Cəbrayıl rayonunun işğaldan azad edilmiş Çocuq Mərcanlı kəndində ikinci mərhələdə 100 evin tikintisi sürətlə davam edir.
Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.K.Həsənov bildirib ki, kəndə qayıtmaq istəyənlərin sayı çoxdur: "Kənd əhalisindən çox sayda həm yazılı, həm də şifahi müraciətlər alırıq. İlkin olaraq 50 ailə kəndə köçürülüb. Yeni evlər hazır olduqdan sonra kəndə köçəcək daha 100 ailənin siyahısı dəqiqləşəcək və onların kəndə qayıtması təmin olunacaq".
İcra başçısı vurğulayıb ki, sentyabrın 15-də kənddə inşa olunan 96 şagird yerlik məktəb qapılarını şagirdlərin üzünə açacaq.
K.Həsənov əlavə edib ki, kənddə klub-icma mərkəzi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, poçt binası və digər zəruri sosial və infrastruktur obyektləri də inşa edilir.
İcra Hakimiyyətinin başçısı bildirib ki, Cocuq Mərcanlıda əkin sahələri ilə bağlı da müəyyən tədbirlər görülür, yəni meliorasiya, suvarma işləri də həyata keçirildikdən sonra əkin sahələri kənd əhalisinə veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.