"Aprel döyüşləri düşmənə sübut etdi ki, Azərbaycanın nə qədər qəhrəman oğulları var. Düşmən bilsin ki, işğaldan azad etdiyimiz yerlərdə ucaldılan bayrağımız bir gün işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq".
Bunu AzVision.az-a aprel döyüşlərində şəhid olan "Murov Qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun oğlu Aqşin Orucov deyib.Hazırda ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alan Aqşin Orucovun ən böyük arzusu səfir olmaqdır.
"ADA universitetindəki təhsildən razıyam. Atam da burada təhsil almağımı istəyirdi. Atamın arzusunu yerinə yetirdiyim üçün xoşbəxtəm. Çalışıram ki, atamın adına layiqli təhsil alım. Nəticələrim hamısı yüksəkdir. Ən böyük arzum səfir olmaqdıdır. Bu sahə üzrə təhsil alıram. Gələcəkdə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək istəyirəm" - Aqşin Orucov əməkdaşımızla söhbətində deyib.