Dünən Mingəçevir Dram Teatrında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkilmiş “Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” adlı qısametrajlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, ASGA sədri Səbuhi Abbasov bildirib ki, ARB24 kanalının texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir.”Biz aprel döyüşlərində igid əsgərlərimizin şücaətini paytaxt və region gəncləri arasında təbliğ etməyi qarşıya əsas hədəf kimi qoymuşuq. Biz ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Gənclər Fondunun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 kanalının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”, – deyə S.Abbasov bildirib.
Mingəçevir Dram Teatrın baş direktoru Səxavət Məmmədov isə bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib.
Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevə isə çıxışında onun ailəsinə göstərilən diqqət və qayğıdan dolayı hər kəsə təşəkkür edib.
Daha sonra filmin ərsəyə gəlməsində xidməti olan texniki heyətə ASGA adından diplomlar, disklər və suvenirlər hədiyyə edilib.
Qeyd edək ki, bu ASGA-nın efir üçün hazırladığı sayca 3-cü peşəkar sənədli filmdir.