Rusiya İstintaq Komitəsi erməni yalanlarını ifşa edən tarixçi-alimə qarşı cinayət işi açmaqdan imtina edib

Rusiya İstintaq Komitəsi erməni yalanlarını ifşa edən tarixçi-alimə qarşı cinayət işi açmaqdan imtina edib backend

Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyov oktyabrın 4-də milliyyətçə erməni olan vəkil Ruben Kirakosyanın O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu barədə qaldırdığı iddia haqqında qərar çıxarıb.

Qərara əsasən, O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında ermənilərin iddia etdiyi milli zəmində nifrətə təhrik əlamətləri aşkarlanmayıb. Nəticədə İstintaq komitəsi məlum monoqrafiyada cinayət tərkibinin olmamasını əsas gətirərək cinayət işi açmaqdan imtina edib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən O. Kuznetsov bildirib ki, "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" monoqrafiyası ilə bağlı ermənilərin iddiası əsasında iki ay müddətində yoxlama aparılıb: "Kompleks təhqiqat aparılıb, çoxlu sayda insanlar dindirilib. Monoqrafiyanın mətni artıq üçüncü dəfə ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə görə, monoqrafiyada milli zəmində nifrətə təhrik çağırışları qeydə alınmayıb. Toplanan materialların əsasında cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar çıxarılıb".

Rusiyalı tarixçi İstintaq Komitəsinin məlum qərarına çox sevindiyini bildirib: "Rusiya femidası ədalətini göstərdi, Rusiyada qanunlar alidir. İstintaq Komitəsinin son qərarı da bunu bir daha sübut etdi. Bizim ölkədə hüquq-mühafizə orqanları müəyyən etnik qrupların arzu və istəklərini deyil, qanunları icra edir".

Qeyd edək ki, Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Stepanoviç Kirakosyan bir qrup erməni ilə bilikdə bu ilin iyulun 10-da Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə tarixçi alim O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər. Ermənilər A. Bastrıkinin qəbulunda olan zaman şikayət ərizəsi yazmayıblar. Bu, şifahi müraciət olub. A. Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib.

Bu ilin avqust ayında O. Kuznetsov ermənilərin məlum şikayəti əsasında Rusiya İstintaq Komitəsində dindirilib.

Xatırladaq ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.
Diaspora