Rusların hərbi hissəsinə daxil olan döyüşçülərimiz iki tankı oradan necə qaçırdılar? – SAVAŞ HEKAYƏSİ

Rusların hərbi hissəsinə daxil olan döyüşçülərimiz iki tankı oradan necə qaçırdılar? – SAVAŞ HEKAYƏSİ backend

Qarabağ döyüşçüsü, istefada olan polkovnik-leytenant Nazim Bayramov sosial şəbəkədə növbəti savaş xatirəsini paylaşıb. QAZİLER.AZ saytı həmin xatirəni təqdim edir:


“Bu gün, təəssüf ki, unudulub, ancaq 91-ci ilin sonlarında, 92-ci ilin birinci yarısında Azərbaycan könüllü döyüşçülərinin üç nəfərindən yalnız birində silah var idi. Təsəvvürünüzə gətirin ki, hətta dövlətin ilk yaratdığı Milli Ordunun 701-ci briqadasının döyüşçülərinin yarısı döyüşə silahsız girirdi, silahsızlar sursat daşıyırdı. Yanındakı döyüş yoldaşı yaralananda ya həlak olanda, onun silahı ilə döyüşü davam etdirirdi. Bu, kəskin silah çatışmazlığı şəraitində Azərbaycan gəncinin döyüş ruhunun təntənəsi idi.

1991-ci ilin sonlarından 1992-ci ilin mayına qədər-sovetlərdən qalan hərbi hissələr 15 may Daşkənd müqaviləsi əsasında Azərbaycana verilənə qədər, müxtəlif vətənpərvər dəstələr Azərbaycan ərazisində yerləşən sovet-rus hərbi hissələrinə və Azərbaycandan çıxarılan silah-sursat karvanlarına 20-dən artıq hücumlar və basqınlar etmişdilər.

Cəbhə xəttində olan qüvvələrimizin silah-sursat, hərbi texnika və ləvazimatlarla təchizatı ilə daim məşğul olan Nurəddin İsmayılovun Bozqurd dəstələri Qaraheybət, Badamdar, Biləcəri, Bakıxanov, Pirəküşkül qəsəbələrində və Qusar rayonunda, Bakının “Salyanski kazarma”da yerləşən sovet-rus hərbi hissələrinə və rusların Azərbaycandan çıxarmağa cəhd etdikləri hərbi karvanlara basqınlar həyata keçirirdilər. Belə hücumların birində, “QRU”-nun Piriküşküldə yerləşən xüsusi təyinatlı briqadasına basqın zamanı atışmada N.İsmaylov çoxsaylı güllə yarası almış və yalnız möcüzə və həkimlərimizin peşəkarlığı sayəsində sağ qalmışdı və əlil olmasına baxmayaraq Qarabağda gedən döyüşlərdə Bozqurd batalyonunun komandiri kimi iştirakını davam etdirmişdi.

OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) tərəfindən bu basqınları kəşfiyyatçı Eldar Orucov öz dəstəsilə həyata keçirirdi və onlar da xeyli sayda silah-sursat, 2 PDM, 2 BTR əldə etməyə müvəffəq olmuşdular. Mən üç belə basqın təşkil etmişdim: 5 fevral 1992-ci ildə Ağdamın Muradbəyli kəndində yerləşən istehkam hərbi hissəsinə, 14 mart 1992-ci ildə Bakının Qobu qəsəbəsindəki silah-sursat bazasına və 1 may 1992-ci ildə Bakının “Salyanski kazarma” hərbi hissəsinə. Əldə etdiyimiz silah və texnika ilə döyüşürdük.

