"İşğal olunmuş ərazilərə səfər etmiş Avropa Parlamentinin deputatı Yaromir Ştetinanın Azərbaycana qarşı açıqlamaları milli və dini zəmində təfriqətçiliyin artmasına xidmət göstərir".
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Y. Ştetinanın ona qarşı açılmış cinayət işinə verdiyi şərhlərlə əlaqədar bildirib.“Ştetina Avropa parlamentinin üzvü olaraq erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərir və birtərəfli şəkildə erməni lobbisinin təbliğatını həyata keçirir. O özünün bu fəaliyyəti ilə regionda vəziyyətin gərginləşməsinə və münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində mane olacaq xidmətlər göstərir. Stalinizm dövrünə toxunan Ştetinaya bildirmək istərdik ki, Ermənistanda olan hakim rejim mahiyyəti və əməlləri ilə Stalin rejimindən daha qəddar və terrorçu təbiətə malikdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın törətdiyi qanlı etnik təmizləmə, Xocalı soyqırımı o cümlədən 4 iyulda azyaşlı qız və onun nənəsinin öldürülməsi bunun bariz nümunələridir”.
H. Hacıyev qeyd edib ki, Ştetina mənəvi çərçivələrdən kənar öz fəaliyyəti ilə rejimin təbliğatçısı qismində çıxış edir: “Törətdiyi bu kimi analoji əməllərə görə Ştetina üçün vətəndaşı olduğu Çexiyanın cinayət məcəlləsinə uyğun olaraq 10-18 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub”.
H. Hacıyev əlavə edib ki, Azərbaycan milli və beynəlxalq hüquqi, o cümlədən ikitərəfli, dövlətlərarası beynəlxalq hüquqi vasitələrdən istifadə edərək Y. Ştetinaya, Frank Engel kimi deputatlara qarşı zəruri hüquqi təqib addımlarını bundan sonra da davam etdirəcək.