BAMF BMT Baş Katibinə müraciət edib

BAMF BMT Baş Katibinə müraciət edib backend

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, Fond Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə etiraz əlaməti olaraq BMT Baş Katibi Antoniu Quterreşə müraciət ünvanlayıb.

Tövsiyyələri nəzərdə tutan ilkin hesabat hələ 2017-ci il iyunun 9-da komitəyə təqdim olunub. Tövsiyə müzakirədən, düzəlişin qəbul edilməsindən və yekun səsvermədən sonra 2017-ci il iyulun 5-də qəbul edilib.

Təklif edilmiş və qəbul olunmuş düzəlişlərdə Azərbaycanın haqq səsi açıq aydın boğulub. Tövsiyənin son variantı Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə real faktları təkzib edir və oxucunu çaşdırır.
Qəbul edilmiş tövsiyə beynəlxalq normalara uyğun olmadığı üçün və BMT-nin əsrin bir rübündən çox davam edən münaqişəyə dair rəsmi mövqeyini əks etdirmədiyi üçün yenidən ciddi və hərtərəfli baxılmağı tələb edir.
BAMF hesab edir ki, ictimai təşkilatlar, həmçinin müxtəlif strukturlar bu müraciətə qoşulmalı və 2017-ci il sentyabrın 12-də öz işinə başlayacaq BMT Baş Assambleyasının 72-ci sessiyasında Avropa Parlamentinin təklif etdiyi tövsiyəyə ədalətli qiymət verilməsinə dair çağırış etməlidir.

