Türkiyə iş adamları Cocuq Mərcanlı brendi ilə dünyaya məhsul ixrac etmək niyyətindədir

Türkiyə iş adamları Cocuq Mərcanlı brendi ilə dünyaya məhsul ixrac etmək niyyətindədir backend

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov deyib ki, torpaqlarımız işğal edilən zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxarmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olub.

Baş nazirin bildirib ki, bu gün artıq sakinlər geriyə qayıtdıqdan sonra Türkiyədən olan iş adamları Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanındadır və bu təşəbbüsləri yüksək dəyərləndirir. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri A. İ. Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib. Nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər. A. İ. Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Həmçinin məqsəd bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır: “Eyni zamanda burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq. Bununla da həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də rol oynayacaq. Bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır. Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib”.

Ə. Həsənov bu gün Cocuq Mərcanlıda olan hər bir tədbirin tarixi hadisə olduğunu və tarixə düşdüyünü vurğulayıb.
Diaspora