Zahid Orucun Qarabağ TƏKLİFİ - Elxan Şahinoğlu lehinə, Bayram Səfərov əleyhinə çıxdı

Zahid Orucun Qarabağ TƏKLİFİ - Elxan Şahinoğlu lehinə, Bayram Səfərov əleyhinə çıxdı backend

“Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm. Bir sətir ilə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq.

Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən, 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi, Dağlıq Qarabağa da vəsait ayırıb. Amma məsələ işğal reallığına görə işləmir”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc 2018-cil dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Deputatın dövlət büdcəsindən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif etməsinə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov münasibət bildirib.


O, Modern.az-a açıqlamasında deyib:
“Bu gün Dağlıq Qarabağda nəyimiz var ki? Büdcə nəyə lazımdır? Əgər lazım olsa, cənab prezident hamısını nəzərə alır. Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, əlavə informasiyaların verilməsi üçün isə büdcədən pul ayrılmasına razıyam. Əlbəttə, bunu yaxşı qəbul etmək olar”.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə düşünür ki, bu təklifin siyasi effekti var:

“Yəni biz büdcədən Dağlıq Qarabağa vəsait ayırmaqla göstəririk ki, həmin ərazilər bizə məxsusdur, Azərbaycan büdcəsindən maliyyələşməlidir və Ermənistanla bağlılığı yoxdur. Lakin bu bir jestdir, mesajdır. Ancaq o demək deyil ki, biz separatçılara pul ayıracağıq. Dağlıq Qarabağda oturanlar Azərbaycan qanunlarını tanıdığı, ərazi bütövlüyümüzə razılıq verdiyi halda bu çağırışlar avtomatik reallığa çevriləcək.
Zahid Orucun dediyi kimi, necə ki, bu gün Naxçıvan Muxtar Respublikasına maliyyə ayırırıq, eynilə Dağlıq Qarabağ üçün də büdcə formalaşacaq. Bunlar tam normal məsələlərdir və bunun üçün indidən addım atılmasına da müsbət baxıram. Əslində bu, beynəlxalq aləmə ünvanlanmış mesajdır. Yəni biz Dağlıq Qarabağı özümüzünkü sayırıq və vətəndaşlar da Azərbaycan büdcəsindən maliyyələşməlidir. Amma bunun üçün Ermənistan qoşunları həmin ərazidən çıxarılmalıdır. Biz Dağlıq Qarabağı maliyyələşdirməyə hazırıq, yetər ki, işğala son qoyulsun”. (modern.az)
Diaspora