Ermənilər 366-cı alayın zirehli texnikasından tam gücü ilə istifadə etməyə başlayanda qərara gəldim ki, nəyin bahasına olursa-olsun, bizə tank əldə etmək lazımdır. O zaman OMON-da xidmət edirdim. 1992-ci il martın əvvəlindən tank qaçırmaq məqsədi ilə məlumat toplamağa başladım. Tankların qaçırılmasını istisna etmək üçün Rusiya müdafiə nazirinin əmri ilə tankların hərbi hissələrdən tankodromlara və poliqonlara çıxışı qadağan edilmişdi. Daimi dislokasiya yerlərində- texniki parklarda- tankların akkumlyatorları və hava balonları çıxarılmış, yanacağı boşaldılmışdı. Boksların qabağı minalanmışdı. Azərbaycanda yerləşən tank hərbi hissələrindəki vəziyyəti öyrəndikdən sonra bir zaman hətta düşündüm ki, tankların qaçırılması mümkünsüzdü.
Bu zaman Qobu sakini, Aydın adlı cavan oğlandan məlumat aldım ki, Qobu kəndi yaxınlığında mərmi anbarının yanında tanklar var. Dostum, daha çox “Rıjıy Elçin” adıyla tanınan, rəhmətlik Həbib Babayevlə təcili Qobuya getdik.

Kəndin yüksəkliyindən mərmi anbarının qaravul binasının həyətində üç tank T-72B göründü. Tanklar döyüş növbəsində anbarın qaravulunu gücləndirmək məqsədilə və döyüşə tam hazır vəziyyətdə dayanmışdırlar, bu isə o deməkdi ki, onlar yanacaqla dolu və sursatla təhçiz edilmiş vəziyyətdədirlər. Deməli, tankları qaçırda bilsək, bizim üçün haradasa dayanıb, tankları yanacaqla doldurmağa ehtiyac qalmayacaqdı.

Biz ərazini gecə- gündüz müşahidə nəzarətinə aldıq. Anbar ərazisini qaravulun 5 postu qoruyurdu. Biz qaravulun zəif nöqtələrini axtarırdıq. Qaravul, hərbi hissə xaricində səyyar qaravul idi. Hazır qida hərbi hissədən termoslarda gətirlirdi. Qidanı özbək milliyətli aşpaz əsgər gətirirdi. Bundan istifadə etmək olardı. Aydın dedi ki, özbək əsgərlər kəndə mağazaya gəlib-gedirlər və o aşpazlardan birini tanıyır. Aydın bizi özbək aşpazla görüşdürdü. Özbək bizə məlumat verdi ki, qaravulun şəxsi heyətindən başqa qaravul binasının içərisində komandirləri mayor olan hava-desant qoşunlarından bir bölük yerləşir. Biz bilirdik ki, son zamanlar Azərbaycanda rus hərbi hissələrinə hücumlar müntəzəm hal aldığından, Rusiyanın mudafiə nazirinin əmri ilə hərbi hissələrin və qaravulların mühafizəsini möhkəmləndirmək üçün zabit-rəis komandanlığı altında, hava-desant qüvvələrindən əlavə bir bölmə ayrılırdı. Onlar binanı tərk etmir və aşpazın sözlərinə görə bronejileti əyinlərindən çıxartmırdılar. Binada qaravuldakılardan əlavə, gücləndirmə dəstəsı və zirehli gücləndirmə dəstəsınin rəisi- tank tağımının komandırı var idi. Onun özü binada, ekipajlar isə daima döyüş yerlərində-tankların içində döyüş növbəsində idilər.

Bu məlumatların əsasında biz planın hazırlanmasına başladıq. Plan iki əsas hissədən ibarət idi. Birinci hissə-aşpazı öz tərəfimizə çəkmək, onu qaravulun yeməyinə güclü yuxuverici maddə qatmağa razı salmaq, qaravul binasındakıları yuxaya verib, aşpazın açdığı qapıdan binaya daxil olaraq, orada olanları tərkisilah edərək, nəzarətə götürmək, ekipajları tankları tərk etməyə məcbur etmək idi. Planın ikinci hissəsi, tankları ələ keçirib, Ələtə qədər yolun hər iki tərəfində yerləşən rus hərbi hissələrini maneəsiz keçərək, Ağdama çatmaqdan ibarət idi.

