Etimad Əsədov: “Ən qəddar düşməni belə ələ keçirmisənsə, əlacsız durumda deyilsənsə başını kəsməməlisən”; Rey Kərimoğlu: “Mənim müharibə təcrübəmdə elə bir hal olmayıb ki, erməninin başını, qulağını, burnunu, qolunu kəsək”
Qarabağ müharibəsində kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş, göstərdiyi xidmətlərə görə “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş İbad Hüseynov bu günlərdə moderator.az saytına müsahibəsində döyüş xatirəsini oxucularla bölüşüb.İbad Hüseynov bildirib ki, Xocalı soyqırımını həyata keçirən erməni terrorçusu “Avo” ləqəbli Monte Melkonyanın başını və qollarını kəsib...
Düzdür, bir çox döyüşçülər bildirir ki, döyüşlər zamanı Melkonyanın yox, digər erməni komandirin başı kəsilib, Melkonyan güllə yarasından ölüb və başı üstündə basdırıldığına dair şəkillər, videolar da mövcuddur. Ancaq hər bir halda, Qarabağ döyüşlərində erməni başı kəsilib.
Müharibənin yazılmış və yazılmamış qanunları var. Eyni zamanda müharibə özü hər cür dəhşət, qan, fəlakət gətirir. Savaş zamanı düşmənlə necə davranmaq, düşməni ələ keçirdiyin zaman onunla necə davranmaq, üz-üzə gəldiyin və əlbəyaxa düşdüyün anda düşmənin başını kəsmək, işgəncə vermək kimi məsələlərdə heç vaxt birmənalı münasibət olmayıb.
Bu barədə danışan Qarabağ Qaziləri Birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov bildirdi ki, müharibədə hər cür situasiya ilə qarşılaşmaq mümkündür. Amma ən qəddar düşməni belə ələ keçirmisənsə, əlacsız durumda deyilsənsə başını kəsməməlisən: “Mən bir dəfə Türkiyə televiziyalarının birində Çanaqqala savaşı ilə bağlı sənədli filmə baxırdım. Orada düşmən tərəfin yaralanmış əsgərinə türklər tərəfindən necə şəfqət göstərildiyi əksini tapırdı. Adam heyrətə gəlirdi. Müharibənin qanunları ağır olur, amma o sənədli film çox gözəl bir nümunədir. Müharibə dəhşətdir, faciədir, ölümdür, qandır, müharibədə hər cür dəhşətli situasiyalarla qarşılaşmaq mümkündür. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq düşmən meyiti üzərində, əsirlər üzərində qəddarlıq əməllərinin həyata keçirilməsi xoşagəlməzdir. Bir dəfə bizdə bir erməni meyiti var idi. Onu Tərtər bölgəsində ermənilərin əsir götürdüyü bir azərbaycanlının meyiti ilə dəyişirdik. Ermənilər azərbaycanlının meyitini əziklənmiş vəziyyətdə, palçığın içində, tanınmaz hala salıb gətirmişdilər. Amma biz erməninin meyitini tər-təmiz vəziyyətdə adyala büküb aparmışdıq.
Bu, azərbaycanlıların onlara, onların da azərbaycanlılara göstərdiyi münasibətin daha bir əyani sübutu idi. Bizim düşmənlərimiz çox şərəfsiz, insanlıqdan uzaqdırlar. Amma bütün bunlara baxmayaraq, biz bir millət olaraq öz dəyərlərimizi unutmamalıyıq, düşməni müharibədə öldürməlisən, amma mümkün olduğu qədər baş kəsmək kimi yollara əl atmamalısan. Başqa çıxış yolu yoxdursa və əlbəyaxa vəziyyətdə düşməni öldürmək, başını kəsməli olursansa belə, bunu ictimailəşdirməməlisən, reklam eləməməlisən. Düşmənin başını, qulağını kəsib sonradan bunu götürüb reklama eləmək, ”mən bunu etdim, belə etdim" demək düzgün deyil. Mən buna yaxşı baxmamışam və indi də yaxşı baxmıram. Onu da nəzərə almaq lazımdır ki, erməni diasporu bizlərin müharibədə baş verənlərlə bağlı dilindən çıxan o cür açıqlamalardan dövlətimizə və xalqımıza qarşı istifadə edir. Ermənilər azərbaycanlıların qəddar, başkəsən olduğu təəssüratını dünyada yaratmağa çalışır".
Qarabağ qazisi, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu bildirdi ki, müharibə düşməni məhv etməyi tələb etsə də, məhv etməni baş və ya bədənin hansısa əzalarını kəsməklə etməyi doğru saymır: “Mən Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Şirin Mirzəyevin batalyonunda olmuşam. Bu batalyon Azərbaycanın ilk batalyonu idi. Azərbaycanın qəhrəman oğulları olub-Vəzir Orucov, Əliyar Əliyev, Allahverdi Bağırov və digərləri. Mənim şəxsən müharibə təcrübəmdə elə bir hal olmayıb ki, erməninin başını, qulağını, burnunu, qolunu kəsək. Erməni döyüşçülərini ələ keçirmişik, lakin biz heç vaxt belə şeyləri eləməmişik. Şirin Mirzəyev kimi böyük qəhrəman baş kəsmirdi. Vallah, biz baş kəsməmişik. Amma bu o demək deyil ki, ümumiyyətlə, eləməyən olmayıb. Olubdur. Biri deyir ki, erməni döyüşçünün başını, biri deyir qulağını kəsmişəm. Lakin bizim batalyonda heç kim belə şeylərə yol vermirdi. Bəzən buna cəhdlər edənlər olub, ancaq biz qarşısını almışıq. Demişik ki, biz də əsirin başını, qulağını kəssək, işgəncə versək onda ermənilərdən nə fərqimiz. Baş kəsmək bir millət və dövlət kimi bizə başucalığı gətirməz. Düşmənlə də müharibə qanunları ilə davranmışıq, döyüşlərdə vurmuşuq ölən ölüb, sağ ələ keçirdiklərimiz də komandanlığın məsləhəti ilə Xocalı əsirləri ilə dəyişdirilib. Müharibədə çox şeylər, ağıla gəlməyən situasiyalarla üzləşmə halları olur. Bəzən mümkündür ki, düşmənlə qəfil üz-üzə gəlirsən, əlbəyaxa olursan, belə vəziyyətdə ya sən öldürməlisən, ya da o səni öldürəcək. Belə vəziyyətlər də olur və başqa çarə qalmayanda öldürməkdən başqa yol qalmır. Belə situasiyalarda düşmən döyüşçünün xirtdəyini kəsənlər, avtomatla vurub başını əzənlər də olub. Monte Melkonyan kimi terroristlər şübhəsiz ki, ölümü haqq edirdi. Amma ən qəddar caninin, terrorçunun belə başını kəsməyi təbliğ eləmək, reklam eləmək bizə başucalığı gətirmir məncə. Yaxşı olar ki, belə məsələlər nəzərə alınsın. Allah şəhid olmuş qəhrəmanlarımıza rəhmət eləsin, sağ qalanların da canını sağ eləsin”.
musavat.com