Yazıçıların Yaradıcılıq Evində bir gün-Köçkünləri hansı problemlər narahat edir?
1981-ci ildə Şüvalanda yazıçıların yaradıcılıq evi açıldı. Lakin yazıçılar Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evindən bir o qədər də çox faydalana bilmədilər. Çünki torpaqlarımız işğal olunandan sonra xeyli soydaşımız məcburən yurd-yuvalarını tərk etməli, paytaxta pənah gətirməli oldular. Onların yerləşdiyi ali məktəb yataqxanalarının, məktəblərin, bağçaların, inzibati binaların arasında adıçəkilən yaradıcılıq evi də oldu.Şüvəlandakı Yazıçıların Yaradıcılıq Evindən ilk həmsöhbətimiz Sədaqət Aslanova bildirdi ki, yurdları - Ağdam rayonunun Şelli kəndi işğal olunanda ilk üz tutduqları ünvan Ağcabədi rayonu oldu. Bir müddətdən sonra isə Ağsu rayonuna köçüblər:
“Burda da çox qala bilmədik. İşsizlik, imkansızlıq yolumuzu Bakıya çevirdi. Artıq 17 ildir bu binada məskunlaşmışıq. Mən ömrümdə çarəsizlikdən üç dəfə yurd dəyişmişəm. Bizim ailəni Ağdamda çox adam tanıyır. Qayınatam Kazım Aslanovun 4 oğlunun üçü Qarabağ müharibəsində şəhid olub. Xəqani, Vidadi, Hasil. Xəqani mənim həyat yoldaşımdı. O müharibəyə gedəndə artıq 4 oğul övladımız vardı. Yurdunu balalarından artıq istədiyinə görə seçim anında müharibəni-vətənə xidməti seçdi. Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda Ağdərə, Sırxavənd, Güneypəyə, Xocalı və sair ərazilərimiz uğrunda döyüşlərdə iştirak edib. Xocalı uğrunda döyüşlərdə itkin düşən Xəqani haqqında indiyə qədər bir məlumat ala bilməmişik. Hazırda Xəqaninin adı Xocalı abidə kompleksində itkin düşmüş əsgərlərin siyahısında qeyd olunub.
Beləcə, gənc yaşımda 4 körpəni böyütmək, onları sağlam və ləyaqətli yetişdirmək mənim öhdəmə düşdü. İş, ev axtara-axtara axır gəlib çıxdıq bura. Binadan 2 otaqlı bir ev tapdım. Qardaşlarımın yardımı ilə xırda bir dolanışıq yeri qurdum. Min əzab-əziyyətlə şəhidimizin yadigarlarını böyütdüm. Ev-ailə sahibi elədim. Ömrümün əzab-əziyyətlər içində keçməsi yaşlandıqca özünü büruzə verdi. Bir yandan da mənzilimizin bitib-tükənməyən problemləri-nəmişlik, qışda soyuq, yayda isti olması səhhətimə zərbələr vurdu.
Artıq II qrup əliləm. Bir dəfə gəldilər təmir etdilər. Amma onlar binadan uzaqlaşmamış hamamdan, ayaqyolundan su damcılamağa, damcılarda getdikcə artmağa başladı. Kif iyindən, necə deyərlər, baş çatlayan, divarların su axan bu rütubətli evdə oğlum Murtuz da xəstəlik tapdı. Həkimlər onu II qrup əlil kimi qeydiyyata götürəndən sonra öz ağrılarımı, öz xəstəliklərimi də unutdum.
O biri oğlum ev dərdindən binanın zirzəmisində məskunlaşdı, həkimlərin rəyinə görə, onda da astma xəstəliyinin əlamətləri artıq özünü büruzə verir. Üç yaşlı nəvəmin görmə qabiliyyətində problem yaranıb. Başımı itirmişəm, bilmirəm hansının müalicəsinə yardım edim.
Məni bir yandan da Ağdam İcra nümayəndəliyinin, səsimi verdiyim deputatımın vətənin keşiyində durmuş, həmişə də durmağa hazır 4 əsgəri olan bir köçkün ailəsinə, başçısını 25 ildir itirmiş bir şəhid ailəsinə qarşı laqeyd münasibətidir.”
“İndi hansı zəmanədir ki, su qızdırıb ayaqyolunda uşaqlarımı çimdirirəm”
Bina sakinləri ilə söhbətləşərkən onlar bildirdilər ki, burada ən çox gənc ailələr əziyyət çəkirlər. Soraqlayandan sonra bu durumda olanlardan birini tapdıq. Abbasovlar ailəsi Füzuli rayonunun Dilağarda kəndindən köçkün düşərkən çox kiçik olublar. Ata-Məqsəd iş tapmaq, ailəsini dolandırmaq üçün səhər tezdən evdən çıxır, bir də gecədən keçmiş evinə dönə bilir. Demək olar ki, bu işsizlik problemi bu ailədə böyük çətinliklər yaradıb. Ana-Gülnarə xanım söyləyir ki, hamamı, isti suyu, şəraiti olmayan kiçik bir otaqda, 2 qız övladı böyüdürlər:
“Hər iki övladım məktəblidir. Yaxınlıqda yerləşən 39 saylı Ağdam köçkün orta məktəbində oxuyurlar. Məktəbin direktoru Sevda xanım həm Aysu, həm Vəfa haqqında ürəkaçan sözlər deyir. Amma hələ qış gəlməmiş bizim evdə sanki qış havası var. Çöldə yağış yağanda vannaları, qazanları evin ortasına düzürük . Çünki yağış beton tavandan birbaşa içəri süzülür. İndi hansı zəmanədir ki, uşaqlarımı ayaqyolunda su qızdırıb çimdirirəm. Uşaqlar da bu səbəblərdən tez-tez xəstələnir, dərsdən qalırlar”.
