“Qarabağdakı Suriya erməniləri Avropaya qaçırlar...”

“Qarabağdakı Suriya erməniləri Avropaya qaçırlar...” backend

Ermənilərin işğal altındakı Azərbaycan torpaqlarını məskunlaşdırmaq planları baş tutmur...

Qarabağ qazisi Novruz Qəriboğlu Məmmədzadə Moderator.az-da dərc olunmuş “ABŞ şirkəti Zəngilanda yeni məktəb açdı” xəbərinə maraqlı şərh verib.

“Zəngilan rayonu” adlı “Facebook” səhifəsinin rəhbəri olan qazi işğal altındakı bu bölgəmizin hazırkı durumu haqqında əlavə məlumatlar da verib. Məlumatda son illər Ermənistan hökumətinin dəstəyi ilə Azərbaycan torpaqlarına yerləşdirilən müharibə zonasından qaçqın düşmüş Suriya ermənilərinin artıq ağır iqtisadi duruma tab gətirməyərək Avropadan sığınacaq almaqla oraya köçdükləri də vurğulanır.



“Moderator.az-ın yeni məktəb tikilməsi haqda yazdığı “Muş” kəndi Zəngilanın Müşlan kəndidir, ermənilər “Muş” deyirlər. Məktəb Muşlan yaxınlığındakı Üdgün (Üdgünə “işğalçılar Alaşkert” deyillər) kəndində açılıb. Əvvəldən bir bina vardı orada məktəb kimi – onu bərpa ediblər...

Zəngilanın bəzi kəndlərində bir neçə beş-üç nəfərlik ailə təsərrüfatla məşğul olur. Və onların uşaqları o məktəblərdə təhsil alırlar. Zəngilan şəhəri (Zəngilan Kovsakan deyillər), Mincivan (“Mijnevan” deyirlər) qəsəbəsi və Cahangirbəyli ( Cahangirbəylini “Van” adlandırırlar) kəndində də bu cür məktəblər var. Zəngilan şəhərindəki məktəb Tatul Krpeyanın (Çaykənd döyüşlərində gəbərdilib), Mincivandakı məktəb isə sovet dövründə bədnam ermənipərəst deputat kimi məşhur olan Yelena Stravoytovanın adını daşıyır...

Əsas məsələ odur ki, ermənilər nə vaxtsa gedəcəklərini bildikləri üçün Zəngilanı Şuşa və Laçın kimi ”bərpa” etməyə çalışmırlar. Suriyadan Zəngilana gələnləri izləyirdim bir zamanlar. Artıq onlar da buradakı ağır iqtisadi duruma tab gətirməyərək Avropadan qaçqın statusu alıb yavaş-yavaş köçürlər...”-deyə Novruz Qəriboğlu yazır.



Onu da xatırladaq ki, Zəngilan rayonunun işğalından sonra zengilan.com saytını təsis etmiş Qarabağ qazisi Novruz Qəriboğlu bir neçə il öncə maliyyə çətinlikləri ucbatından həmin saytın fəaliyyətini dayandırmağa məcbur olub.
Diaspora