“Aprel şəhidi”nin nişanlısı: “Murad axırıncı dəfə zəng edəndə məndən halallıq istədi” - MÜSAHİBƏ

“Aprel şəhidi”nin nişanlısı: “Murad axırıncı dəfə zəng edəndə məndən halallıq istədi” - MÜSAHİBƏ backend

2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Murad Məmmədov həmin ərəfədə nişanlı idi. Murad Məmmədov 1989-cu ilin 17 aprel günündə Sumqayıt şəhərində anadan olub. 2016-cı il aprelin əvvəlində baş vermiş şiddətli döyüşlərdə şəhid olub. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Modern.az saytı şəhidin nişanlısından müsahibə alıb. Məlum səbəblərdən şəhidimizin nişanlısının şəklini və adını təqdim etmirik.

-Siz Muradla neçə müddət idi ki, nişanlanmışdınız?

-Cəmi 15 gün idi ki, nişanımız olmuşdu.

-Münasibətlərinizin yaranmasına valideynləriniz səbəb olmuşdu?

-Xeyr. Nişanlanmağımıza özümüz razılıq vermişdik. Çünki aramızda bir neçə ay idi ki, sevgi vardı. Özümüz tanış olmuşduq.

-Hər kəs kimi hərbi sahənin asan olmadığını bilirdiniz. Nə vaxtsa Muradı hərbidən uzaqlaşdırmaq haqqında düşünmüşdünüz?

-Heç vaxt belə fikirdə olmamışam. Həyatda sabahımızın necə açılacağını bilmirik. Ona görə də sevdiklərimizi necə bir talenin gözlədiyindən xəbərsizik. Hər halda, mən də sevdiyim insanı itirmək istəməzdim. Digər tərəfdən isə Murad ölməyib. O şəhidlik zirvəsinə yüksəlib. Muradın hərbçi kimi vətənə xidmət etməyindən həmişə qürur duymuşam. Murad özü də deyirdi ki, o, vətənə xidmət etmək üçün doğulub. “Vətən yolunda şəhid olanlar məndən əskik oğlanlar deyil” söyləyirdi.
Biz nişanlananda Muradın narahat olduğunu hiss etmişdim. 2016-cı ilin 28 martından Muradla əlaqə saxlamağa çətinlik çəkirdik. Təlimlərdə olurdu. Amma aprelin 1-dən sonra cəbhədən müharibə xəbəri gəlməyə başladı. Muradla axırıncı telefon zəngimiz aprelin 3-də alındı. O, telefonda məndən halallıq istədi. Müharibədir, nələrin baş verəcəyinin bilinmidiyini söylədi, sonra da “Özünə yaxşı bax” dedi. Özü və dostları ilə bağlı ümidli deyildi. Təbii ki, Muradın bu cür sözlərinə etiraz etdim. “Bu nə sözlərdir danışırsan. İnşallah qayıdıb gələrsən” dedim.

-Bilmirəm, necə soruşum: nişanlınızı yuxularınızda görə, onunla xəyalən danışa bilirsiniz?

-Təbii, Murad tez-tez yuxuma gəlir. Hiss edirəm ki, o da məni görür. Onun gözlərini ümidli görürəm. Çünki şəhidlər həmişə zirvədə olur, ondandır.

-Nişan üzüyünüz hələ də sizdədir, onu taxırsınız, yoxsa..?

-Əlbəttə məndədir. Amma üzüyü çıxarmışam. Üzüyü taxmağımı nə onun, nə də mənim valideynlərim istəyir. Onların məsləhəti ilə taxmıram. Amma Muradın mənə hədiyyə aldığı qızıl boyunbağını hələ də taxıram. Murada olan sevgim hələ də mənimlədir. O sevgi tükənməyib...

-Müsahibənin əvvəlində dediniz ki, Muradın valideynləri ilə əlaqəniz var. Onlar sizə nə arzulayırlar? Sizi gəlinlikdə görmək arzularını dilə gətirirlərmi?

-Onlar məni xoşbəxt görmək istədiklərini deyirlər. Necə ki, övladlarının xoş gününü görmək istəyirlər, məni də övladlarından ayırmırlar. Onlar məni gəlinlikdə də görmək istəyirlər. Amma indiki halda bu cür məsələləri düşünmürəm. Hər şey Allahın qismətindən asılıdır. Qismətimizdə nə varsa, odur.
Diaspora