“Şəhidlər Xiyabanında Aprel şəhidlərinə abidə ucaldılsın“ - Şəhid anası

“Şəhidlər Xiyabanında Aprel şəhidlərinə abidə ucaldılsın“ - Şəhid anası backend

"Hamımızın ürəyi xəstədi, dövlətimizin bizim müayinə olunmağımız üçün Səhiyyə Nazirliyinə göstəriş versin” “O, qızı gəlin köçürəcəm...”

“Məzuniyyətə gələndə nişanlandı. Dedi ki: “Gedim – gəlim sonra Türkiyəyə magistratura oxumağa gedəcəm nişanlımla”. Amma qismət olmadı. Fikriləşdirdim ki, o Türkiyədə oxusa, biz onu görməsək darıxacağıq. İndi elə oldu ki, onu görmək heç cür mümkün deyil” – deyir şəhid Tural Dadaşovun atası Sabir dayı.

Birlikdə binanın dördüncü mərtəbəsinə qalxırıq. Bizi şəhidin nənəsi Svetlana xanım qarşılayır. Əyləşib masa arxasında söhbətə başlayırıq. Şəhidin atası Sabir Dadaşov hər gün Turalın məzarini ziyarət edib sonra işə getdiyini deyir. Gileylənir:

“Bizə bir söz desinlər bilək ki...”





“Xidmət elədiyi hərbi hissədən hələ ki, bir adam bu evə gəlməyib. Gələn ancaq dostları və siz media işçilərisiniz. Tural 210 saylı orta məktəbi bitirdi. Sonra İqtisadiyyat Universitetinin kommersiya fakulitəsinə qəbul olundu. Dedim ki, ödənişsiz fakulitəyə qəbul olunsan, sənə maşın alacam. Elə də oldu. Gecə - gündüz oxudu və ödənişsizə düşdü. Mən də Turala maşın hədiyyə etdim. Dörd il universitetə elə o maşınla gedib – gəldi. Tural ötən ilin iyul ayında hərbi xitmətə yollandı. Bir neçə gün Gəncədə, sonra isə Ağdamın Xındırıstan kəndinə getdi. And içmə mərasimində yanına getdik. Hərbi hissələrə bölünəndə Tərtərin Marquşevan kəndinə yollandı və orada xidmətə başladı. Yanına gedib – gəlirdik. Çox vaxtdı da zəng vurub deyirdi ki: “Nəyə gəlirsiniz? Hər şey yaxşıdı. Tez – tez gəlməyin yanıma”. Axırıncı dəfə martın 28 – də danışdıq. Dedi ki: “Biz Mingəçevirə təlimə gedib – gəlirik. Ona görə 10 – 15 gün zəng vura bilməyəcəm, məndən narahat olmazsınız. Aprel döyüşlərində Turaldan xəbər tuta bilmədik. Heç ağlıma da gəlmirdi ki, belə bir şey ola bilər. Aprelin 8 – də evə xəbər gəldi ki, Tural şəhid olub. Tural aprelin 1 – dən 2 – nə keçən gecə şəhid olub. Onlar bir neçə döyüşçü yoldaşı ilə neytral zonada qalıblar. Aprelin 8 – də onların meyitini o ərazidən götürmüşdülər. Bizə Turaldan heç bir söz demirlər. Biz bilmirik ki, Tural necə şəhid olub. Bizə bir söz desinlər bilək ki, oğlumuz necə şəhid olub”.

Söhbətin bu yerində şəhidimizin anası Kəmalə xanım evə gəlir. Elə söhbətimizi onunla davam etdiririk:

“O qızı gəlin köçürəcəm...”









