Məmmədyarov: Ermənistan silahlı qüvvələri bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır

Məmmədyarov: Ermənistan silahlı qüvvələri bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır backend

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonen ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf etdirilməsinin yolları müzakirə edilib, habelə konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olunub.

E.Məmmədyarov beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar müvafiq beynəlxalq təşkilatların, o cümlədən ATƏT PA-nın töhfəsinin və rolunun təqdir edildiyini bildirib.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Tərəflər parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edərək, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. K.Muttonen ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib. O, həmçinin multikulturalizm dəyərlərinin təşviqində Azərbaycanın rolunu təqdir edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspora