Aprel şəhidinin doğum günüdür - Tank komandiri haqqında film çəkildi

Aprel şəhidinin doğum günüdür - Tank komandiri haqqında film çəkildi backend

Bu gün 2016-cı ilin aprel döyüşləri zamanı cəbhənin Goranboy istiqamətində Talış yüksəklikləri uğrunda döyüşlərdə ağır yaralandıqdan sonra şəhid olan tank komandiri gizir Rahim Tağıyevin doğum günüdür.

Şəhidin xanımı Vüsalə Tağıyeva Modern.az-a açıqlamasında bildirib ki, Rahim yaşasaydı bu gün 38 yaşını qeyd edəcəkdi. Onun sözlərinə görə, ötən il olduğu kimi bu il də Rahimin hərbçi dostları onları tək qoymayıblar:

“Hərbçi dostları bu gün bizi tək qoymadılar. Onlar Şəhidlər Xiyabanını ziyarət edib, sonra da uşaqları hədiyyələrlə sevindirdilər. Çox sağ olsunlar. Bu gün uşaqların oxuduğu Mingəçevir şəhər 13 saylı məktəbdə də Rahimin doğum gününü qeyd etdilər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı və ARB24 kanalının texniki dəstəyi ilə çəkilmiş “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı qısametrajlı sənədli filmi də məktəbdə hər kəsə təqdim etdilər. Bir neçə gün öncə də həmin film Mingəçevir Dram Teatrında şəhər ictimaiyyətinə təqdim edilmişdi. Şəhidimizə verdikləri bu qiymətə görə, bizi tək qoymadığı üçün hər kəsə təşəkkür edirəm”.

Modern.az “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” adlı qısametrajlı sənədli filmi oxucularına təqdim edir.

Diaspora