“Aprel şəhidi”nin xanımı: “İsrarla cənazəsinə baxmaq istədim...” - Elnur İsgəndərovun HƏYAT HEKAYƏTİ

“Aprel şəhidi”nin xanımı: “İsrarla cənazəsinə baxmaq istədim...” - Elnur İsgəndərovun HƏYAT HEKAYƏTİ backend

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Bu dəfə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Elnur İsgəndərovun həyat yoldaşı Məlakə İsgəndərova əməkdaşımızla həmsöhbət olub.
Qısa arayış: Elnur İsgəndərov 1989-cu ildə Şəkidə anadan olub. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra Elnur İsgəndərov Bakıda yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb.
2016-cı ilin aprel ayında cəbhədə baş verən çiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Məlakə xanım Elnurun yolunu gözləyəndə sevdiyi insanın cənazəsinin üstünə gətiriləcəyi ağlına belə, cəlmirmiş...

Ümidlə qapıya dikilən gözlər

“2016-cı ilin sonuncu Novruz bayramını ailəliklə bir yerdə keçirtmişdik. O dərəcədə xoşbəxt idik ki, sözlə ifadə edə bilmirəm. Bu xoşbəxtliyin yanında ölüm kəlməsinin yeri yox idi. Axırıncı dəfə 2016-cı ilin 28 martında Elnuru gördüm. Aprelin 1-nə qədər telefon danışığımız olmuşdu. Hətta uşaq da telefonu alıb əlinə onunla “öz dilində” danışmışdı. Həmin gün Elnur məndən bir şeyi xahiş etmişdi: “Özünə və uşağa yaxşı bax. Heç nəyə görə üzülmə. Məndən narahat olmayın. Nə vaxt gələcəyimi bilmirəm. İnşallah, yaxın vaxtlarda gələrəm”-demişdi.

Elə o gedən getdi. Bir daha gələ bilmədi yanımıza. Aprelin 1-dən sonra televiziyada vəziyyətin çətin olduğunu eşitdim. Aprelin 2-də telefonuna zəng çatırdı. Ayın 2-dən başlayaraq telefon əlaqəsi kəsildi. Elnurdan xəbər ala bilməsəm də, aprelin 9-na qədər Bakıda qalmalı oldum. Bu tarixə qədər Elnurun sağ ya da şəhid olduğunu bilmirdim. Halbuki, Elnur aprelin 3-dən 4-nə keçən gecə şəhid olubmuş. Heç ürəyimə Elnurla bağlı pis nəsə danmamışdı. Onun sağ olduğuna əmin idim. Onun gələcəyini səbirsizliklə gözləyirdim. Aprelin 9-da evdəkilər mənim Şəkiyə gəlməyimi israr edirdilər. Mən isə onun evə yorğun gələcəyini, gəlib məni evdə görməsə narahat olacağını deyirdim. Nəsə məcbur olub Şəkiyə qayıtmalı oldum. Aprelin 11-də isə yaralandığı xəbərini verdilər. Onun yaralı olmasına sevindim. “Yaradan heç nə olmaz. Sağalacaq” dedim. Onu gedib görmək istəyirdim. Tərtərdəki morqdan evimizə çatana qədər xəstəxanada olduğunu demişdilər. Amma onu gətirəndə gördüm ki, nə yaralanmaq hər şey qaranlığa bürünüb. İsrar etsəm də, onu mənə göstərmədilər. Amma ümumi hazırlıqdan hiss etdim ki, heç də yara məsələsinə oxşamır. Bu işdə nəsə var.. Sən demə, artıq Elnur şəhid olmuşdu”.

