Milli Qəhrəman Əliyar Əliyev anıldı

Milli Qəhrəman Əliyar Əliyev anıldı backend

Müdafiə Nazirliyi və Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, tabor komandiri, mayor Əliyar Əliyevin xatirəsinə həsr olunmuş “Yaşar ürəklərdə, dillərdə adın...” mövzusunda anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev, Bilik Fondunun sektor müdiri, yazıçı-jurnalist Hacı Abdulla Əliyar Əliyev ilə bağlı xatirələrini bölüşüblər.

Sərbəst güləş üzrə dəfələrlə SSRİ çempionu, idman ustası Ə.Əliyevin məşqçi kimi dəyərli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Əliyevin yetirmələri arasında 8 nəfər respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var. Habelə Heydər Məmmədəliyevin isə sərbəst güləş üzrə dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş medalçısı olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, torpaqlarımıza erməni təcavüzü başlanan gündən respublikamızda ilk özünümüdafiə taborlarından birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərib. 1992-ci il aprelin 16-da xaricdə xüsusi hazırlıq keçmiş “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə 50 nəfərlik diversiya qrupu mühasirəyə alınaraq məhv edilib, qalanları isə əsir götürülərək Xocalıdan olan onlarla əsir ilə dəyişdirilib.

Həmin il iyunun 24-də Qubadlı rayon mərkəzini bombardman etmək tapşırığı almış üç hərbi vertolyotun hər üçü məhv edilib, biri isə yerə salınaraq yüngül təmirdən sonra Milli Ordumuzun istifadəsinə verilib. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 düşmən hərbçisini canlı olaraq ələ keçirib. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarıblar. Ə.Əliyev son döyüşündə də ermənilərə layiqli dərs verib. Laçın şəhərinin azad edilməsi uğrunda üç gün davam edən əməliyyatda 40 könüllü döyüşçüsü ilə partizan müharibəsinə girən komandirin başçılığı altında düşmənin 80-dən çox canlı qüvvəsi və bir neçə texnikası məhv edilib, 30-dan çox postu dağıdılıb, Laçının 40-dək kəndi azad edilib. 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyinə qədər irəliləyən komandir Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.

Tədbirdə 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Əliyar Əliyevin bir yetirməsinin general-mayor rütbəsinə, digərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü fəxrlə qeyd edilib.
Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Ə.Əliyevin ailəsinə Bakıda mənzil verilib, paytaxtın mərkəzi küçələrindən biri onun adını daşıyır. Qəhrəmanın oğlu Emin Milli Ordumuzun zabitidir, ön xətdə xidmət edir.

Hərbi Liseyin zabiti polkovnik-leytenant Kamran Nəsibov Müdafiə Nazirliyi rəhbərliyinin Milli qəhrəmanlarımızın şərəfli ömür yolunun təbliğinə daim yüksək diqqət və qayğı göstərdiyini, Bilik Fondunun Silahlı Qüvvələrin Akademiyası və Cəmşid Naxçıvanski adına Hərbi Liseylə birgə maarifləndirmə tədbirlərinin həmişə maraqla qarşılandığını vurğulayıb.

Şəhid komandirin oğlu Yusif torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib, atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlıq edib.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” kinostudiyasında hazırlanan və Milli Qəhrəmana həsr edilmiş “Pəhləvan komandir” filmi nümayiş etdirilib.

Məktəblilərin və kursantların ifasında Milli Qəhrəman Əliyar Əliyev haqqında şeir və mahnılar ifa olunub.






Diaspora