Aşpazla söhbət etdik, iş bitdikdən sonra ona pul və vətəninə təhlükəsiz ötürülməsinə söz verdik. O, dedi ki, razı olar, amma onların “millətbaşçısı” var və onunla danışıb, məsləhətləşməlidir. Səhərisi gün biz “millətbaşçısı” ilə də görüşdük və o, bizə dedi ki, oradakı tankların mexanik-sürücüləri də onun yerliləridir. Söz verdi ki, “onlarla da söhbət edə bilər ki, bir şey olarsa yerlərindən tərpənməsinlər. Amma hadisədən sonra hərbi hissədə xidmət edən özbək əsgərlərin hamısını incidəcəklər, buna görə(cəmi 6 nəfər idilər) hamısını vətənlərinə göndərməmizi və bir milyon yarım rubl (15 min dollar) pul istədi. Biz razılaşdıq və aşpaza tapşırdıq ki, qaravula yemək aparanda baxıb, öyrənsin ki, qaravul rəisinin hərbi hissə ilə əlaqəsi saxlamaq üçün telefondan başqa əlavə rabitə vasitəsi varmı.

Pul üçün OMON-un komandiri Rövşən Cavadova müraciət etdim və planı ona danışdım. İlk dəfə, bir ay öncə, tank qaçırmaq fikrimi Rövşən müəllimə deyəndə, o demişdi ki, «nazirə özün cavab verəcəksən». Fevralın əvvəlində Ağdamdakı hərbi hissəyə basqına görə, nazirdən artıq bir şiddətli töhmət almışdım.

İş orasında idi ki, hər belə basqından sonra Rusiya Azərbaycan rəhbərliyinə öz narazılığını bildirirdi, rəhbərlik isə bizə deyirdi ki, “ruslar özləri bizə hər şey verəcəklər, bu cür basqın və hücumlar isə münasibətləri gərginləşdirir. Gözləyin, yaxınlarda verəcəklər.” Ancaq məsələ uzanırdı. Ermənilər artıq Xocalıda soyqırım törətmişdilər.

Bu dəfə Rövşən Cavadov dedi ki, sən dəlisən, bu ölümdür. Ancaq pulu verdi.

Əməliyat zamanı vəziyyətin gözlənilməz məcraya düşəcəyi hal üçün biz daha bir ehtiyyat planı hazırlamışdıq. Əməliyyatın keçirilməsi üçün OMON-çu yoldaşlarımdan könüllü dəstə seçdim. Bu, tankçı, eyni zamanda karate üzrə qara kəmər sahibi Mehman Həsənov, döyüşçülər Taleh Nəibov, Səxavət Hümbətov, Yuri Drobotov, radist-şifrəçi İlqar Quliyev, idman atıcılığı üzrə Azərbaycan çempionu, snayper Elman Həsənov və Rıjıy Elçin idi. Elçin OMON-dan deyildi.
Biz yuxu məhlulu əldə etdik, onu sınaqdan keçirdik və aşpaza verdik. Əməliyyatın keçirilməsini martın 13-dən 14-ə keçən gecəyə təyin etdim.

Martın 13-də biz iki UAZ-la Qobuya gəldik. Müşahidə noqtəmizdən gördük ki, qaravul yatmayıb, hərəkətdədir. Bu arzuolunmaz hal idi. Hər birimiz qəlbimizdə ümid edirdik ki, aşpaz öz işini dürüst görəcək. Lakin belə hal üçün daha riskli ehtiyyat planı hazırlamışdıq. Biz bir daha ehtiyyat planımızı və əməliyyatın bu vəziyyətdə bütün təhlükələrini göz önündən keçirtdik. Qaravulun sayı gücləndirmə bolmələri ilə birlikdə 37 nəfər idi, biz isə 8 nəfər idik. Bu, Xocalıdan sonra idi. Ona görə hər birimiz bilirdik ki, basqından sadəcə imtina edib, buradan elə-belə dönüb, getməyəcəyik.