“Hörmətli cənab Antoniu Quterreş,

Biz Sizə Avropa Parlamenti tərəfindən 2017-ci il iyulun 5-də qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul olunması üçün təqdim edilən tövsiyələrə xüsusi diqqət yetirməyiniz üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından müraciət edirik. Əgər diqqət yetirsəniz, orada Azərbaycana qarşı ədalətsiz yanaşmanın olduğunu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gerçəkliyinin obyektiv əksini tapmadığını görəcəksiniz.
5 iyul 2017–ci ildəki tövsiyədə Avropa Parlamenti xatırladır ki, AB qlobal miqyasda qərarların qəbul edilməsində effektiv təsiretmə gücünə malik olan, sülh və təhlükəsizliyin təmin olunması, insan hüquqlarının müdafiəsi, demokratiya və hüququn aliliyi prinsipinə əsaslanan beynəlxalq nizamın inkişafına təşviq edən Birləşmiş Millətlər Təşkilatının yaradılmasında mühüm rol oynamalıdır.
Qətnamədə deyilir ki, Şərqi və Cənubi Qafqaz ölkələrinin, yəni Gürcüstan, Moldova və Ukraynanın müstəqilliyinə, beynəlxalq hüquq əsasında tanınmış sərhədləri və ərazi bütövlüyünə hörmət edilməlidir. O həmçinin beynəlxalq ictimaiyyəti israrla Krımın qanunsuz ilhaqının tanınmaması siyasətini yürütməyə çağırır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə qətnamə insan hüquqları və ərazi bütövlüyünə hörmət etmək, gücdən istifadə etməmək və bu ərazilərdə xalqların öz müqəddəratını təyin etməsində bərabər hüququn təmin edilməsinə çağırır.
Buna baxmayaraq, tövsiyədə 25 ildən çox Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarının, Dağlıq Qarabağ və ona bitişik 7 rayon da daxil olmaqla dövlətin 20% ərazisinin işğalı barədə heç bir məlumat verilmir. İşğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən təcili, tamamilə və qeyd sərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsdiq edilib. Həmçinin bu sahədə 1993-cü ildə BMT Baş Assambleyasının “Azərbaycanın qaçqın və məcburi köçkünlərə beynəlxalq səviyyədə yardım edilməsi” başlıqlı 48/114 saylı, 2006-cı ildə sentyabrın 7-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 60/285 saylı və 2008-ci il martın 14-də “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı A/RES/62/243 saylı qətnamələri ilə də təsdiq olunub.
Münaqişə başlayan vaxtdan Azərbaycanın minlərlə günahsız vətəndaşı Ermənistanın xüsusi qəddarlıqla törətdiyi işğalçı siyasətindən zərər çəkib. Təkcə 1989-cu ildə sovet ordusunun köməyi ilə 270.000 azərbaycanlı Ermənistandan deportasiya edilib. Bu vaxt Dağlıq Qarabağın özündə yalnız bir neçə on min erməni yaşayırdı. Ərazi baxımından Dağlıq Qarabağ işğal edilmiş 7 rayonun hər birindən kiçikdir. Ermənilər Dağlıq Qarabağda bir neçə min ermənini öz müqəddəratını təyin etmək hüququnu müdafiə etdikləri vaxtda Azərbaycanda 30 ilə yaxındır ki, erməni işğalı və hərbi əməliyyatlarının nəticəsində öz yurdlarından didərgin düşmüş 1,2 milyon qaçqın və məcburi köçkün əziyyət çəkir. 8 nəfərdən biri qaçqın və ya məcburi köçkündür. Bu dəhşətli haldır.
2015-ci il iyunun 16-da Avropa İnsan Haqqları Məhkəməsinin (AİHM) “Çıraqov və Ermənistan əleyhinə digərləri” işi ilə bağlı qərarını bəyan edib. Qərarda deyilir ki, Dağlıq Qarabağ, Laçın rayonu və digər ona bitişik ərazilər hazırda işğal altındadır. Məhkəmə 2011-ci il dekabrın 14-də qəbul etdiyi qərardan çıxardığı nəticəni təsdiq edib. Bu qərara görə “DQR” nə ölkələr, nə də beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hqüquqlu dövlət kimi tanınmır. Belə olan halda AİHM böyük səs çoxluğu ilə bu rejimi inkar edən və etnik təmizləmə və beynəlxalq hüququn digər əsas normalarının ciddi şəkildə pozulması kimi kədərli praktika ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş güc tətbiq edilməsi nəticəsində yaranmış vəziyyətin legitimliyini qəbul etməyən beynəlxalq ictimaiyyətin mövqeyini təsdiqlədi.
Münaqişə dövründə erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdə bütün kəndləri, çoxlu sayda abidələri və mədəni irsi xüsusi qəddarlıqla dağıdıb, bu zaman dinc əhalini xüsusi amansıızlıqla qətlə yetirib. Təqribən 900 məntəqə, 150.000 ev, 6.000 sənaye və kənd təsərrüfatı müəssisəsi, 1.000.000 hektar əkin sahəsi erməni silahlı qüvvələri tərəfindən dağıdılaraq məhv edilib. Boşaldılmış torpaqlar artıq bir neçə onillikdir ki, istifadə edilmir və atılmış vəziyyətdədir. Bu 21-ci əsrdə qorxunc ekoloji durumdur.
Artıq 3-cü onillikdir ki, Azərbaycan xalqının bütün istəkləri bu münaqişəsinin ədalətli və tez bir zamanda həll olunmasına yönəldilib. Insanlar işğal altında olan evlərinə qayıtmaq istəyir. Hər gün cəbhə xəttinə yaxın kəndlərdə yaşayan dinc sakinlər erməni tərəfinin mütəmadi hərbi təxribatı nəticəsində öldürülmək qorxusu ilə yaşayırlar. Qeyd etmək lazımdır ki, cəbhə bölgəsində erməni tərəfinin mülki əhalisi yoxdur, Azərbaycanın cəbhə boyu rayonlarında isə dinc əhali yaşamağa davam edir. Onlar tez-tez erməni qüvvələrinin hədəfinə çevrilir. Bu halda konfliktə donmuş demək olarmı?
Sülhün bərqərar olması üçün biz münaqişənin real faktları və əsas təcavüzkarın kim olduğunu deməliyik.
80-ci illlərin sonunda münaqişə başlayandan dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kifayət qədər diqqət ayırmayıb və ola bilsin ki, məhz bu səbəbdən buna bənzər digər münaqişələr Moldova, Gürcüstan və bu yaxınlarda isə Ukraynada baş verib.
Birtərəfli və qərəzli yanaşma vəziyyəti heç vaxt dəyişməyəcək, əksinə daha da dərinləşdirəcək.
Aydındır ki, bu məsələdə beynəlxalq hüququn normaları deyil iri dövlətlərin maraqları rol oynayır. Əks halda heç vaxt bu qədər insanın həyatına son qoymuş konfliktə belə münasibət olmazdı. Təcavüzkarın adı və işğala məruz qalmış tərəf ucadan deyilməli, “münaqişənin tərəfləri” ifadəsi altında gizlədilməməlidir.
Avropa parlamentinin Şurasına gəldikdə isə biz, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondu bu sənədin həqiqəti əks etdirmədiyini və BMT-nin artıq çoxdan dağlıq Qarabağa dair qəbul etdiyi faktları açıq şəkildə inkar etdiyini diqqətə almanız üçün sizə etiraz məktubu ünvanlayırıq. Bu təşkilatda çalışanların əksəriyyəti 25 ildir ki, münaqişədən əziyyət çəkmiş və bu tövsiyədəki ədalətsizliyi ürək ağrısı ilə qarşılayan, sizin dəstəyinizə ümid edən qaçqın və ya məcburi köçkünlərlərdir.

Hörmətli cənab Antoniu Quttereş ,

Çox xahiş edirik tövsiyəyə ciddi nəzər yetirəsiniz. Biz sizin münaqişələrin dinc yolla həll edilməsi və bütün dünya ilə əməkdaşlığa dair siyasətinizi dəstəkləyirik. İnanırıq ki, siz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə bilirsiniz. Buna görə də təkidlə Sizdən qəbul edilmiş tövsiyəyə xüsusi diqqət yetirmənizi və ədalətsizliyə yol verməməyi xahiş edirik. BMT bütün tərəflər üçün ədalətli tövsiyə vermək üçün faktları qiymətləndirərkən ədalətli olmalıdır.

Sağ olun”

Hörmətlə
Beynəlxalq Avrasiya Mətbuat Fondu

Diaspora