Gürcüstan XİN Qarabağ separatçılarının Tbilisidə açdığı sərgi haqda

Gürcüstan XİN Qarabağ separatçılarının Tbilisidə açdığı sərgi haqda backend

“Tbilisidə Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüs qaydasında açılıb və bu sərginin təşkilində dövlət strukturları iştirak etməyib”.

Virtualaz.org bildirir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstanın müvafiq dövlət strukturlarına müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan 7 rəssamın əl işlərindən ibarət “Dirçəliş” adlı sərginin açılışından narahatçılıq ifadə edib.

Sərgi Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki “Ayartun” mərkəzində Ermənistanın Diaspor Nazirliyinin və “Tekeyan mərkəzi”nin dəstəyi və “Şuşa şəhəri Muzeyi”nin təşkilatçılığı ilə açılıb.

Gürcüstan XİN-in məlumatında daha sonra deyilir: “Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb. Konkret olaraq sərginin təşkilinə gəldikdə isə, bu sərgi şəxsi təşəbbüs əsasında açılıb və bu təşəbbüsə heç bir dövlət strukturu qoşulmayıb”.

Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın diaspor nazirliyi, “Tekeyan Mərkəzi” fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.

Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər.
Diaspora