“Lapşin məsələsi” Dağlıq Qarabağa gedən əcnəbiləri niyə qorxutmadı... - XİN-in mövqeyi

“Lapşin məsələsi” Dağlıq Qarabağa gedən əcnəbiləri niyə qorxutmadı... - XİN-in mövqeyi backend

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, əcnəbilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə son qoymayıblar.

Bu məsələdə Aərbaycan Xarici İşlər Nazirliyinin sərt mövqeyi, xüsusilə tərtib etdiyi “qara siyahı”sı olsa da, sanki bəzi əcnəbi vətəndaşları bu siyahının mövcudluğu qorxutmur. Görünür, əcnəbilər XİN-nin arzuolunmaz şəxslər siyahısına salınmağı heçə sayırlar. Belə olmasa, Qarabağa qanunsuz səfərlər etməzdilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ətrafında səyləri olsa da – “qara siyahı” hazırlansa da, daha sərt addım atıla bilməzmi?
Digər tərəfdən dünyanın bir çox ölkələrində Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrə ezam olunmuş səfirlər niyə bu məsələdə aktiv olmaqla yanaşı, konkret mövqe sərgiləmirlər?
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında mövzu ətrafında yaranan suallara cavab verib. O bildirib ki, Azərbaycanın təcrübəsində yalnız arzuolunmaz şəxslərin siyahıya salınması məsələsi hər zaman olub.

Erməni lobbi dairələrinin üstünlüyü

“Burada əsas hədəflərimizdən biri ətrafımızda ictimai məlumatlandırmanın artırılmasının təmin edilməsidir. Təcrübə göstərir ki, işğal olunmuş ərazilərimizə səfər etmiş şəxslərdən bir çoxunun aldadılması prosesi baş verir və onlar yanlış şəkildə məlumatlandırılırlar. İkincisi, fikirlərinizlə tam olaraq razı olmaya bilərəm. O mənada ki, son illərdəki səfərlər fərqlidir. Mahiyyət etibarilə səfər edənlərin əksəriyyəti uzun müddətdir ki, erməni lobbiləri ilə sıx əməkdaşlıqda olan şəxslərdir. Məsələn, Amerikadan olan konqressmenlər. Onların hər işinə baxsaq, görərik ki, bütün siyasi karyeralarını, hətta, 1990-cı illərin sonlarından başlayaraq, işlərini erməni məsələsi ətrafında qurublar. Onların seçki dairələrində də erməni lobbisi üstünlük təşkil edib. Digər bir nümunə: Belçika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri işğal olunmuş ərazilərə səfər edib. Bu xanım Belçika parlamentində qondarma erməni soyqırımını gündəmə çıxaran şəxsdir. Uzun müddətdir ki, erməni lobbi dairələri ilə təmasdadır. Bu siyahını bir az da uzada bilərik”.

Ermənilərin təbliğat kampaniyası

XİN rəsmisi bildirib ki, Qarabağa qanunsuz səfər edənlərlə bağlı problem xarakterli məqamlar var.

“Meksikanın Azərbaycandakı səfiri bəyanatla çıxış edərək bildirdi ki, Meksika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Bundan əlavə, Meksika parlamentində Azərbaycanla əlaqədar dostluq qrupu var və həmin qrupun nümayəndələri də bəyanatla çıxış ediblər. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi xüsusilə, Aleksandr Lapşin hadisəsindən sonra Azərbaycan məsələsini elmi müstəviyə çıxarıb və elmi müstəvidə lazımi təqib xarakterli addımlar atdı.
Ermənistan və erməni lobbisi bütün resurslarını səfərbər edərək, arzuolunmaz şəxslər siyahısını hədəfə almaqla sanki onu nüfuzdan salmaq istiqamətində təbliğat kampaniyası aparıblar və bu əsnada da onlarla uzun müddət təmasda olan şəxsləri cəlb etmək istəyirlər. Təbii ki bu zaman həmin şəxslər ilk olaraq arzuolunmaz şəxslər siyahısına salınır. Həmin şəxsin fəaliyyəti və onun hərəkətləri, açıqlamaları pis qiymətləndirilərək, təqib addımlar və cinayət işinin açılması kimi məsələlər də gündəmdədir. Bu kimi tədbirlərə əl atılır. Ən vacib hədəfimiz beynəlxalq dərəcədə məlumatlandırmanın artırılmasıdır”.