Təsadüfi evlilik nəticəsində yarımçıq xoşbəxtlik



Məlakə xanım deyir ki, evlilik məsələləri qısa vaxtda baş tutub.
“Elnurla müasibətlərimiz təsadüf nəticəsində alınmışdı. Nə qohumluğumuz, nə də uzaqdan tanışlığımz vardı. Həmin vaxtlarda Elnur Bakıda xidmət edirdi. Həmişəki kimi Şəkiyə gələndə məni görər. Mən də o zamanlar Şəki Müəllimlər İnstitutunda təhsil alırdım, tələbə idim. Təsadüfən məni görmüş və bəyənmişdi. Elnur uzun müddət olardı ki, Bakıda yaşayırdı. Ana-atası isə Şəkidə qalırdı. Məzuniyyət zamanı Şəkiyə gələndə məni görmüşdü. İlk vaxtlarda onun hərbçi olduğunu bilməmişdim. Çünki hərbi geyimdə yaxınlaşmamışdı mənə. Hərbi geyimi ancaq işinin başına dönəndə geyinərdi. Xüsusi təyinatlı olduğundan adi vaxtlarda həmin paltarla şəhərdə gəzməzdi.
Elnur adi formada yaxınlaşanda hərbçi olduğunu demişdi. Onun hərbçi olması məni qorxutmamışdı. Hərb sahəsində xidmət etməsini normal qarşılamışdım. Amma bizim münasibətlərimiz də, ailə qurmağımız da qısa zaman ərzində baş tutdu. Çünki Elnur işinin başına dönməyə tələsirdi. 10 günün içində elçilik oldu. Bir aydan sonra isə nişanlandıq. 11 ay nişanlı qalsaq da, çox az görüşmək imkanımız olmuşdu. Elnur hərbi hissədən tez-tez çıxıb gələ bilmirdi. Artıq bu həyata mən də alışmışdım. Ailə qurandan sonra evdə həftələrlə tək qalmalı olurdum. Günlərlə evə gələ bilmirdi. Amma evin xanımı olaraq ailənin daha da möhkəmlənməsinə çalışırdım. Hər şey qismətə bağlıdır. Mənim qoruyub saxladığım ailəni müharibə parça-parça etməklə bizi bir-birimizdən didərgin saldı”.

Oğlunun adını öz adına uyğun qoymuşdu.

Şəhidimizin həyat yoldaşı deyir indi ancaq övladına görə ayaqda qalır:
“2015-ci ilin avqustunda oğlumuz dünyaya gəldi. Hər ikimizin sevincimiz yerə-gəy sığmamışdı. Adını öz adına uyğun qoymuşdu. Demişdi ki, qoy adı Elman olsun. Elnur uşaqları çox sevirdi. Ailə dəyərlərinə hörmətlə yanaşırdı. Mən daha çox uşağın qız, ya da, oğlan olması ilə maraqlanırdım. Bir dəfə də olsun uşağın cinsiyyəti ilə maraqlanmamışdı. “Allah nə verərsə, odur. Təki övladımız sağlam olsun” deyirdi. Hətta, işdən yorğun gəlsə də, körpə uşağa səbrlə baxırdı. Mənə hər işimdə kömək olurdu. Ailə münasibətlərimiz qısa olsa da, Elnuru həmişə mehriban, ailəcanlı biri kimi xatırlayacam. Taleyimiz elə yazılıbmış ki, heç uşağın yaşını da bir yerdə keçirmək qismətimiz olmadı. Elnurun qoxusunu, nəfəsini, istiliyini oğlumdan alıram. Məni yaşadan o uşaq oldu. Onunla başım qarışdı. Tam olmasa da, oğlumuz Elnurun yerini doldurdu.. Uşağa görə özümü toparladım. Həmişə bir sözü vardı. “Uşağa yaxşı bax. Birdən mən olmaram həyatda. Uşaqdan sevgini əsirgəmə” deyirdi. Sanki həyatda olmayacağı ürəyinə danmışdı”.

