Brüsseldə yerləşən Avropa Siyasi Mərkəzinin (ASM) baş analitiki Amanda Paul Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycanın cəbhəyanı ərazilərinə təşkil etdiyi səfərdə iştirak edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondundan bildiriblər ki, iyulun 18-19-da BAMF Azərbaycanın təmas xəttinə yaxın ərazilərə səfər təşkil edib. Amanda Paul Özbəkistanın 11 tanınmış jurnalisti və yazıçısı ilə birlikdə müharibədən əziyyət çəkmiş Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Tərtərin Həsənqaya kəndinə gedib və orada yaşayan qaçqın və məcburi köçkünlərlə görüşüb.Səfərdən sonra təəssüratlarını Eurasia Diary bölüşən Amanda Paul deyib: “Onu deyə bilərəm ki, səfər çox xoşuma gəldi, çünki buna qədər heç vaxt cəbhə xəttində olmamışdım. Bu barədə ancaq oxuyub, yazırdım. Burada olmaq fərqli hissdir. Çünki münaqişəyə yaxın olduğunuzu hiss edir və bunun orada yaşayan insanlara necə təsir etdiyini görürsünüz”.
Amanda Paul səfərin digər iştirakçıları ilə birgə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də olub.
“Neçə illərdir öz doğma yurdlarına qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin buna nail olduqlarını görmək çox xoşdur. Aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi işğaldan azad edilib. Bundan sonra kəndin sakinlərinin öz doğma torpaqlarına qayıdışı mümkün olub. Azərbaycan hökuməti tərəfindən kənddə bütün lazımi infrastruktur yaradılıb. Burada inşa olunan məktəbdə, evlərdə hər cür şərait var. Uzun illərdən sonra doğma torpaqlara geri dönməyin müsbət psixoloji təsiri var”, - deyə Amanda Paul qeyd edib.
Amanda Paul, həmçinin Tərtər rayonunda yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (VTC) Peşə Təhsil Mərkəzində də olub.
Bu regionda Peşə Təhsil Mərkəzinin olmasının yaxşı təşəbbüs olduğunu bildirən analitik deyib: “Münaqişənin həll olunması bu regionun inkişafına müsbət təsir göstərərdi və ümid edirəm ki, bu tezliklə baş verəcək”, - deyə Amanda Paul bildirib.