Bəs Azərbaycanın diplomatik nümayəndəlikləri nə işlə məşğuldur?

Hikmət Hacıyev deyib ki, diplomatik nümayəndəliklər Qarabağa qanunsuz səfərlərlə bağlı heç də az iş görmür.

“Diplomatik nümayəndəliklərimiz bu sahədə kifayət qədər fəal iş aparırlar. Fəal işin nəticəsidir ki, Qarabağa qanunsuz səfərlərin qarşısı əsasəın alınıb. Əvvəllər Qarabağa qanunsuz səfərlər edən əcnəbi vətəndaşlarla bağlı Ermənistan tərəfi qanunsuz rejim yaratmışdı. Əcnəbi vətəndaşlarının pasportlarına möhür vurub qanunsuz viza da verirdilər. Sonradan bunun araşdırma obyekti olduğunu bilərək, artıq əcnəbi ölkələrin vətəndaşlarına viza vermirlər. Onlar vizasız olaraq işğal olunmuş ərazilərə daxil olurlar. O zaman Ermənistan tərəfi sadəcə möhür vurmaqla kifayətlənirdi. Daha sonra möhürün də araşdırma obyekti olduğunu görüb, onu da aradan götürdülər.
Əldə etdiyimiz məlumatlara görə, Yerevanda olan əcnəbilərə “qorxmayın, biz sizin pasportunuza heç bir möhür vurmayacağıq. Yalnız bir balaca kağız parçası verəcəyik. Pasportlarınızda işğal olunmuş ərazilərə səfərlə bağlı hər hansı qeyd olmayacaq. Sərbəst şəkildə həmin ərazilərə gedə bilərsiz” deyirlər. Çünki əksər əcnəbi vətəndaşlar Dağlıq Qarabağa getməkdən çəkinirlər. Ona görə də bunlar məlumatlandırma xarakterli işlərin nəticəsidir. Diplomatik nümayəndəliklərimizə gəldikdə isə, onlar fəaliyyət göstərdikləri ölkələrin KİV-ri vasitəsilə məsələ barədə məlumat verirlər. Dünyanın əksər ölkələrindəki xarici işlər nazirlərinin, o cümlədən, ATƏT-in Minsk qrupu ölkələrinin internet saytlarına baxsanız, görərsiniz ki, həmin ölkələrə belə bir səyahət xəbərdarlığı qoyulub: Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinin!. Həmin səfərlər qanunsuz xarakter daşıyır və orada həyatınız üçün risklər mövcuddur! Bu da diplomatik nümayəndəliklərin fəaliyyətlərinin nəticəsidir”.

Türkiyə vətəndaşlarının Qarabağa qanunsuz səfərlər etməkdə məqsədi nədir?

XİN rəsmisi sonuncu dəfə Türkiyə vətəndaşlarının Qarabağa qanunsuz səfərini də şərh edib.

“Bu məsələyə geniş aspektdən baxmaq lazımdır. Bzim üçün ölkələrin rəsmi mövqeyi əsasdır. Qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi bəllidir. O cümlədən digər ölkələrin mövqeyinə baxsaq, görərik ki, münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdırlar. Bu kimi səfərləri heç bir halda rəsmi mövqe kimi qəbul etməməliyik. Hətta, parlament səviyyəsində edilən səfərlərə də rəsmi don geyindirmək lazım deyil.
Bu səfər fərdi xarakter daşıyır. Qardaş Türkiyənin münaqişə ilə bağlı mövqeyi var. Bununla əlaqədar Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri çox aydın mövqe sərgilədi. Respublika prokurorluğu tərəfindən lazımi hüquqi və təqib xarakterli addımlar atıldı və bu məsələdə də Türkiyənin vacib orqanları ilə təmasımız davam etdirilir”.
Diaspora