Dekabr ayının 2-də İranın nüfuzlu mətbuat orqanlarından olan “Şərq” qəzetində qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Masis Mailyanla geniş müsahibə dərc edilib.
Müsahibəyə yazılmış girişdə qondarma qurum “geosiyasi gerçəklik” kimi təqdim olunub, onun İranla 138 kilometrlik müştərək sərhədə malik olduğu bildirilib. Masis Mailyan da ona yaradılan bu fürsətdən istifadə edərək, müsahibə zamanı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təkrarlayıb, Azərbaycanı sülh prosesinə zərbə vurmaqda ittiham edib. Bu müsahibəni dərc etməklə “Şərq” qəzeti, necə deyərlər, əndazəni o qədər aşıb ki, hətta bəzi yerli media orqanları bu yazıya etiraz ifadə edən məqalə və müsahibələr yayımlayıblar.Bundan əvvəl də İranda Azərbaycan əleyhinə bir sıra çıxışlar olub.
Noyabrın 15-də Tehranda İran ermənilərinin “Hur” Tərcümə və Tədqiqat İnstitutu və İran Beynəlxalq Araşdırmalar Assosiasiyasının təşkilatçılığı ilə İran ermənilərinə məxsus Ararat idman-mədəniyyət kompleksində “Yeni dəyişikliklər və regionun geosiyasi perspektivi” mövzusunda seminar keçirilib. Lakin nədənsə həmin seminarda yerli ekspertlərlə yanaşı, İran ermənilərinin təmsilçiləri deyil, Ermənistandan getmiş politoloqlar (Yerevan Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsinin dekanı Vahram Petrosyan, Yerevan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi Armen İsraelyan, Yerevan Dövlət Universitetinin professoru Stepan Qriqoryan və b.) çıxış ediblər. Seminardakı panellərdən birinin “Dağlıq Qarabağda geosiyasi balans və təhlükəsizlik müəmması: coğrafiyanın strategiyaya təsiri” mövzusunda olması onlara Azərbaycan əleyhinə fikirlər səsləndirmək imkanı yaradıb. Beləliklə, təsisçiləri arasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adının olduğu İran Beynəlxalq Araşdırmalar Assosiasiyası erməni politoloqlarına anti-Azərbaycan təbliğatı üçün bir növ platforma yaradıb.
Oktyabrın 8-də Tehran Universitetinə bağlı Qafqaz Araşdırmaları İnstitutunda erməni müəllif İsaak Unanesyanın “Artsax (Qarabağ) məsələsi” adlı kitabının təqdimatında İran parlamentinin deputatı Karen Xanlaryan iştirak edib. Həmin təqdimatda Tehran Universitetinin professorları Qarabağın Ermənistana məxsus olduğu iddiası ilə razılaşıblar, Xocalı faciəsi barədə erməni yalanlarını yerli mətbuat vasitəsilə tirajlayıblar.
Bütün bunlardan sonra “Şərq” qəzetində gedən yalanlarla dolu müsahibə bizə nə deyir? Bir çox iranlı mütəxəssis və siyasi xadim də Qarabağın müsəlman torpağı olduğunu bildirib, belə bir materialın yayılmasının yolverilməz olduğunu söyləyiblər.
Bəs bütün bunları çox dəqiq bilə-bilə İran KİV-ləri qondarma rejimin əsassız iddialarına niyə geniş yer verir? Bu saxta nazirin sərsəmləmələrini geniş şəkildə yaymaqla qonşuluq münasibətləri niyə riskə atılır?
Suallarımıza cavab tapmaq üçün siyasi şərhçilərimizlə əlaqə saxladıq.
Analitik Elçin Mirzəbəyli Publika.az-a bildirdi ki, İranın bu mövqeyi heç də təsadüfi deyil. İran əzəldən qonşusu Ermənistana dolayı yollarla dəstək verib:
“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan, ondan sonra hakimiyyətə gələn Koçaryan Azərbaycan torpaqlarının işğal olunduğu illərdə İranın Ermənistan üçün bir “həyat yolu” rolu oynadığını deyiblər. Bu siyasət mütəmadi olaraq da davam edir. Baxmayaraq ki, Azərbaycan öz siyasətində İranın bütün maraqlarını nəzərə alır, əks tərəf isə buna olduqca soyuq münasibət bəsləyir. Azərbaycan hər zaman qonşu İran üçün dostluq münasibətləri fonunda addımlar atıb, bu bütün faktlarla ortadadır. Lakin İran rəsmiləri mütəmadi olaraq Azərbaycanla bağlı xoş və “pafoslu” bəyanatlar versələr də, davranışları bunun tam əksini göstərir. İran hətta Ermənistanı regionda sülh yaratmaq arzunsunda olan dövlət kimi təqdim və təbliğ etməkdən də qaçmır. Açıq şəkildə bunu bütün fürsətlərdə bəyan edir. Ona görə deyirəm ki, bu ilk hadisə deyil, davamlı olaraq bu cür mövqe nümayiş olunur. Bunun kökündə bir çox amillər dayanır. Təbii ki, ən önəmlisi Azərbaycan faktorudur.
