İşğal altında olan Qarabağda yerləşən düşmən hərbi hissələrindən birində əsgər yoldaşı tərəfindən öldürülən Hovhanes Harutyunyanın işi üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 14 sentyabr tarixində baş tutan məhkəmə iclasında ölən əsgərə ilkin tibbi yardım göstərən zabit ifadə verib.Erməni zabit hadisə yerinə çatarkən əsgər Mikayel onu görən kimi Hovhannesin özünü güllələdiyini bildirib.
İttihama görə, Mikayel Zakaryan əsgər yoldaşı Hovhanes Harutyunyanla mübahisə edərkən qəflətən ona avtomatla atəş açıb. Mikayel bundan əlavə əsgər Samvel Zeynalyanla da mübahisə edərək ona bir neçə yumruq zərbəsi endirib.
Hərbçi yoldaşının ölümündə təqsirləndirilən Mikayel Zakaryan həbs edilib, Samvel Zeynalyan isə sərbəst buraxılıb.
Vəkil Erik Beqlaryanın sözlərinə görə, Zakaryan özünü günahkar hesab etmir. Onun bildirdiyinə görə, hadisə öldürülən Hovhanes Harutyunyanın zarafatla Zakaryanın silahını götürmək istəyərkən baş verib.
Xatırladaq ki, Hovhanes Harutyunyan 17 mart 2017-ci il, saat 17:30 radələrində işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqeyində öldürülüb.