Moskvadan müəmmalı Qarabağ ismarışı – yenə “5 rayon” söhbəti...

Moskvadan müəmmalı Qarabağ ismarışı – yenə “5 rayon” söhbəti... backend

Kremlin “danışan dilləri”nə inanmaqmı? Rusiya Azərbaycanı “Cənubi Qafqazın pələngi” sayırsa, o zaman nədən konfliktin həllində “pələng”ə mane olur?

Dağlıq Qarabağ konfliktinin dinc yolla, ədalətli həll olunmasında sözsüz ki, beynəlxalq miqyasda aparılan təbliğati işlərin məxsusi rolu var. Nüfuzlu beynəlxalq təşkilatların, BMT və ATƏT-in, Avropa Şurası və İƏT-in, Avroparlamentin Dağlıq Qarabağa dair ədalətli qərar və qətnamələri öz yerində, sözsüz ki, dünya ictimaiyyətinin məsələ ilə bağlı dolğun məlumatlandırılması da az önəm daşımır.

Bu arada Moskvada “President-hotel”də Azərbaycan-Rusiya münasibətləri və Dağlıq Qarabağ probleminin mümkün həll perspektivlərinə həsr olunan maraqlı bir tədbir keçirilib. Xəbər verdiyimiz kimi, “Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda keçirilən və Rusiya Dövlət Duması və Azərbaycan Milli Məclisi deputatlarının, Rusiyanın və Azərbaycanın elmi-siyasi dairələrinin nümayəndələrinin və ekspertlərinin qatıldığı konfransın məqsədi iki ölkə münasibətlərinin hazırkı səviyyəsini və inkişaf perspektivlərini müzakirə etmək olub.
Konfransı giriş sözü ilə aşan rusiyalı politoloq və Avrasiya inteqrasiyası üzrə ideoloq, Kremlə yaxınlığı ilə tanınan Aleksandr Duqin Dağlıq Qarabağ kontekstində də bəzi diqqətçəkici açıqlamalar verib. Məsələn, Duqin deyib: “Bu gün Moskva-Bakı oxundan danışmaq ona görə vacibdir ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Böyük uğurlar əldə edib və sürətlə inkişaf edən ölkədir. Oturuşmuş, suveren, güc toplayan dövlətdir. İkincisi, İlham Əliyevin siyasətidir - hansı ki, son onillikdə böyük nəticələr verir. Əvvəllər bizim ölkələrimiz arasında sərin kimi görünən münasibətlər bu gün Rusiya-Azərbaycan strateji tərəfdaşlığına çevrilib. Prezidentlərin şəxsi münasibətləri burda böyük rol oynayır. Prezidentlər və dövlətlər yaxınlaşır, ancaq xalqlar bunu hiss etmir. Bu yaxınlaşma və strateji tərəfdaşlıq iki xalqın nümayəndələri arasında təmaslar vasitəsilə möhkəmlənməlidir”.

Qarabağ münaqişəsindən danışan Duqin konfliktin Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olduğunu söyləyib. “Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Və məncə, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir. Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır”, - politoloq vurğulayıb.

A.Duqin əmindir ki, Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir. Və regionda qüvvələr balansı dəyişir: “Bəli, Ermənistan Rusiyanın dostu və tərəfdaşıdır, ancaq bununla belə Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında o cümlədən hərbi sahədə yaxınlaşma baş verir. Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır”.

“Azərbaycan - bu gün Cənubi Qafqazın pələngidir və müstəqil suveren qütbə malikditr”. Musavat.com-un məlumatına görə, bunu da Duqin söyləyib. Onun sözlərinə görə, İlham Əliyevin siyasəti çox mühüm bəhrələr verib. “Əgər əvvəllər Azərbaycanla Rusiyanın münasibətləri sərin idisə, hazırda biz daha çox strateji tərəfdaşlarıq. Azərbaycanın beynəlxalq rolu sürətlə artır. Hamımıza məlumdur ki, Bakı Rusiya ilə Türkiyə arasında konfliktin nizama salınmasında böyük rol oynayıb. Rusiya-İran-Azərbaycan üçlüyünün də rolu artır”, - deyə rusiyalı analitik əlavə edib.

Image result for Duqin

Öz növbəsində Kremlə yaxınlığı ilə seçilən yazıçı-publisist Aleksandr Proxanov deyib ki, Azərbaycan bu gün regiona yeni baxışı müəyyən edir. “Azərbaycan özünün harmonik və harmoniyalaşdıran mövqeyini tapmağa nail olur. O, bu və ya digər ittifaqa meyl etmir. Azərbaycan Rusiya və Türkiyə, habelə Rusiya və İranla münasibətlərdə harmoniya rolunu üzərinə götürmək istəyir. Azərbaycan diplomatlarının yeni nəsli regionda problemləri uğurla həll edir, hansı ki, bu problemlərin həllindən bütün dünya asılıdır”.

*****

Rusiyanın tanınmış politoloq və ideoloqlarının dilindən Azərbaycanın ünvanına səslənən bu kimi sözlər bizə nə qədər xoş gəlsə də, əfsus ki, Qarabağ ixtilafının həlli üçün yetərli deyil. Çünki rəsmi Kreml hələ də münaqişənin həllinə ciddi şəkildə girişməkdə həvəsli görünmür - hərçənd, Duqin etiraf edir ki, münaqişə Bakı-Moskva geosiyasi oxunun güclənməsinə mane olur. Belədirsə, o zaman nədən Rusiya onun çözümünü tezləşdirmir - əlində unikal imkanlar ola-ola?!

Biz əlbəttə ki, Duqinin dilindən də səsləndiyi kimi, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını yüksək qiymətləndiririk. Ancaq eyni zamanda Kremlin Ermənistanı işğalçı kimi tanımaması və işğalçı ilə geniş siyasi-hərbi iş birliyində bulanaraq, onu hər cür himayə eləməsindən də məmnun deyilik.

Nəhayət, bizə Duqinin vurğuladığı kimi, işğal altındakı 5 rayon yox, 7 rayon və üstəgəl, Dağlıq Qarabağın işğalçı qüvvələrdən azad edilməsi lazımdır. 5 rayon məsələsi isə belə görünür ki, Moskvaya Qarabağ problemini hansısa mərhələdə dondurmağın qarşılığında Azərbaycanı da Avrasiya layihələrinə qoşmaq üçün lazımdır.

Odur ki, A.Duqinin Azərbaycana ünvanlı yuxarıdakı açıqlamalarını nə qədər xoş məram təzahürü kimi qəbul eləməyə çalışsaq da, sonadək bunu bacarmırıq. Onun Moskvanın adından səsləndiridyi yeni Qarabağ mesajları da eləcə. Hər halda Azərbaycan gerçəkdən də “Cənubi Qafqazın pələngidir”sə, o zaman nədən Moskva bu “pələng”ə Dağlıq Qarabağ ixtilafını hər hansı yolla həll edib öz ərazi bütövlüyünü bərpa eləməyə ona mane olur?

Sual əslində ritorik xarakterlidir. Çünki Duqin də, Kremlin digər “danışan dilləri” də yaxşı bilirlər ki, Moskva Bakı ilə münasibətlərdə olduğu kimi görünmür. Yəni Qarabağ məsələsi də daxil, münasibətlərdə səmimi deyil. Bu səmimilik olmayınca konfliktin həlli tezləşməyəcək. Demək, Rusiya-Azərbaycan əlaqələri də heç vaxt arzu olunan yüksək səviyyəyə qalxmayacaq.

musavat.com
Diaspora