Nəzəri baxımdan əgər həmsədrlərdən biri az olsa, o zaman ATƏT-in Minsk Qrupunun formatı da dəyişəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov amerikalı keçmiş həmsədr Metyu Brayzanın ABŞ-ın Minsk Qrupundan çıxacağı ilə bağlı çıxışını şərh edərkən söyləyib.“Bu sual Amerika tərəfinə ünvanlanmalıdır. Hər şey məntiqli görünür. Əgər bir həmsədr az olsa, format dəyişəcək. Onların bunun üçün pulu çatmırmı? Əgər onların pulu çatmırsa, bu sual bizə yox, Amerikaya ünvanlanmalıdır. Rusiya üçün Dağlıq Qarabağın həlli məsələsi beynəlxalq gündəmdəki əsas prioritetlərdən biri hesab edilir. Ona görə ki, söhbət təkcə bizim qonşularımızdan yox, həm də bizi yalnız sənədlər və öhdəliklərlə bir-birimizə bağlamayan xalqlardan gedir. Bizi tale, həyat bir-birimizə bağlayır. Bizim on illər, yüz illər ərzində ümumi həyatımız, taleyimiz olub. Ona görə də Dağlıq Qarabağ bizim üçün prioritetdir”, – deyə o bildirib.
Qeyd edək ki, Metyu Brayza bundan öncə ABŞ Dövlət Departamentinin maliyyələşdirilməsinin azaldılması ucbatından Vaşinqtonun öz həmsədrini ATƏT-in Minsk Qrupundan geri çağıracağını bildirmişdi.