“Böyüdükcə, atasını evdə axtaran uşağa baxmaq ağır gəlir mənə”


Məlakə xanımın sözlərinə görə, oğlu Elman atasını şəkillərdən əzbər tanıyır:
“Övladımızdı deyə demirəm. Amma çox istiqanlı uşaqdır. Kimi görsə, dərhal qaynayıb-qarışır. Oğlumuzun 2 yaşı var. Hələ dərin suallar verə bilmir. Amma atasının şəkillərinə baxır. Soruşanda ki, “atan hardadır” ürəyini göstərir. Yəni ürəyindədir. Çox şeyləri düşünürəm. Çalışıram ki, uşağa atası barədə daha pozitiv xəbərlər verim. O uşaqdır, incitmək olmaz. Unutdurmaq da olmaz. Bütün günü evin içində “ata” deyə-deyə gəzir. Şəkillərinə baxır “bu atamdır” deyir. Atası sağlığında aldığı paltarı göstərib “bunu atan alıb” demişəm. İndi harasa aparanda gedib şkafı açıb deyir ki, “atam alan paltarı geyinək”. Bir də atasının hərbi paltarları arasında papağını başına qoyub “atam ürəyimdir, canımdır. Hamıdan çox atamı istəyirəm” deyir. Körpənin bu hərəkətləri qarşısında heç nə deyə bilmirəm.

Elnur görünüşcə çox ciddi təsir bağışlayırdı. Amma çox gözəl xasiyyəti vardı. İnsanı yormaq kimi xüsusiyytələri yox idi. Anlayışlı idi. Oğluma görə narahat deyiləm. Başqalarının uşaqlarının ataları varsa, mənim oğlum atasız böyüyürsə, bu da Allahın bir qismətidir. Oğlumun atası yoxdursa belə, o, var kimidir. Atasının adı şərəfli və qürurvericidir. Bir ömür boyu oğluma kifayətdir”.


Yarımçıq qalan arzular

Məlakə xanım Elnurdan yadigar saxladığı əşyalardan da söz açıb:
“2 il evli olduğumuz müddətdə bir yerdə doğum günü keçirmək qismətimiz olmadı. Elnur hər iki doğum günümdə işdə olmuşdu. Bu gün Elnurun sağlığında mənə aldığı bir iki əşyanı saxlayıram. Sonuncu dəfə bir ətir hədiyyə almışdı. O ətiri istifadə edə bilmirəm. Ürəyim gəlmir. Özü olanda istifadə edirdim. İndi isə onsuz o ətiri vurmağın anlamı yoxdur mənim üçün. Ümumiyyətlə, Elnura aid olan hərbi geyimləri də saxlayıram. Elnura aid nə varsa, hamısını ayrıca şkafda saxlayıram. Onun şampununu, diş pastasını belə, heç kəsə verə bilmərəm. Onları ata da bilmərəm. O qədər yarımçıq arzular qaldı ki! Bilirəm ki, hamı Elnurun yoxluğuna görə təəssüflənir. Amma mənə görə Elnur həqiqətən həyatdadır. O ölməyib. Onun heç bir davranışı yadımdan çıxmayıb. Qısa ailə həyatımızda necə qaydalar qoymuşdusa, heç birini dəyişməmişəm. Hər nə varsa elə də davam edir.

Elnurla ailə həyatı qurandan sonra Bakıda qohum evində kirayədə qalırdıq. İndi Elnursuz o evə qonaq getmək çox ağırdır. Divarların hər küncündə Elnur gözümə görünür. Çox pis təsir etsə də insanın nəyəsə görə dözməkdən başqa çarəsi yoxdur”.



“Hərbi formalı adam görəndə boğuluram”

“Aprel hadisələri”ndən sonra Məlakə xanım hərbi formalı adam görəndə boğulduğunu deyir:

““Aprel hadisələri”ndən sonra küçədə hərbi geyimli adamları görmək mənim ürəyimi ağrıdır... Axı Elnur da həmi. O formada olardı.. Bu, mənə pis təsir edir. Bir vaxtlar Elnur da o paltarda evinə, ailəsinin yanına gələrdi. Bir vaxtlar hərbi formalı insanı sevmişdim, ailə qurmuşdum. Elnura qədər ailəmizdə, nəslimizdə hərbçi olmayıb. Elnur hərbi paltarlarını evə gətirərdi. Onları yuyub sevə-sevə ütüləyirdim, səliqəyə salırdım. Əlbəttə, indi kimisə o formada görəndə dözə bilmirəm”..

Diaspora