37 nəfər qaravuldan 5 nəfər postlarda növbədə, 8 nəfər isə tankların içində idi. 5 qaravul əsgəri və 1 nəfər dəyişdirici serjantı gözləyib, postları dəyişmək üçün binadan qaravulun həyətinə çıxan zaman zərərləşdirib, tərkisilah etməyi planlaşdırırdıq. Beləliklə, qaravul binasının daxilində 18 nəfər (onlardan 3-çü zabit, 10 nəfər hava-desant bölməsinin və 5 nəfər qaravulun dincəlməyə hazırlaşan növbəsinin əsgərləri) qalırdı.

Gözlənilməz həmlə uğurun yarısıdı. Qaravulun hərəkətini müşaidə edərək, bir növbəni ötürdük və gələn növbədə bilavasitə əməliyata başladıq. Elmanı snayper tüfəngi ilə yüksəklikdə saxladıq ki, əməliyyat pozulsa, bizə atəş dəstəyi versin. Qalanlar hərəkətə keçdik. Tək-tək qaravulun binası tərəfə enməyə başladıq. Orada qaranlıq küncdə gizləndik. Elə dayanmışdıq ki, qaravul növbəni dəyişmək üçün binadan çıxanda arxaları bizə tərəf olsunlar. Elə də oldu.

Serjant silahını işlək vəziyyətə gətirmək üçün qaravul həyətindəki rəfin üstünə qoyduğu an, biz qaranlıqdan çıxıb, onlara silah diriyərək, cəld və səssiz hamısını tərkisilah etdik və dərhal binanın arxasına apardıq. Burada beş nəfərimiz onların şinellərini və papaqlarını geyindik. İki nəfərimiz, tərksilah edib, yerdə oturtduğumuz əsgərlərə nəzarət üçün qaldı. Biz isə dəyişdiricini qabağımıza salıb, getdik postları „dəyişməyə“. Gecə vaxtı gözətçi qüllədə dayanır, çünki postun təhvil-təslimi qüllədə keçirilməlidir. Lakin qaravul xidmətinin bu tələbi adətən pozulurdu. Dəyişdirici saatdarı soyadıyla çağırır, o isə qüllədən düşür, postu aşağıda təhvil verirdi. Biz, xidmətin bu boşluğunu bildiyimizdən, bundan istifadə etmişdik. Hər posta yaxınlaşanda, dəyişdiricini məcbur edirdik saatdarı uzaqdan çağırsın ki, o, dəyişilməsi üçün qüllədən düşsün. Həmin hərbi formanı geyindiyimizə görə saatdar bizi uzaqdan tanımırdı. Qüllədən düşəndən sonra isə artıq gec idi, o, düşürdü əlimizə və dərhal tərksilah olunurdu. Bu minvalla postların hamısından saatdarları çıxartdıq, gətirib qaravul binasının arxasında digərlərinə qatdıq. Bir nəfərimiz bunların üstündə nəzarət üçün qaldı. Əlbəttə onların üzərinə silah tuşlanmışdı, lakin izahedici söhbət də apardıq ki, onları öldürməyə gəlməmişik.

Bundan sonra serjantı özümüzlə götürərək, keçib, qaravul binasının qapısının sağında və solunda divara sıxılaraq, içəri həmlə etməyə hazır dayandıq. Serjant qapını döydü və gözlüyə baxdıqdan sonra içəridən qapını açdılar. Bu zaman Elçin irəlidə, biz içəriyə soxulduq. Hər birimiz aşpazdan öyrəndiyimiz binanın iç quruluşuna uyğun, öncədən təyin olunmuş otaqlara hücum etdik. Darısqallıq idi. Elçin və Səxavət cəld sağ otağa girdi və “desantnikləri” üzüüstə yerə qoyaraq, tərpənməmək əmri verdilər. Onlar eləcə bronejiletdə oturaraq və yarıuzanıqlı vəziyyətdə yuxulamışdılar və çevik hərəkət edə bilmədilər. Mehman və Yura oyaq növbənin otağına daxil oldular. Onlarda üzü üstə yerə qoyuldular. Mehman və Yura bir anda “piramidadakı” silahları sıyırdılar. Bunlarla eyni zamanda Taleh, İlqar və mən sol, şüşəli otağa girdik. Qaravul rəisi bizi gördüyü an, oturduğu taburetkanı təpiklə vurub altından yıxdıq və o, hərbi hissəyə xəbər vermək üçün “həyacan” təbili düyməsini basmağa çatdırmadı.

