Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanovun ad günüdür backend

Alıcanov Rafiq Cəfər oğlu - 11 iyul 1965-ci ildo Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən, Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil alır.


O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini başa çatdıran Rafiq, təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilir və öz ixtisası üzrə xidmətə başlayır.

1988-ci il... O, tez-tez Azərbaycandan həyəcanlı xəbərlər alır. Soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, ev-eşiklərinin talan edilib yandırılmasına dözə bilməyərək, 1992-ci ildə Vətənə qayıdır. Gənc zabitin hərbi təcrübəsini nəzərə alıb, onu Tovuz rayonunda yerləşən hərbi birləşmələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edirlər. Bir müddətdən sonra işini başqa yerə - Gəncə şəhərindəki 200 saylı hərbi hissəyə dəyişirlər. Onun şərəfli döyüş yolu Qazax , Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Kapitan rütbəsinə yüksələn Rafiq Alıcanov Füzuli bölgəsində gedən ağır döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində qəhrəmancasına həlak olur.
Ailəli idi. Bir qızı, bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Köçvəlli kəndində dəfn edilmişdir.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulmuşdur.
Diaspora