl də dəfələrlə Brüsseli bu münaqişədə daha əhəmiyyətli rol oynamağa çağırıb. Avropa Komissiyasının xarici siyasət üzrə Ali nümayəndəsi Federiko Mogerini əvvəllər bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində dinc nizamlanması Aİ-nin prioritet məsələsidir.



“Lakin məsələ bundadır ki, sözlə əməl düz gəlmir. Aydındır ki, Aİ üzvü olan ölkələrin çoxu münaqişənin nizamlanmasında daha mühüm rola malik olmağı istəmir. Bu, onlar üçün prioritet məsələ deyil. Onlar kənarda qalıb seyr etməkdən və Minsk Qrupunun səylərini dəstəkləməklə kifayətlənməkdən məmnundur. Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vasitəsilə hansısa məkik diplomatiyası həyata keçirməkdə maraqlı deyillər, qarşılıqlı etimad tədbirlərinə dəstək vermək istəmirlər”-Amanda Pol bildirib.

Analitik qeyd edir ki, Aİ həmişə Azərbaycana və Ermənistana dair balanslı yanaşmadan çıxış edib, bildirib ki,tərəflər arasında razılaşma əldə olunandan sonra münaqişə zonasında bərpa mərhələsində iştirak etməyə hazırdır.

“Hazırda Qarabağ münaqişəsinə dair danışıqlar prosesində əsas söz sahibi Rusiyadır. Çünki Moskvanın Azərbaycan və Ermənistana böyük təsir imkanları var. Rusiya habelə hər iki tərəfə silah sataraq münaqişənin militarizasiyasını gücləndirib”-Amanda Pol əlavə edib.

Virtual.org
Diaspora