Uzun illərdir ki, yağı caynağında inləyən Qarabağımız bizdən imdad diləyir, xilas yolunu gözləyir. 25 ildir gözüyaşlı analarımız bu savaşa son qoyulmasını, ahıllarımızın, körpələrimizin köksünü al qana boyayan namərd düşmənin yerində oturdulmasını istəyir. Xocalı faciəsi zamanı yollarda donub buz heykələ dönən, Ağdamda başından snayperlə vurulan, Füzulidə balaca köksü param-parça olan körpələrin ruhları da hər gün haray çəkir.
“Bizim qisasımızı alın”-deyir. Amma nə yazıq ki, o harayı, o faciələri nə hamılıqla duya bilirik, nə də eşidirik. Sanki çoxlarımız hələ də “məndən ötsün, qardaşıma dəysin” əqidəsi ilə yaşayır. Ölkəmiz ağır müharibə şəraitində yaşayır.İllərdir ki, gənclər hərbi xidmət keçərkən düşmən tərəfindənöldürülür və yaxud əlil olurlar. Bu qədər dərdin, kədərin içərisində cəmiyyətimiz tamam başqa bir abhavada yaşayır. Hər gün televizyalarda, radiolarda çal oynasın, vur çartlasın şou proqramları, əyləncələr, restoranların, yeməkxanaların reklamları, qəzetlərin əksəriyyətində isə dedi-qodu, kim-kimlə evləndi, kim-kimlə boşandı söhbətləri baş alıb gedir. Cəmiyyətin güzgüsündə bu neqativ hallar açıq-aşkar görünür. Danılmaz həqiqətdir ki, müharibə gedən ölkədə ən güclü silah təbliğatdır. Hətta silahlarla əldə edilməyən qələbəni ideoloji təbliğatla qazanmaq mümkündür.Yaşlı nəslin yaddaşında qalmış olar, Sovet dönəmində ölkəmizin bütün bölgələrində ,paytaxt şəhərimiz Bakının küçələrində ağ saçlı, zəhmli baxışlarla yumruqlarını düyünləmiş ananın Vətən çağırır yazılmış plakatlar “Hər şey vətən üçün, hər şey qələbə üçün” və buna bənzər şüarlar mühüm əhəmiyyət daşıyıb, insanlarda böyük ruh yaradıb. Ölkələrin böyük əksəriyyətində ,xüsusilə qardaş Türkiyədə sosial reklamlarla bağlı çox gözəl bir ənənə var. Şəhidlərin şəkillərini müxtəlif reklam lövhələrində yerləşdirməklə həm cəmiyyətə vətənpərvərlik hissini aşılayır, həm də milli qəhrəmanlarını tanıdırlar.
Yaşlı nəslin yaddaşında qalmış olar, Sovet dönəmində ölkəmizin bütün bölgələrində ,paytaxt şəhərimiz Bakının küçələrində ağ saçlı, zəhmli baxışlarla yumruqlarını düyünləmiş ananın Vətən çağırır yazılmış plakatlar “Hər şey vətən üçün, hər şey qələbə üçün” və buna bənzər şüarlar mühüm əhəmiyyət daşıyıb, insanlarda böyük ruh yaradıb. Ölkələrin böyük əksəriyyətində ,xüsusilə qardaş Türkiyədə sosial reklamlarla bağlı çox gözəl bir ənənə var. Şəhidlərin şəkillərini müxtəlif reklam lövhələrində yerləşdirməklə həm cəmiyyətə vətənpərvərlik hissini aşılayır, həm də milli qəhrəmanlarını tanıdırlar.
Bəs görəsən torpağının 20% -dən çoxunu itirən ölkəmizdə necə, vətənpərvərlik, düşmənə nifrət təbliğatı hansı vəziyyətdədir?! Ümumiyyətlə, qəhrəmanlıq mövzusunda , gənclərin təlim –tərbiyyəsində ,Qarabağla , onun azad edilməsi ilə bağlı plakatlar, afişalar, şüarlar , reklam rolikləri varmı?