Azərbaycanın modern, dünyəvi bir respublika olması və bu modern dövlətin İranın özü üçün, İranda yaşayan tatlar, o cümlədən də Azərbaycan türkləri üçün nümunə olması onları qıcıqlandırır. Bununla bağlı çoxsaylı faktlar sadalamaq olar. Təəssüflər olsun ki, bu gün İran adlanan dövlətin siyasətinin mahiyyətində fars milliyətçiliyi dayanır ki, bu da kifayət qədər ciddi təhlükə deməkdir. Bu yanaşma tərzi isə ənənəvi olaraq Azərbaycana olan münasibətə təsir edir. Bunun qarşısı alınmasa, daha çox dəhşətli açıqlamalar veriləcək”.
E.Mirzəbəyli onu da əlavə etdi ki, İran bu mövqeyinə davam edərsə, iki ölkə arasındakı münasibətlərə də mənfi təsir göstərəcəyini bilməlidir:
“Bütün bunlar xüsusilə Azərbaycan xalqının ictimai rəyinə, Azərbaycan dövlətinin mövqelərinə təsir göstərir. Bununla İran tərəfi Azərbaycana açıq-aşkar düşmən mövqeyi nümayiş etdirir. Xatırladım ki, İran mətbuatı bütün vasitələrlə Azərbaycanın Ermənistan əleyhinə yalan məlumatlar və təbliğatlar apardığını bəyan edir. Halbuki bunların heç biri həqiqəti əks etdirmir. Mütəmadi olaraq Azərbaycana gələn İranın nümayəndə heyəti bütün fürsətləri dəyərləndirir ki, Azərbaycan mediası ilə əməkdaşlıq etsin. Mahiyyət etibarı ilə onların məqsədi bəllidir. Bax elə, “Şərq” qəzetində dərc edilən müsahibə də daha öncə sadaladığım faktorların nəticəsidir. İran regionda olduqca aqressiv və təhlükəli siyasət yeridir. Bu siyasət Azərbaycan-İran münasibətlərinə müsbət təsir etməyəcək. Çünki Azərbaycan İran əleyhinə materiallar dərc etməyib. Ümumiyyətlə, Azərbaycan dövləti heç vaxt qonşu ölkələrin siyasi maraqlarını təhrif edəcək təbliğatlar aparmayıb. Əksinə, unutsalar da, Azərbaycan İrana qarşı sanksiyalar tətbiq edilən illərdə İran üçün “həyat yolu” rolunu oynamışdı. Baxmayraq ki, vaxtı ilə İran özü Ermənistan üçün “həyat yolu” idi. Tendensiya oxşar olsa da, məqsədlər tamamilə ayrıdır”.
Millət vəkili Fazil Mustafa isə bildirdi ki, İran bununla özünə ziyan vurur. Onun sözlərinə görə, İran Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəsini heçə sayıb, bu cür qondorma rejimə dəstək verməyə davam edərsə, Azərbaycan dövləti buna layiqli qarşılıq verəcək:
“Bu çox həssas mövzudur. Azərbaycanın ərazi bütövlüyü mövzusunda İran mətbuatının bu cür mövqe nümayiş etdirməsi təəssüf doğurur. İranın separatçı qüvvələrə dəstək verməsi qəbulolunmaz haldır. İran unutmasın ki, Azərbaycan İran əleyhinə hazırlanan təxribatlara olduqca böyük diqqət göstərir. Lakin İran qondorma rejimin təbliğatlarına şərait yaradıb, dəstək verərsə, bu İrana qarşı olan bütün fəaliyyətlərin də Azərbaycanda dəstəklənməsinə gətirib çıxara bilər. Ona görə də, İran özü-özünə problem yaradacaq yol seçib. Təbii ki, bu yol yanlışdır. Biz çalışırıq ki, bu yanlış mövqeni İran rəsmilərinin diqqətinə çatdıraq. Əgər İran rəsmiləri bu yoldan dönməzsə, Azərbaycan da İranla bağlı bir sıra məsələlərdə bu günə qədər atmadığı fərqli addımlar atmağa məcbur olacaq. Mətbuat çox geniş platformadır. İranda Azərbaycan əleyhinə, Dağlıq Qarabağ haqqında əsassız məlumatların yer aldığı kitablar nəşr edilib, tirajlandığı halda, Azərbaycanda bir dənə olsun, İran əleyhinə nəinki kitab, heç informasiya dərc edilmir. İranla bağlı xəbərlərə xüsusi diqqət edilir. Azərbaycanın cavabsız qalması o demək deyil ki, heç bir əsaslı addım ata bilmir. Əksinə, Azərbaycanda İran əleyhinə bəzi fəaliyyətlərin genişləndirilməsinə və təbliğatına daha çox şərait var. İranın tətbiq etdiyi variantı onun özünə qarşı tətbiq etmək heç də çətin deyil. Buna görə də, belə bir ərəfədə rəsmi İranın bu kimi addımlara tam dəstək verdiyi də bir az şübhə doğurur”.
