İtaliyanın “East Journal” nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqaləsində azərbaycanlılarla ermənilər arasında insani münasibətlərə diqqəti cəlb edib. Və İrəvanda azərbaycanlılar haqda erməni cəmiyyətində hökm sürən nifrət ab-havası ilə bir qədər uzlaşmayan fikirlər ifadə edən üç gənc də “aşkarlayıb”.
Virtualaz.org xəbər verir ki, məqalədə münaqişənin tarixçəsindən bəhs olunur, Qarabağda müharibənin getdiyi illərdə anadan olmuş erməni və azərbaycanlıların bir-birlərinin üzünü görmədikləri yeni nəsil kimi yetişdikləri qeyd edilir.Daha sonra məqalədə özünü Mariam, Aevik və Ovik kimi təqdim edən üç erməni tələbənin münaqişəyə dair baxışlarına yer verilir. İrəvan Dövlət Universitetinin tələbəsi olan 25 yaşlı Mariam deyir ki, Azərbaycan onu həmişə maraqlandırıb. “Mən bir dəfə Azərbaycana getmək istədim. İstəyirdim görüm orada vəziyyət necədir, insanlar necə yaşayır, hərçənd başa düşürəm ki, hər şey dəyişməsə bunu etmək mümkün olmayacaq”-o deyir.
Erməni tələbə qız bildirir ki, iki ölkə arasında gərginliyin azalması üçün erməni cəmiyyəti azərbaycanlılarla bağlı bir çox düşüncələrindən əl çəkməlidir. “Biz hökumət və ya rəsmi təbliğat edir deyə bütöv xalq barədə mühakimə yürüdə bilmərik. Mən hesab etmirəm ki, azərbaycanlılar erməni KİV-lərində təsvir olunduğu kimi bədheybət adamlardır. Onlar da bizim kimi müharibə dəhşətləri ilə üzləşiblər, qohumlarını, yaxınlarını itiriblər. Necə də olsa onların vəziyyətini başa düşməliyik”-Mariam bildirir.
23 yaşlı digər tələbə Arevik də deyir ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə verməməsindən təəsüflənir. “Bizim insanlar sülh istəyir, onlar bu vəziyyətdə yaşamaqdan bezib, qorxurlar ki, istənilən vaxt yeni müharibə başlayacaq. Və ildən ilə vəziyyət pisləşir. Bizim hökumət məsuliyyəti üzərinə götürüb həll yolunu tapmalıdır”-o, fikirlərini ifadə edir.
24 yaşlı Ovik isə Ukraynada təhsil alanda azərbaycanlı ilə dost olub. Deyir ki, aralarında yaxşı münasibət yaranıb, hərçənd siyasət və Qarabağ haqda danışmırdılar. Bilirdilər ki, bu məsələdə mövqeləri fərqlidir. Hərçənd məsələnin ancaq sülh yolu ilə həllinin mümkün olduğuna inanırdılar. “Biz sonradan Tblisidə görüşdük. Çünki ora görüşmək üçün yeganə münasib yerdir”-erməni tələbə deyir.
“Mariam, Aravik və Ovikin nümunəsi müstəsna haldır. Erməni cəmiyyətinin böyük hissəsi Azərbaycana və onun əhalisinə olduqca mənfi yanaşır”-“East Journal” qeyd edir.
Virtualaz.org