Bizi narahat edən suallara cavab tapmaq ümidi ilə paytaxt Bakının küçələrində olan reklamların monitorinqini keçirdik. İnsanların gur axınının və ən bahalı reklam lövhələrinin Fəvvarələr meydanında olmasını nəzərə alaraq adı çəkilən yerdən başladıq. Əksəriyyəti yaxınlıqdakı geyim mağazalarının, pivə , siqaret , ətirlər , “Azercell” və digər reklamların elə bir mənəvi önəm daşımadığından adlarını yazmağı vacib bilmədik. Burada Qarabağa aid heç bir reklama rast gəlmədik. Üz tuturuq xarici turistlərin daha çox gəzdiyi qədim İçərişəhərə. Doğrusu burada tariximizi əks etdirən bəzi lövhələrə rast gəlsək də , mədəniyyətimizi ,tariximizi yetərincə əks etdirən. İnşaatçılar prosrektində gördüyümüz mənzərə bizi təəccübləndirdi. 175 və 176 saylı orta məktəblərin yanında açıq-saçıq formada “Mələyin öpüşü” filiminin reklamı, digər tərəfdə “Bir dəfəyə 30000 kredit aldım” və qumar oyunu olan Topazın reklamlarına rast gəldik. Görəsən bu cür afişalar, reklam löhvələri məktəb yaşlı uşaqların tərbiyəsində hansı müsbət rol oynayır? Hələ reklamların əksəriyyətində əxlaqi normalara uyğun olmayan təsvirləri dilə gətirməyə çətinlik çəkirik. Yəqin ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi bu biyabırçılığa son qoymaq üçün hərəkətə keçəcəklər. Yasamal rayonunun Şərifzadə küçəsini demək olar ki, daha çox avtomobillər, banklar , tikinti şirkətləri, simsiz rabitə operatorlarının reklamları “bəzəyir”. Yenə də Qarabağ unudulub. Mətbuat prospektində də buna bənzər, yağların, hətta pamperslərin, mənzillərin reklamından başqa Qarabağa aid bir söz belə rast gəlmədik. Bir sözlə , hər kəs ona lazım olan reklamı yerləşdirib. Hansısa küçədə Qarabağı təbliğ edən bir lövhəyə , bir reklama rast gəlmək ümidi ilə gəzdiyimiz küçələrdə restoranların ,kafelərin, barların adından başqa Qarabağı xatırladan plakat , şüar, rolik yox idi. Haqqlı bir sual yarandı: Doğrudanmı
Qarabağıla bağlı bir plakat reklamını yerləşdirmək üçün maddi imkan çatmır?! Reklamların yerindən asılı olaraq qiymətlərə nəzər salsaq görərik ki, bu elə də əlçatmaz deyil. 290, 300 , 360 ,400,500, olsun elə 1000 -1500 manat. Axı Qarabağ haqqında pafosnan danışanların əksəriyyəti bu pulları bir gecədə restoranlarda hansısa göbək atan xanımlara xərclədiyini yaxşı bilirik. Əlbəttə pul çoxdur, çatmayan sadəcə milli təəssüfkeşlikdir. Bildiyimizə görə Bakı şəhərində reklamların yerləşdirilməsi və tərtibatı işinə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir.Amma bizim özümüzün vətəndaşlıq mövqeyimiz , Qarabağsevərliyimiz bəs harda qaldı?! Görəsən Qarabağ uğrunda canlarından -qanlarından keçən qazilərimiz, Qarabağ əlilləri, veteranlar buna necə baxır, onlar bu laqeyidliyə, biganəliyə necə dözürlər?!
“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov əvvəlcə Qarabağ qazilərinin, keçmiş döyüşçülərin həyat şəaraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən müəyyən addımların atılmasına baxmayaraq , həlli vacib xeyli problemlərin qalmasını söylədi. “Qarabağ qazilərinin, şəhid ailələrinin problemi çoxdur! Azərbaycanda Qazilərə, şəhid ailələrinə qarşı məmur özbaşınalığı,biganəliyi davam edir. Təbliğatın zəfliyini də dana bilmərik. Biz müharibə şəraitində yaşayan ölkəyik. Əslində elə ölkəyə girişdən, hava limanından başlayaraq yolboyu Qarabağla bağlı reklamlar ,plakatlar olmalıdı. Ölkəmizə gələn xarici vətəndaşları bizdən əvvəl həmin plakatlar məlumatlandırmalıdı . Gələn qonaqlar Ermənistanın işğalçılığını, təcəvüzkarlığını əks etdirən plakat və şüarlardan bilməlidir. Eləcə də niyə bu torpağın uğurunda canlarından keçən qəhrəmanlarımızı biz də təbliğ etməyək,qonşu ölkələrdən Türkiyədən ,İrandan ,elə düşmən Ermənistandan nümunə götürsək yaxşı olmazmı? Biz təbliğatımızın zəifliyinə görə 25 ildir ki, işğal faktını dünya dövlətlərinə yetərincə tanıda bilmirik! Təxminən Azərbaycanda 100-ə qədər reklam şirkəti var. Yaxşı olar ki, Bakı Şəhər İcra Hakimiyyəti onların böyük əksəriyyətindən yararlanaraq gəlir əldə etsin, heç olmasa bir neçəsidə Qarabağın təbliğatına sərf etsin.Axı övladlarımızın vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından və eyni zamanda şəhərimizə gələn qonaqların bizim Qarabağ problemimizdən xəbər tutması baxımından bunun vacibliyini hamı yaxşı dərk edir. Düşünürəm ki ,bu məsələ ilə bağlı müvafiq icra orqanları ,xüsusən də Bakı Şəhər İcra hakimiyyətinin reklam departamentinin qarşısında çox ciddi tələb qoyulmalıdı”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı : “Qarabağ haqqında reklam təbliğatının çox zəif olması bizi də narahat edir.Nəinki Bakı şəhərində ,eləcə də respublikamızın hər yerində müxtəlif məzmunlu , həm torpaqlarımızın işğaldan azad edilməsinin vacibliyi , döyüşə ,müharibəyə çağırışla bağlı, həm də işğalçılara qarşı nifrətlə bağlı plakatlar olmalıdır. Bir neçə dəfə biz bunun üçün cəhd göstərmişik və müxtəlif reklam agentliklərinə müraciət etmişik.Amma məsələnin maliyyə tərəfi yüksək olduğuna görə istəyimizə çata bilmədik. Bəzən bizə təklflər olunur ki, özümüz plakatlar hazırlayıb istədiyimiz yerə vuraq ,amma yaxşı bilirik ki, onları bir-iki gündən sonra söküb atacaqlar. Qarabağ Azərbaycanın tacıdı ,bunun təbliğatı da dövlət səviyyəsində olmalıdır. Təssüf ki, bu istiqamətdə təbliğatımız çox zəifdir”.
