Ermənilər Qarabağın işğal altındakı məşhur Vəng kəndində qədim döyüşçüyə aid olduğu ehtimal edilən məzarlıq aşkar ediblər.
Moderator.az erməni mediasına istinadla xəbər verir ki, bu haqda Xankəndindəki qondarma rejimin “Tarixi mühitin mühafizəsi üzrə dövlət xidməti”nin əməkdaşı Njde Yeranyan məlumat verib.Onun sözlərinə görə, Vəng sakinlərindən birinin həyətində tikinti işləri apararkən təsadüfən məzarlıq qalıqlarına ras gəlib. Qazıntılar nəticəsində erməni mütəxəssislər kromlex( dairəvi düzülmüş daşlardan ibarət qədim obyekt) və yarımçıq hücrə də tapıblar. Məzarlıqdan xəncər, iki ox, xəncərin dəstəyinin yuxarı hissəsi, eləcə də bürünc qolbaqlar, sırğalar, qaşlı üzüklər aşkar edilib. Bundan başqa, bürünc dövrünə aid olan fraqmentlər, muncuqlar, dulusçuluq əşyaları da tapılıb. Əşyaların çoxu bürüncdən hazırlanıb. Yalnız dəmirdən olan qolbağın bir parçası aşkar edilib. Əşyaların təsnifatına görə belə düşünmək olar ki, bu, qədim döyüşçü, yaxud qəbilə başçısının xanımı ilə birgə olan sərdabəsidir.
Məzarlığın eramızdan öncə 11-19-cu əsrlərə- bürünc dövründən dəmir dövrünə keçid mərhələsinə aid olduğu ehtimal edilir. Qəbir yerində bir-birinə qarışmış insan və heyvan sümükləri yığnağı var. Məzarlıqdakı insan sümüklərinin iki nəfərə mənsub olduğu güman edilir.
P.S. Ermənilər hələki məzarlığın qədim hayk döyüşçülərinə, yaxud qəbilə başçılarına aid olduğunu iddia etmirlər. Yəqin ki, bizim tarixçi, arxeoloq və antropoloqlar da qiyabi olsa da, işğal altındakı torpaqlarımızdakı növbəti tapıntının mənşəyi ilə maraqlanacaqlar...