Ermənistan Prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa helikopterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur.
Axar.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu növbəti dəfə bu məsələni müzakirəyə çıxarıb. O bildirib ki, hava məkanını icazəsiz və mütəmadi pozan təyyarəni və helikopteri vurmaq hüquqi baxımdan mümkündür:“Belədə, Sərkisyanın helikopterini də vurmaq olarmı? Olar. Ancaq bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu səpkili açıqlama yaymalıdır: “Azərbaycan hava məkanını pozanlara qarşı tədbirlər sərtləşəcək, hərbi təyyarələrimiz Qarabağ və işğal altındakı digər torpaqlar da olmaqla, ölkənin hava məkanı üzərindəki nəzarəti gücləndirir.
Bundan sonrasına görə məsuliyyət hava sərhədini pozanların üzərində olacaq".
Politoloq vurğulayıb ki, kimsə bizə Qarabağ səmasını nəzarət altına almağa mane ola bilməz:
"Torpaq işğal altındadır, hava məkanı ki, işğal olunmayıb. Qırıcılarımızın uçuşlarını intensivləşdirməyə ehtiyac var".
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib.