“Tərtərdə keçirilən “Bayraq yürüşü” kimi möhtəşəm bir tədbir xatırlamıram. Birinci dəfə idi ki, cəbhə bölgəsində belə tədbir keçirilirdi. Gördüyüm və iştirak etdiyim yürüşlərin ən böyüyü idi”. Bunu Modern.az-a açıqlamasında milli qəhrəman Məhəmməd Həsənov deyib.
Keçmiş döyüşçü, belə tədbirlərin mütəmadi olaraq keçirilməsini vurğulayıb.“Vaxtilə Qarabağ döyüşlərində ayaqlarımı şaxta kəsib. Amma bu gün də müharibə olsa biz keçmiş döyüşçülər vətənin müdafiəsinə qalxmağa hazırıq. Tərtərdəki “Bayraq yürüşü” çox yaxşı düşünülmüş addım idi. Mən səhər saat 10-nun yarısından Goranboydan Tərtərə gəlmişdim. Rayon camaatının üzündə bir mübarizlik vardı. Keçmiş döyüşçülər də Tərtərdəki bayraq yürüşünə həvəslə gəlmişdi. Belə tədbirlərin cəbhə bölgəsində həyata keçirilməlidir. Müdafiə naziri Zakir Həsənovla bir dəfə də olsun görüşümüz olmayıb. Yaxşı olardı ki, müdafiə naziri keçmiş döyüşçülərlə bir araya gəlsin. Milli Qəhrəmanlarımızı, keçmiş döyüşçlərimizi yaddan çıxarmaq olmaz axı. 10-15 nəfər milli qəhrəman var ki, müdafiə naziri onlarla heç görüşməyib. Biz görüşə hər zaman hazırıq”
Qeyd edək ki, noyabrın 8-də Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.