Siyasi şərhçi Arzu Nağıyev qondarma rejimin "xarici işlər naziri" Masis Mailyanın müsahibəsinin İranda fəaliyyət göstərən reformistlərin mətbu orqanı olan “Şərq”qəzetində çap olunmasına təəccüblənmədiyini dedi. Bu tam olaraq İranın mövqeyini ortaya qoymasa da, müəyyən qədər iki ölkə arasındakı münasibətin pisləşməsində maraqlı olan qüvvələrin mövqeyidir:
""Şərq" qəzetində gedən müsahibənin IRNA agentliyi tərəfindən də çap edilməsi olduqca təəssüf doğurur. Lakin İranın yerli “Yol Press” informasiya agentliyində bu məsələ tənqid olundu. Hətta onlar açıqlama verdilər ki, bu dövlətin mövqeyi deyil. Bu məsələdə xüsusilə azərbaycanlı deputatlar Haci Bahaduri, Bəşir Xaliqi, Nadir Qazipurun kəskin şəkildə etirazlarını vurğulmaq lazımdır. Onlar bu müsahibənin dərc edilməsinin birbaşa Azərbaycan dövlətinə yönəlmiş təxribat olduğunu deyib. “Yol Press” qəzetində ard-arda etirazların dərc olunmasından sonra IRNA agentliyi müsahibəni sildi. Bundan başqa, ən maraqlı açıqlamalardan birini də Ərdəbilin imam cüməsi Amili etdi. O qeyd etdi ki, bir qəzet üçün cinayətkarlardan açıqlama almaq qədər şərəfsiz addım yoxdur. Bütün bunları nəzərə alsaq, görünür ki, dövlət nə qədər bəzi məsələləri qabartmağa çalışsa da, separatçılarla tərəf müqabili olsa da, bu İranda yaşayan azərbaycanlılar tərəfindən, Azərbaycan diasporası tərəfindən kəskin tənqid olunur və qarşısı alınır. Son vaxtlarda İran mətbuatında gedən yazılar heç də tam olaraq İranın mövqeyi deyil. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İran rəsmilərinin görüşündə iki ölkə arasında dostluq münasibətlərinin, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələlərinin müzakirə edildiyi bir ərəfədə, nəqliyyat sektorunun inkişafı, dəmiryolunun çəkilməsi məsələsi ortaya qoyulursa, üçlü platformada - Azərbaycan, Türkiyə, İran müstəvisində görüşlər keçirilirsə, mən inanmıram ki, İran belə bir yol seçər. Hazırki vəziyyətdə Azərbaycan İrana İranın Azərbaycana lazım olduğundan qat-qat daha çox lazımdır. Buna səbəb isə əlbəttə ki, İrana qarşı tətbiq edilən sanksiyalarda Azərbaycan dəhlizindən istifadə edə bilməkdir. Məhz buna görə də, bunun dövlət mövqeyi olması inandırıcı görünmür”.
O bildirdi ki, xarici siyasət dostluq, qardaşlıq məsələsindən kənarda qalır. Bu məsələdə sadalanan faktorlar ciddi əhəmiyyət kəsb etmir:
“Bilirsiz, fərq etmir, İran olmasın, qeyri bir dövlət olsun, xarici siyasətdə dostluq məfhumu yoxdur. Bu ümumi maraqlara xidmət edən sahədir. İran gözəl başa düşür ki, dəstək verdiyi Ermənistan bu gün onların əleyhinə ABŞ səfirliyindən yüksək səviyyədə istifadə edir. Təsəvvür edin, regionda ən çox ABŞ səfirliyinin və nümayəndəliyinin sayı elə Ermənistandadır. Bu istiqamətdən də onlar İrana qarşı kəşfiyyat və qeyri-kəşfiyyat planlarını həyata keçirirlər. Amma İranı qıcıqlandıran məqamlardan biri də, son vaxtlar Azərbaycan-İsrail yaxınlaşmasıdır. İkitərəfli əlaqələr, Azərbaycanın balanslaşdırılmış siyasəti bəzi ölkələri hiddətləndirir. Buna görə də İran daxilində fəaliyyət göstərən ermənipərəst dairələr Ermənistanı öz müttəfiqləri kimi təqdim etməkdən çəkinmirlər. Başqa bir məqam isə odur ki, İran hansısa bir qlobal, iqtisadi məsələlərdə Ermənistanı tərəfdaş kimi göstərirmi? Əlbəttə ki, yox. Çünki onun özünün siyasi, iqtisadi maraqları var. Bu məsələnin digər qolu da Rusiyadır. Niyə? Çünki İran Ermənistan vasitəsilə ilə Rusiya ilə əlaqələrini genişləndirməyə çalışır.
Mətbuatın yazdıqlarına qalanda isə biz istəməzdik ki, 30 milyonluq diasporamız olan İran bu addımı ilə əhalini ayağa qaldırsın. Bunu heç onlar da istəməzdi”.