“Azərbaycan Xalq Cümhuriyyəti və Qarabağ məsələsi” mövzusundakı tədbirdə işğal altındakı torpaqların azadlığı naminə xalqın bir yumruq kimi birləşməsinin vacibliyi bir daha vurğulanıb...
Bu gün Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Mərkəzi Qərargahında “Azərbaycan Xalq Cumhuriyyəti və Qarabağ məsələsi” mövzusunda tədbir keçirilib. Moderator.az-ın “KarabakhTV”-yə istinadla verdiyi xəbərə görə, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımovanın təşəbbüsü ilə təşkil edilən tədbirdə millət vəkilləri, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndələri, QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov qonaqları və tədbir iştirakçılarını salamlayıb. Mövzunun əhəmiyyətindən danışan B.Səfərov tarix boyu xalqımızın qarşılaşdığı çətinliklərdən, erməni separatçılarının ata-baba yurdlarımıza qarşı olan ərazi iddiaları və onun ağır nəticələrindən söz açıb. Möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi ilə tezliklə torpaqlarımızın işğaldan azad olunacağına əminliyini bildirən icma rəhbəri tədbirin keçirilməsinin təşəbbüskarı Flora Qasımovaya və qonaqlara öz minnətdarlığını bildirib.
Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan Xalq Cumhuriyyəti dövründə və sonrakı zaman kəsiyində Qarabağla bağlı, ermənilərin Azərbaycana qarşı, nankor və azğın təcavüz və qırğın planlarından geniş məlumat verib. Çar Rusiyası dövründə ermənilərin min bir hiylə ilə Azərbaycanda – Dağlıq Qarabağda yerli əhalinin sıxışdırılması hesabına məskunlaşdırılmasını tarixi mənbələr əsasında diqqətə çatdıran professor A.İsgəndərovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Milli Məclisin deputatı Fəzail İbrahimli çıxışında Azərbaycan Xalq Cumhuriyyətinin tarixi ilə bağlı maraqlı məqamlara toxunub. Həmçinin tarixin müxtəlif dönəmlərində erməni katolikoslarının “böyük ermənistan” xülyalarını gerçəkləşdirmək üçün apardıqları məkrli oyunlarından, ermənilərin çar Rusiyasının apardığı siyasətə dəstək olmaqları müqabilində Qarabağda məskunlaşdırılmalarından danışan natiq məhz bir hədəfə vurmaqla, bir yumruq halında birləşməklə tariximizə faciələr yazan bu yağı düşmən üzərində qələbəyə nail olacağımızı vurğulayıb.
Millət vəkili Flora Qasımova dəvəti qəbul edib tədbirdə iştirak etdikləri üçün qonaqlara dərin minnətdarlığını bildirib. Öz çıxışında F.Qasımova vurğulayıb:“İki əsrdən artıq babalarımızın, atalarımızın və bizlərin şahidi olduğu, yaşadığı erməni vəhşiliyinin, erməni zülmünün gələcək nəsillər tərəfindən də yaşanmaması üçün hədəfimiz bir, məqsədimiz bir olmalıdır ki, tarixi ədaləti bərpa edə bilək. Bu istiqamətdə kimliyindən asılı olmayaraq hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və əlimizdən gələni əsirgəməməliyik”.
Sonda tədbir iştirakçılarını mövzu ilə bağlı maraqlandıran suallarına cavab verilib, rəy və təkliflər dinlənilib.