Maddi durumları haqda soruşmaq istəyirdik ki, Aysu (evin böyük qızı) sevincək bildirdi ki, nənəsi kənddən qonaq gəlib, artıq pilləkanlardadı...Çox keçmədi içi kənd nemətləri ilə dolu olan böyük zənbillərlə otağa bir qadın daxil oldu.
Həcər xanımla tanış oluruq: “Dilağardan köçkün düşəndən sonra rayon ərazisindən çıxmadıq. Təsərrüfatla məşğul olduq, əkdik-biçdik. Allah hökumətimizi, dövlətimizi qorusun, bizi Ümid qəsəbəsində evlə təmin elədi. Həyat yoldaşım, oğlum indi həmin evdə rahat yaşayırıq. “N” saylı hərbi hissədə işlə təmin olundum. Şükür vəziyyətimiz yaxşıdır. Amma narahat olduğum yalnız qızımın durumudur, çox kasıb vəziyyətdə yaşayırlar. Tez-tez gəlirəm, imkanım çatdığı qədər dəstək olmağa çalışıram. Başıma gəlib, bilirəm bizim dövlətimiz bizi heç vaxt darda qoymayıb, xahiş edirəm, səlahiyyətli şəxslərə çatdırın ki, bir gənc ailə də çətinlikdədir, ona da dövlətimizin dəstəyi vacibdir. Xahiş edirəm, Yalvarıram!”
“Oğullarımı mənzil dərdindən evləndirə bilmirəm, yaşları ötür”
Binanın foyesində 3 soydaşımızla görüşürük. Hər üçü Cəbrayıl rayonundan məcburi köçkün düşüblər. Alıkeyxalı kənd sakini Tofiq Əhmədov 1993-cü ildən 2 otaqlı bir mənzilə sığındıqlarını söylədi: “Burda əziyyətlərə qatlaşmışam, çətinliklərin hər üzünü görmüşəm. Fikrim bu haqda danışmaq deyil. İndi biri 26, digəri 27 yaşı olan oğullarımı mənzil dərdindən evləndirə bilmirəm, yaşları ötür. Elədə imkanım yoxdur ki, ev alım, yaxud da, kirayə mənzil tutum.
Rayonun Hacılı kənd sakini Rafiq Xankişiyev söhbətə qoşuldu: “Mən inanıram ki, dövlətimiz bizi evlə təmin edəcək. Çünki indiyə qədər onlarla qəsəbə və şəhərciklər, rahat və geniş mənzillər tikilərək köçkün soydaşlarımızın istifadəsinə verilib. Bizdə evsiz qalmayacağımız gün kimi aydındır. Bildiyiniz kimi, Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbi 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən yenidən quruldu. Fondun prezidenti Mehriban xanım Əliyeva da açılış mərasimində iştirak etdi. Deməyim odur ki, bizim binada yaşayanları yetmiş faizi həmin məktəbdə işləyir, evinə çörəkpulu gətirir. Əgər biz bu binadan başqa bir yerə köçürüləriksə, o zaman həmin iş yerləri əlimizdən çıxacaq. Uzaq yoldan hər gün işə gedib-gəlmək nə cibimizə, nə də, səhhətimizə sərfəli deyil. Bu problem bizi çox düşündürür.
“Ev, mənzil, çoxlu pul, qazanc-heç nə istəmirəm. Doğma Mahmudlumu istəyirəm”
Mahmudlu kəndindən olan Valeh Bədəlov əvvəlcə kəndlərində qoyub gəldiyi, 25 ildir həsrətini çəkdiyi şəraitlərindən, təsərrüfatlarından, təbii gözəlliklərdən söhbət açdı: “Ev, mənzil. çoxlu pul, qazanc-heç nə istəmirəm. Doğma Mahmudlumu istəyirəm. Özü də yaşlandıqca bu istək məndə gündən-günə artır. Yurdum üçün darıxmışam”.
Onun kədərlə dediyi bu sözdən sonra hər kəs dərin sükuta qərq oldu. Bəlkə də soydaşlarının bu sözündən sonra onlarda daxillərində pərvaz edən o istəyin fərqinə vardılar.
Bizə isə onları xəyallarından ayırmamaq şərti ilə oradan sakitcə uzaqlaşmaq qalırdı...
Əntiqə Rəşid