Bu gün Şəmistan Əlizamanlının ad günüdür. Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının! Hərbi mahnılar, marşlar dilə gələndə ilk növbədə yada düşən gözəl səsli ifaçıdır Şəmistan bəy. Məhz hərbi musiqilərin ifası üçün qeyri-adi səs tembrinə malik bir insandır o.
Onun ifasında səslənən “İgid əsgər möhkəm dayan!” bütün əsgərlərin dilinin əzbəridir. Məhz bu musiqi düşmənlə üz-üzə səngərdə dayanan nə qədər gənc əsgərə ruh verir…Hətta həmin musiqini balaca uşaqlar məktəbdən evə gedəndə xorla oxuyurdular buna şəxsən şahidik.Şəmistan Əlizamanlının ifasında çox böyük maraqla qarşılanan “Cənab leytenant” isə nəinki əsgər və zabitlərin, demək olar ki, bütün təbəqədən olan insanların sevgisini qazanan və dilinin əzbəri olan bir musiqiyə çevrilib. Bu musiqini bilməyən yoxdur.
Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını - "And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sairə - ifa edir.
Əlizamanlı Şəmistan Hüseyn oğlu
Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1964-68-ci illərdə Aşağı Qullar kəndinin dörd illik ibtidai məktəbində, 1968-74-cü illərd isə qonşu Qırıxlı kənd orta məktəbində tam orta təhsil alıbdır.
1974-1976-cı illərdə Bakı şəhər 14 saylı texniki peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil alıb.
1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.
1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 1-ci kursuna daxil olub və 1985-ci ildə həmin institutun teatr sənəti fakultəsinin dram və kino aktyorluğu şöbəsini bitirib.
1986-1992- ci Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində diktor və böyük redaktor vəzifəsində çalışıb.
1992-ci il oktyabrın 1-dən 2001-ci il yanvarın 22-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi diktor-sənədli filmlər, kino-tele studiyasında rəis müavini vəzifələrində xidmət edib.
2001-ci ildən ehtiyatda olan zabitdir, hərbi rütbəsi mayordur.
Ad gününüz mübarək, "Cənab leytenant"
QAZİLER.AZ