Biz bir anda hamını nəzarətə alıb, sakitliyə nail olduq və mən onlara gəlişimizin məqsədini izah etdim, hər biri olduğu yerdə dinlədi. Biz öncə əsgərləri dincəlmə otağında yığdıq, binanın arxasındakıları da onların yanına saldıq. İlqar qaravul rəisinin yerində əyləşib, müəyyən edilmiş zaman pauzaları ilə, “qaravulda hər şey qaydasındadı” siqnalını hərbi hissəyə ötürürdü. Qaravulun rəisi olan kapitanı, desant gücləndirmə rəisiola mayoru və tank bölməsinin komandirini- baş leytenantı orta otaqda sıraya düzdük. Onlara dedim ki, bu hadisənin onların xidmət və karyeralarına ağır zərbə vuracağını bilirəm və bunun üçün onlardan üzr istəyirəm. Lakin tanklar bizə Vətənimizin müdafiəsi üçün çox lazımdır və xahiş etdim ki, artıq hərəkətlərə yol verməsinlər. Tankların komandiri, baş leytenant Xaritonov kinayə ilə dedi ki, siz onsuz da uzağa gedə bilməyəcəksiz, sizi yolda yandıracaqlar. Xaritonova dedim ki, ekipajlara tankları tərk etməyi əmr etsin. O, cavab verdi ki, o, qaravulun gücləndirmə dəstəsinin rəisi- mayora tabedir. O zaman biz mayoru yanımıza alıb, tankalırn qarşısına apardıq və ekipajlara tankları tərk etməyə əmr verməsini tələb etdik. O, əvvəlcə bunu etmək istəmədi, lakin tapançanı başına dirəyəndən və qətiyətimizə əmin olandan sonra ekipajlara tankları tərk etməyi ciddi şəkildə əmr etdi. Ekipajlar tankları tərk edəndən sonra, zabitləri və əsgərləri(özbəklərdən başqa) pəncərəsiz olan dincəlmə otağına saldıq. Səxavətlə Taleh dincəlmə otağının qapısı qarşısında atəş açmağa hazır vəziyyətdə dayandılar.

Tankları işə salmağa başladıq, saat 1:40 idi. İkisini işə saldıq, ancaq biri işə düşmədi. Bu tankın mexanik- sürücüsü dedi ki, xarab olduğuna görə, bir ehtiyyat hissəsini aparıblar dəyışdirməyə.
Plana görə, Taleh, Səxavət və İlqar qalmalı və saxlanılanları 2 saat nəzarətdə saxlamalı idilər. Bu vaxt ərzndə tanklar saatda 35-40 km sürətlə 70-80 km məsafə gedərək, Ələtə qədər yol boyunca yerləşən rus hərbi hissələrini keçməli idilər. Sonra onlar bir UAZ-da özbəkləri götürüb, Bakıya qayıdacaqdılar.

Tankların birini mən, o birisini isə Mehman sürürdü. Mənim tankımda NSVT pulemyotu arxasında Drobotov, Mehmanın tankında isə Elman gedirdi.

Gecə saat 2-də tanklarla, Qobudan birbaşa təpələrin üstüylə magistral yola tərəf yönləndik. Magistralda Elçin ikinci UAZ-la bizi müşaiyət edir, təqib olunub-olunmamağımızı və qarşımızın kəsilib-kəsilmədiyini öyrənir, bizi işarələrlə məlumatlandırırdı. Biz dayanmadan sürətlə hərəkət edirdik. Hacıqabulu keçdikdə Elçin xəbər verdi ki, ardımızca iki, əsgər dolu URAL və bir UAZ gəlir. Lakin təibçilər Hacıqabula çatandan sonra geri qayıtdılar. Bu zaman biz artıq Kürdəmirə çatırdıq.