Elman Bayramov ,Qarabağ veteranı: “Minlərlə şəhidimiz, on minlərlə əlil olanlarımız var. Elə mənim elim-obam Kolanıdan yüzlərlə şəhidlər, əlillər var. Cəmiyyətimizdəki bu soyuqqanlığı, biganəliyi görəndə xəcalət çəkirəm. Paytaxtımızda iki metrdən bir gözümüzə girən , üstümüzə yeriyən, insanı səbirdən çıxaran it-pişik yeməkləri, içki , qumar, açıq-saçıq geyimlərin reklamlarına rast gəlirik. Bu hansı mənəviyyata, əxlaqa sığar?! Qəhrəmanlığı, vətənpərvərliyi, yursevərliyi aşılayan hər hansı təşviqat vasitəsinə rast gəlmək mümkün deyil. Ötən ilin Aprelində Azərbaycan gənci düşmənə nəyə qadir olduğunu göstərdi. Niyə o şəhidlərin valideynləri hansısa küçədən keçəndə plakatlarda öz övladının portretinə , “Biz sənin uğurunda öldük ki, Sən yaşayasan Vətən!” şüarına rast gəlməsin və qəlbi qürurla dolmasın?! Təbliğatın qolları çoxdur, televiziya, radio, qəzetlər, ziyalılar, peşəsindən asılı olmayaraq hər birimiz bu cür təbliğat aparmalıyıq , hər birimiz bu gün qarabağlı olmalıyıq.
Cəmiyyətdə sanki bir soyuqluq var. Qarabağ adında bir faciəni, necə unutmaq olar?!. Bu heç bir vəchlə ağlagəlməzdir. Hanı bizim vətəndaşlıq borcumuz? Təbii ki, özbaşımıza hara gəldi plakat asıb, şüar yaza bilmərik ,amma vətənpərvərlik, Qarabağa sevgi aşılayan çağırışların ,reklamların yerləşdirilməsini birbaşa aidiyyatı qurumlardan tələb etməliyik”.
Monitorinq zamanı gördüklərimizdən və eşitdiklərimizdən sonra yurd-yuva itirmiş bir insan kimi, torpaq uğrunda savaşıb əlil olan 3 qardaşın bacısı kimi mənim də qəlbimdən qara qanlar axdı. Biz bacılar bütün bunlara görəmi qardaşsız qaldıq, analarımız buna görəmi sinəsi dağlı, gəlinlərimiz buna görəmi cavan yaşında dul qaldılar?! Uğrunda şəhidlərimizin qanı tökülən Qarabağa sevgimiz, sayğımız bu qədərdi?! Ən dözülməzi də odur ki, bu hal nəin ki, təkcə Bakıda, rayonlarda hətta düşmənlə üzbə-üz olan, hər gün atəş səsləri altında yatıb-duran, bir tərəfi düşməndə, bir tərəfi özümüzdə olan Ağdamda, Füzulidə, Tərtər, Bərdə, Yevlax, Goranboy rayonlarında da müşahidə olunur. Əvvəllər heç olmasa “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi çağırışlar var idi. İndi o şüarlara da rast gəlinmir. Görəsən bütün bunların anlamı nədir? Biz Qarabağdan əlimizi üzmüşükmü?
Qəlbimizi sıxan, bizi ciddi narahat edən suallarla Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti ilə telefon əlaqəsi yaratdıq. Bizi başqa bir nömrəyə yönəltdilər və həmin telefon nömrələrindən səs çıxmadı. Təbii ki, suallarımıza cavab verən olmadı…
Təklif edirik ki, Qarabağın təbliğatı, reklam şitlərinin hazırlanıb yerləşdirilməsi üçün məcburi köçkünlər onlara verilən yemək pulundan bir neçə manat toplayaraq bu vacib işə sərf etsinlər?! Ayrı çıxış yolu görsənmir?!
Zəkurə Quliyeva
“Qarabağ”