Umud Rəhimoğlu Qətərdə Qarabağdan danışıb

Umud  Rəhimoğlu Qətərdə Qarabağdan danışıb backend

BAMF prezidenti Umud Mirzəyev Əl Cəzirə Media Şəbəkəsinin xüsusi dəvəti ilə Qətərdə səfərdədir. Ötən gün Əl Cəzirə Media Şəbəkəsinin 21-ci ildönümü mərasimində iştirak edən Umud Mirzəyev “Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son, 2 Noyabr Beynəlxalq Gün” münasibəti ilə UNESCO-nun dəstəyi ilə Əl Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları İdarəsi tərəfindən keçirilən Beynəlxalq Simpoziumda iştirak edib.

Qaziler.az bildirir ki, simpozium, siyasi və humantiar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklər, informasiya azadlığının təşviq edilməsində media institutları və təşkilatları arasında həmrəyliyin qurulması, eləcə də sülh quruculuğu və etik jurnalizm prinsiplərinə hörmət və digər sahələri əhatə edib. Tədbirdə Əl Cəzirə Media Şəbəkəsinin fəaliyyətini əks etdirən, 17 beynəlxalq media qurumunun eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondunun həmrəyliyi ilə çəkilən videorolik nümayiş olunub. Simpoziumda Beynəlxalq Mətbuat İnstitutu, Karib ölkələri Mətbuat Şəbəkəsi, Etik Jurnalistlər Şəbəkəsinin, Afrika Media Təşəbbüsləri Şəbəkəsi, Ərəb Ölkələri İnsan Haqları Birliyi, Avropa Araliq dənizi ölkələri insan haqqları Şurası və bir sıra digər beynəlxalq qurumların rəhbərləri çıxışlar edib. BAMF sədri Umud Mirzəyev Simpoziumda “Siyasi və humantiar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklər“ mövzusunda çıxış edib. Çıxış auditoriyanın geniş marağına səbəb olub.
Çıxışın bütov mətnini təqdim edirik:

Hörmətli tədbir iştirakçıları, əziz dostlar, həmkarlar!
Mən siyasi və humanitar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklərdən danışmaq istəyirəm. Dünya od içində yanır. 50 –dən çox münaqişə bölgəsi vardır. Müharibə bölgələrinin demək olar ki, hamısı peşəkar jurnalistikanın üzünə bağlıdır. Həmkarlarımızın təhlükəli tapşırıqlarda müharibə və münaqişə bölgələrində öldürülməsi, oğurlanması, hədə qorxulara, terrora məruz qalması halları ilə hər gün rastlaşırıq. Sual olunur ! Bütün bunlara nə zaman son qoyulacaq? Bunların səbəbi nədir? Bildiyiniz kimi müharibənin, konfliktin siyasi və humanitar böhranların ilk qurbanı həqiqətdir. O həqiqət ki, o həm də peşəkar jurnalsitikanın əlində olan silahdır. O həqiqət ki, nə qədər acı, nə qədər ağrıdıcı olsa da, insanların arasında əminamanlığa, barışa xidmət edir. Müharibə bölgələrinin öz qanunları var. O qanunlar konfliktə maraqlı tərəflərin, supergüclərin diqtəsi ilə formalaşır və peşəkar, azad jurnalistikanın üzünə qapıları bağlayır. Bu yerdə mənim 80-ci illərin sonlarında 90-cı illərin əvvəllərində şahidi olduğum Sovetlər Birliyinin dağılmasını xatırlatmağım yerinə düşər. Dünyanın ən nəhəng imperiyasının dağılması çoxsaylı etnik münaqişələrlə müşayət olunurdu. O vaxtlar Qafqazda, Pribaltikada, Orta Asiyada münaqişələr alovlanmaqdaydı. Bütün bu münaqişələrlə bağlı Sovet rəhbərliyi informasiya vakuumu yaratmışdı. Kremlin süzgəcindən keçən məlumatlar isə həqiqəti əks etdirmirdi. O dövrdə həqiqəti əks etdirmək istəyən, münaqişə bölgələrindən reportajlar hazırlayan, Leonid Lazarevich, Valeriy Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov və digərləri münaqişələrin ilk qurbanları idi. Salatın Əsgərova Qarabağ münaqişəsi zamanı həlak olan ilk qadın jurnalist kimi bu gün də yaddaşlarımızda, xatirələrimizdə yaşayır. Daha sonra Sintia Elbaum, Viktor Popkov Çeçenistanda, Georgi Çanya Abxaziyada, Kazımağa Ağayev, Çingiz Mustafayev Qarabağda peşə fəaliyyətlərini yerinə yetirərkən həlak oldular. Sonradan post Sovet məkanında baş verən münaqişələri işıqlandıran yüzlərlə jurnalistin adı bu siyahıya əlavə olundu.
Son vaxtlara kimi jurnalistlərin təhlükəsizliyinin qorunması yalnız Cenevrə Konvensiyasının 49-cu maddəsi ilə “Silahlı münaqişələr olduğu yerlərdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, mülki vətəndaşlar kimi qəbul edilməlidir” bəndi ilə qorunurdu. Bu zaman mülki əhali üçün tətbiq olunan beynəlxalq hüquq və normalar jurnalistlərə də şamil olunurdu. 2013-cü il, 2 noyabr tarixli BMT–nin Baş Assambleyası tərəfindən “Jurnalistlərin təhlükəsizliyi və Cəzasızlıq məsələsi” ilə bağlı xüsusi qətnamənin qəbul edilməsi isə artıq jurnalistlərin təhlükəsizliyinin əlahiddə qorunmasının təmin edilməsi baxımından vacib sənəd oldu. Lakin bu, problemin əsaslı şəkildə həll edilməsi üçün yenə də yetərli deyildir.
Ötən 2016-cı il də, jurnalistlərin təhlükəsizliyinin qorunması baxımından neqativ hallarla yadda qaldı. 77 jurnalist peşə borcunu yerinə yetirərkən həlak oldu. Onlara qarşı törədilən bu cinayətlərin 30 % -nin motivi məlum olmamış və bu gün də açılmamışdır. Ümumilikdə son 10 ildə təxminən 1000-dən çox jurnalist peşə fəaliyyəti zamanı həlak olub.
Dünyada mövcud və dondurulmuş münaqişələr, muzdlu silahlıların əlində olan və beynəlxalq hüququn prinsiplərini tanımayan nəzarətsiz qalmış ərazilərdə baş verənlər, qanunun aliliyin qorunmasındakı mövcud problemlər, qeyri obyektiv informasiyanın yayılması, jurnalistikanın təməl prinsiplərinin pozulması jurnalist təhlükəsizliyinin qorunmasına əngəl olan əsas faktorlardır. Bütün bunların qarşısının alınması üçün vətəndaş cəmiyyəti ilə yanaşı, dövlətlərin də jurnalistlərin fəaliyyətinin təhlükəsiz qurulması, cəzasızlığın aradan qaldırılması kimi məsələlərdə yekdil rəyi olduqca əhəmiyyətlidir. Digər tərəfdən jurnalistlər üçün ümumi qəbul edilmiş prinsiplərin tətbiqinin gücləndirilməsi, münaqişə bölgələrində jurnalistlər üçün xüsusi dəhlizin açılması, jurnalistlərin humanitar böhran və münaqişələrin işıqlandırılmasına dair peşəkar təlimləndirilməsi də ciddi şəkildə nəzərə alınmalıdır.