“Yeddi il yarım uşağımız olmayıb. Tural mənim yeddi ildən sonra dünyaya gələn ilk övladım idi, onu çox qoruyurdum. Amma, müharibədən qoruya bilmədim. Biz Turaldan sonra dərmanla qalırıq. Biz onsuz da heç vaxt düzəlmərik. Turalı nişanlamışdım, arzularım var idi, amma qismət olmadı. Nişanlısı hər dəfə bizə gəlir. O, bizi atıb getmədi, həmişə yanımızda oldu. Bir yerdə tələbə yoldaşı olublar. O, qızı gəlin köçürəcəm. Bir – birilərini sevirdilər. Ağlıma gəlməyən vaxtda getdi Tural. Ata – oğul dost kimi idilər evdə. Mənimlə də çox zarafat edirdi. Tural çox səliqəli idi, abırını qoruyan uşaq idi. Tural şəhid olan günü həyətimizdə 10 min adam var idi. Əsgərlikdə olanda deyirdi ki: “Ana, ayaqqabılarımın şəklini çək göndər mənə”. Kaş ki özüm öləydim, Turala bir şey olmayaydı. Çünki çox cavan getdi. Turala deyirdim ki, səni on ilə tapmışam, heç olmasa toyda oyna ürəyim açılsın. Amma, o utanırdı. İndi nişanlısını Tural apardığı yerlərə aparıb gəzdiririk. Turalın tabutunu götürəndə çətinlik çəkdi hərbçilər. Dedim ki, nə oldu, gücünüz çatmadı? Əsgər üzümə baxanda gözlərindən yaş axdı. Mənim dövlətimizdən istəyim odur ki, Şəhidlər Xiyabanının yaxınlığında Aprel şəhidlərinə abidə ucaldılsın. Ölkəmizə gələn qonaqlara və gənclərimizə göstərsinlər ki, aprel müharibəsindəki qəhrəmanlarımız bunlardı. Biz şəhid valideynlərini bir yoxlatdırsınlar heç olmasa. Hamımızın ürəyi xəstədi. Dövlətimizin bizim müayinə olunmağımız üçün Səhiyyə Nazirliyinə göstəriş versin”.

Söhbətimizə şəhidimizin nənəsi Svetlana xanım qoşulur:

“Aprelin 8 – i bizə düşmədi...”





“Tural mənim ilk nəvəm idi. Onu mən böyütmüşəm. Şəhid olmamışdan on gün əvvəl yuxuda gördüm ki, Tural beş yaşındadı. Gözü – gözümə baxır nə hə deyir, nə də yox. Tural gözüm görə - görə mənə heç nə demədi və qaranlıqda suyun içində batıb dərinliyinə getdi. Yuxudan durub ağladım. Amma yuxumu heç kimə demədim. Aprelin 8 – i bizə düşmədi. Təsəvvür edin ki, aprelin 8 – də həyat yoldaşım rəhmətə getdi. Turalın kiçik qardaşı Fərid də aprelin 8 – də doğulub. Biz ona ad günü keçirə bilmirdik. Bu yandan da Tural aprelin 8 – də şəhid oldu”.

Turalı kiçik qardaşı Fərid də yuxuda görüb. Fərid indi hiss edir nə qədər tək olduğunu:

“Əli - əlimdən sürüşdü...”



“Yuxuda gördüm ki, Tural suda boğulur. Əlimi atıb çıxarmaq istədim. Amma, əli əlimdən sürüşdü. Gündüz zəng vurdum ki, Tural səni yuxuda yaxşı görmədim. Qoy, gəlim dəyim sənə. Dedi ki: “Yox, gəlmə, lazım deyil. Mən yaxşıyam. Üstündən on gün keçdi və Tural şəhid oldu. Onunla bir nöqtəyə vurmuşuq həmişə. Aprel döyüşlərində ondan xəbər tuta bilməyəndə, dəli olmuşdum. Şəhərdəydim atam zəng vurub dedi ki, tez evə gəl. Gəlib biləndə ki, Tural belə olub çox sarsıldım”.

Sonda şəhidimizin ailəsinə başsağlığı verib oradan ayrıldıq. Allah şəhidlərimizə rəhmət eləsin.

moderator.az
Diaspora