Kürdəmirin girişində bizi izdiham qarşıladı. Kürdəmirlilər bizə isti çay, pendir-çorək və soyutma toyuq verdilər. Baxamayaraq ki, bazar günü idi, artıq AzTV səhər saat 7-də tankların naməlum şəxslər tərəfindən qaçırılması və Ağdam istiqamətində hərəkət etdikləri haqqında məlumat veribmiş. Bu məlumat həm də gün ərzində «Vesti» və Rusiyanın başqa mərkəzi telekanallarında verilirdi.

Bizə Kürdəmirin polis rəisi Elxan İlyasov və Kürdəmir Xalq Cəbhəsinin sədri Telman bəy (təəssüf ki, soy adını xatırlamıram) yaxınlaşdılar və hər hansı bir yardıma ehtiyacımız olub-olmadığıla maraqlandılar. Mən dedim ki, biizim ardımızca gələnlər geri döndülər, lakin artıq hava işıqlaşır və çox ehtimal ki, helikopterləri qaldıracaqlar. Tankları bataqlıq, qamışlı yerə salıb, üstünü örtüb, gizlətmək lazımdı. Telman bəy dedi ki, qəbirstanlığın yanında belə bir yer var. O, toplaşmış camaata səslənərək dedi ki, kimin maşını varsa, hamı qəbirstanlıq tərəfə gəlsin. Biz şəhəri keçdik, sağa döndük, qəbirstanlığa yaxınlıqda, bataqlığa tərəf çox getmədən tankları saxladıq. Adamlar yığışıb el birliyilə qamışlarla tankların üstünü örtməyə başladılar. Çox keçmədən, tanklar görünmürdü. Birazdan iki helikopter Kürdəmirin üstündə fırlandı, ancaq bataqlığa tərəf çatmadan, geri döndülər. Mənim xahişimlə, Elxan İlyasov göstəriş verdi ki, tankları Ağdama aparmaq üçün bizə iki qoşqulu K-700 ayirilsın.

Elxan müəllimin iş otağından Rövşən Cavadovla telefonla əlaqə saxladım. O, bizi təbrik etdi. Şəhərə qayıdan uşaqlarımız səhər sübhdən Qobudan bir başa komandirin evinə gedib, ona vəziyyəti məruzə etmişdilər. Onlarla olan özbəklər və onların sözlərinə əməl etməmələri haqqında da danışmışdılar. Mən pulu uşaqlara vermişdim ki, sözlərini tutmadıqlarına görə özbəklərə danışılan məbləğin yalnız yarısını versinlər, qalanını komandirə qaytarsınlar. Hər ehtimala qarşı yol üçün pulun üstündən 200 min rubl götürmüşdüm. Ancaq Rövşən Cavadov bütün qalan pulu özbəklərə verib, onları vətənlərinə yola salmağı tapşırmışdı.

Bazar günü olduğuna görə rayonda yalnız bir qoşqu tapıldı. Tankın birini daymanla gecə Ağdama gətirməyi Mehmanla Elmana tapşıraraq, özüm Yura ilə, Elçinin UAZ-la müşaəti ilə ikinci tankla 1-2 saatdan sonra yola düşdüm. Ağdamda bizi OMON-un 1-ci bölüyünün döyüşçüləri və komandiri Tahir Quliyev qarşıladı. 360 km tankı sürəndən və son dərəcə psixoloji gərginlikdən sonra tankdan çıxmağa gücüm qalmamışdı. OMON-çular məni tankdan çıxartdılar.

Gecə ikinci tank da Kürdəmirdən Ağdama yollandı.

Biz xoşbəxt idik...”

Diaspora