Təcrübə göstərir ki, müharibə şəraitində insan haqları ilə bağlı fundamental dəyərlər öz yerini, əsasən humanitar beynəlxalq hüququn norma və qaydalarına vermiş olur. Bu isə, müharibə şəraitində yaşayan ölkələrdə jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsələlərin ikinci plana çəkilməsi ilə nəticələnir. Lakin düşünürəm ki, məhz müharibədən əziyyət çəkən regionlarda jurnalist hüquqlarının qorunması, azad sözün təbliği kimi vacib məsələlər ön sıralarda yer almalıdır. Hesab edirəm ki, münaqişə dövründə jurnalistlərin təhlükəsizliyinin beynəlxalq normalar əsasında qorunması, münaqişə bölgələrindən doğru informasiyanın çatdırılması əslində münaqişənin aradan qaldırılması üçün beynəlxalq birliyin vahid mövqeyinin formalaşması üçün olduqca vacibdir.
Mənim təmsil etdiyim Azərbaycan da müharibədən əziyyət çəkən bir ölkədir. Ölkənin 20 faiz ərazilərinin işğalı ilə nəticələnən Qarabağ müharibəsinin başladığı 90-cı illərin əvvəllərindən bu günə kimi bu münaqişə ocağında peşə fəaliyyəti ilə məşğul olan 9 jurnalist qətlə yetirilmişdir. Lakin baş verənlərə görə beynəlxalq birlik qanlı əməllər törədənləri, dünyanın gözünə baxa-baxa işğal faktorunu davam etdirənləri hələ də ciddi olaraq nə hüquqi, nə də siyasi qınaq obyektinə çevirməmişdir.

Əziz dostlar, çox dəyərli həmkarlarım !
20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq bu gün də ssenari dəyişməmişdir. Jurnalistlərin peşə vəzifələrini yerinə yetirərkən təhdidlərə məruz qalması, onların həbslərə atılması, öldürülməsi dünya mediasının ən yaralı yeridir. Bu baxımdan Əl Cəzirənin jurnalistlərin təhlükəsizliyin qorunması üçün beynəlxalq birliyin səfərbər edilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndiririk. Tam əminliklə demək istəyirəm ki, həm ərəb dünyasında, həm də dünyanın müxtəlif ölkələrindəki separatçı çağırışlar, silahlı münaqişələri daha da qızışdırmaq cəhdləri, vəziyyətin kəskinləşdirilməsindən bəhs edən süjetlər çox vaxt xüsusi və korporativ maraqlara xdmət edir və qarşıdurmaların yaradılması üçün istifadə olunur.
Mən buradan bütün media işçilərinə səslənirəm, hadisələrin real qiymətləndirilməsi, doğru informasiyanın yayılmasında daha məsuliyyətli, həssas və qərəzsiz olmağa çağırıram. Düşünürəm ki, fundamental azadlıqlar və insan haqlarının qorunması, heç bir fərq qoyulmadan böhran dövründə əsas strateji movqey olmalıdır. Bunun ana xətti isə obyektiv informasiyaya söykənən həqiqət məfhumudur. Bu işdə jurnalist təşkilatlarının hər biri jurnalist hüquqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi, azad sözün sərbəst ifadəsi kimi məsələlərdə barışmaz mövqey nümayiş etdirməli, həmrəy olmalıdırlar.
Diqqətinizə görə təşəkkür edirəm.
Diaspora