Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərovun ad günüdür backend

İsgəndərov Əlabbas Qara oğlu - 20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində doğulmuşdur. O, Kolanı obasında qoçaqlığı, əyilməzliyi ilə ad-san çıxaran, hələ sovet dövlətinin kəshakəs vaxtında belə bu hökümətə arxa çöndərən, onun əlinə yaxa verməyən qaçaq Zallar Arazın yaxın qohumu idi.

O, orta məktəbi doğulduğu kənddə bitirmişdi. Yaşıdları arasında böyük hörməti var idi. Əlabbas 18 yaşının tamamında ordu sıralarına çağırılır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət təsərrüfatda çalışır. Zəhmətkeş, torpağa bağlı bir insan olduğunu nəzərə alaraq onu İcarə kollektivinə başçı seçirlər.

O, torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. 1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafiə dəstəsi yaradılanda ona ilk yazılanlardan biri də Əlabbas olur. Ə.İsgəndərov dəstənin ən igid, ən qorxmaz koşfiyyatçılarından hesab olunurdu. O, ən çətin tapşırıqları məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi.
1992-ci ilin fevralında bir ay mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməyi ilə boşaldılırdı. Axıra qalmış 40 nəfər döyüşçünün həyatını xilas etmək üçün vertolyotun kəndə enməsinə düşmən imkan vermirdi. Məhz Əlabbasın qəhrəmanlığı sayəsində həmin döyüşçülər gizli yollarla on gündən sonra hərbi hissəyə qayıda bildilər.

4 mart 1992-ci il... Ə.İsgəndərovun son döyüşü... Qazançı kəndi uğrunda döyüşlərdə mahir kəşfiyyatçı quldur yuvasına ilk od vuranlardan biri oldu... Ancaq bu döyüşdə o, qəhrəmancasına həlak oldu.
Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.


Diaspora